İyulun 23-də Tokioda başlaması nəzərdə tutulan Yay Olimpiya Oyunları təxirə salına bilər. Sport24.az xəbər verir ki, bu barədə yarışın Təşkilat Komitəsinin baş direktoru Tosiro Muto keçirdiyi mətbuat konfransında məlumat verərək, koronavirus pandemiyasın görə bu addımı ata biləcəklərini istisna etməyib.

O, bildirib ki, son sutka ərzində Tokio-2020 ilə əlaqəli olan 10 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb: "Bununla da ümumi say 68-ə çatıb. Deyə bilmərik ki, yoluxma ilə bağlı durum necə olacaq. Sıçrayış olarsa, müzakirə aparacağıq. Razılığa gəlmişik ki, koronavirusla bağlı vəziyyətə görə beştərəfli görüş keçirə bilərik. İndiki halda yoluxma arta da bilər, azala da. Ona görə də artım olarsa, biz nə edəcəyimizi düşünəcəyik".

Xatırladaq ki, Tokio-2020-nin 23 iyul-8 avqustda keçirilməsi nəzərdə tutulub.