TOP 10

Urvatsız...

HƏQİQƏT ANI
Müəllif: Kamal Rza
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.

Yazıya şair Qabilin misraları ilə başlamağım əbəs deyil. Hələ bir il öncə futbolumuzun başbilənləri dünya çempionatının final mərhələsində oynamaq sevdasına düşmüşdülər. Seçmə mərhələnin startındakı uğurlu çıxış – cırtdan San-Marino və yalnız tarixi ilə öyünən Norveç üzərində qələbələr, əvvəlki gücündən uzaq olan Çexiya ilə səfərdəki heç-heçə onları eyforiyaya salmışdı. “Niyə də yox?” şüarı hazırlayan AFFA sanki futbolumuzun vəziyyətindən xəbərdar deyildi. Zəif qrupda yer almaq onları iştaha gətirə bilərdi, amma... Hər şey ortadadı. Robert Prosineçki ilə məlum konfliktdən sonra assosiasiya rəhbərliyi xorvatiyalını Bakıya gətirməkdə çətinliklərlə üzləşməyə başladı. Münaqişənin dərinliyi o həddə çatdı ki, Prosineçki heyəti baş-ayaq qoymağa başladı. Mövqelər də səhv tapşırılırdı, statr heyəti də əndrabadi olurdu, milliyə dəvət alanlar arasında da qəribə simalara rast gəlirdik. Yerimiz səhv düşəndə isə... Artıq alışdığımız 5-ci pillədəyik.

                                                                     ***

Azərbaycan – Çexiya matçının Bakı Olimpiya Stadionunda keçirilməsinin qərarının yanlış olduğu gün kimi aydın idi. Bu uğursuz kompleks ümumiyyətlə, futbol matçları üçün deyil. “Qarabağ”ın bir həftə əvvəl Çempionlar Liqasında “Roma” ilə matçında 60 mindən çox tamaşaçı toplaması heç kəsi aldatmasın. Çünki həmin gün insanlar məhz ÇL ləzzətini yaşamağa gəlmişdilər, ancaq təbiətin müdaxiləsindən sonra qeybə çəkilən vəd edilən avtobuslar yenə də bahalı avtomobillərə öyrəşən “əmiləri”n “qara camaat”ın güzəranından nə qədər bixəbər olduğunu ortaya çıxardı. Bəli, dünən əla hava var idi. Ancaq Bakı payızının şıltaqlığı hər kəsə məlumdu və azarkeşlər riskəı getməməkdə tam haqlı idilər. Nəticədə, biabırçı bir durumun şahidi olduq: arenada bu dəfə vur-tut 7-8 min insan var idi. Ölkənin əsas yığma komandasının oyununa laqeydlik nədən irəli gəlir? Hətta hava şəraiti bu dəfə kifayət qədər münasib olsa da...

Nəticədən asılı olmayaraq yığmaya göstərilən laqeydliyə görə məsulliyyəti AFFA daşıyır. Oyunu BOS-a təyin etməzdən əvvəl onlar yaxşı düşünüb-daşınmalı, qarşılaşa biləcəkləri bütün çətinlikləri nəzərə almalı idilər. İndi bir neçə suala aydınlıq gətirək. “Qarabağ” – “Roma” matçının gedişində media tribunasının damı sanki yox idi.  Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev, yaxud mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyeva hansısa şəkildə üzrxahlıq etdilərmi, problemin aradan qaldırılması yönündə hansısa görülən iş barədə mediaya bilgi verdilərmi? Media tribunasından söz düşmüşkən, hanı söz verilən monitorlar?  Biz stadiona şouya baxmağa yox, işləməyə gəlirik. BOS-dakılar bunu anlamır, heç olmasa AFFA məmurlarından hansısa başa salsın ki, mediaya biganəliyin sonu heç də ürəkaçan olmur!

                                                                       *** 

Digər məsələ Rəşad Sadıqovla bağlıdı. Onu, kapitanı, Azərbaycan futbolunu son müstəqillik dövründəki ən yaxşı futbolçusunu, yığmanın rekordçusunu belə urvatsız yola salmağa dəyərdimi? Meydandakı lider bacarığı, göstərdiyi oyunla Rəşad millinin əvəzolunmaz liderinə çevrilmişdi. AFFA Rəşad üçün vida matçı təşkil etsə də, dünənki 90 dəqiqə futbolçunun adına layiq olmayan məcrada keçdi. Boş tribunalar, məğlubiyyət... İndi siz deyin, kimdir müqəssir?! AFFA, vəzifəsinin öhdəsindən gələ bilməyən Bakı Olimpiya Stadionunun əməkdaşları, Rəşad, yoxsa “Qarabağ”?..
18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB