"Bütün Azərbaycan xalqını təbrik edirəm. Bu gün yer tutmaya da, birinci və üçüncü də ola bilərdim. Amma evdən çıxanda buraya qızıl medal üçün gəlmişdim. Bəzi idmançılar kimi kimisə gözdən salmıram". Sport24.az xəbər verir ki, bu sözləri Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan karateçisi Rafael Ağayev deyib.

75 kq çəki dərəcəsində çıxış edən idmançı bəzi idmançıların olimpiadaya gəzmək üçün gəldiyini bildirib: "Buna baxmayaraq, qızıl medal üçün gəlmişdim. Təəssüflər olsun ki, gümüş medal qazandım. Finalda hakim haqqsızlığı ilə üzləşdim. Vəhanələri sevmirəm. Olan oldu. Bu günə də şükürlər olsun. Allahıma "çox sağ ol" deyirəm. Fürsətdən istifadə edib, bütün xalqımı təbrik edirəm. Bu yolda mənəvi və fiziki cəhətdən kimlər mənim yanımda olubsa, onlara "çox sağ ol" deyirəm. Ölkəmizin prezidentinə təşəkkür edirəm. Hər zaman idmançılara qayğı göstərib. Federasiyamızın prezidenti Yaşar Bəşirova təşəkkürümü bildirirəm. Şəxsi müəllimim Füzuli Musayevə, yığmanın baş məşqçisi Qurban Tağıyev və ilk müəllimim Rafael Məmmədova da minnətdaram. Heç nəyi unutmaq olmaq. Bütün müəllimlərimi bağrıma basıram. Bu, tək mənim yox, bütün Azərbaycanın və türk millətinin qələbəsidir. Ruhdan düşmək olmaz. Bu gün axşam məşq edib, növbəti yarışa hazırlaşacağam".

Ağayev finalda uduzduğu italyan rəqibi Luici Buza ilə mükafatlandırmadan sonra görüşməməsinə toxunub: "Hər kəsə salam verirəm, düşmənim də olsa. Çox şeylər var ki, danışmaq istəmirəm. Bu gün uduzduğum idmançı pərdə arxasında elə hərəkətlər elədi ki…O qrupda qalırdı və ona yardım etdim. Danışığımız olmuşdu. Vurduğum zərbəni hakimlər saysaydı, başqa cür olardı. Xal üçün 5 hakimdən 4-ü xal açmalıdır, belə də olmuşdu. Amma qərar fərqli verildi. Onunla görüşmürəm, çünki buna layiq deyil. Dünyanın bir nömrəsi özüməm”.
 
36 yaşlı idmançı karyerası haqda da danışıb. O, 2025-ci ildə karyerasını bitirəcəyini deyib. Rafael karate məktəbi açmağı düşündüyünü vurğulayıb.