TOP 10

Yaroslav Dedayla "tet-a-tet": "Düşünürdüm ki, futbolla qurtardıq"

Futbol
Tarix: 2018-01-04 10:58

Yaroslav Deda. Kimlərsə artıq bu adı eşidib, bəziləri isə artıq gələcəyin ulduzu kimi oyunlarını izləyir. Ukraynalı forvard “Qarabağ”ın U-19 komandasında çıxış edir. Oyununu 3 dəfə izləmişəm. Atletik, taran üslubunda oynamağı sevən hücumçudu. Ukraynaəsilli olduğu üçün “ulduz xəstəliyi”nə tutulmaq ehtimalı minimumdu. Ciddi zədə üzüntüsü yaşamasa, olduqca parlaq gələcəyi var. Onunla görüşümüz ötən ilin axırlarına təsadüf etdi. Vətəni – Ukraynaya qayıtmaq ərəfəsində təbiətcə utancaq bu gənclə söhbətimiz zamanı futbola gəlişi, “Qarabağ”a keçidi, Ukrayna millisinə düşməməsinin səbəbləri, sevdiyi qız, Azərbaycan vətəndaşlığını qəbul etmək şansları barədə danışdıq.

 

-    “Qarabağ”a gəlişinin tarixçəsi necə alındı?
-    Zəng gəldi və Azərbaycana getmək variantının olduğunu bildirdilər. Bu, yeni bir çağırış idi. Maraqlı gəldi mənə.

 

-    Futbola gəlişini necə xatırlayırsan?
-    Məktəbdə daim həmyaşıdlarımla top qovardıq. Pis alınmırdı. Tədricən məktəb yığmamıza cəlb olunmağa başladım. 2012-ci ildə, 13 yaşım olarkən “BRV-VİK”ə dəvət olundum. İki ildən sonra “Volın”dan dəvət gəldi. Daha sonra ağır zədə aldım. Düşünürdüm ki, futbolla qurtardıq. Ancaq qayıda bildim. İndi isə “Qarabağ”dayam.

 

-    Ağdam təmsilçisi ilə müqavilə müddətin neçə illikdi?
-    4 illik. Hazırda hər şeydən razıyam.

 

-    Harda yaşayırsan?
-    Hələ ki, bazada qalıram. Yeni ildən sonra necə olacağına baxarıq.

 

-    Kiminləsə dostlaşmısan?
-    Komanda yoldaşlarımın hər biriylə xoş münasibətim yaranıb. Məni doğmaları kimi qəbul etdilər.

 

-    Gənclər Liqasında oynamaq hər kəsə nəsib olmur. Bu turniri necə xatırlayırsan?
-    Nə gizlədim, daha çox xal toplamaq istəyirdik və bunun üçün potensialımız da, şanslarımız da var idi. Ancaq hər şey hələ irəlidədi. Uğurlar da gələcək.

 

-    Qeyd etdin ki, daha çox xal toplaya bilərdiniz. Səncə, buna nə mane oldu?
-    Əlbəttə, rəqiblər güclü idi. Hansısa anda nələrisə düz etmirdik.

 

-    “Roma”yla səfər qarşılaşmanın sonuna 20 dəqiqə qalmış Rəşad Sadıqov səni cinaha keçirdi. Özünü vinger mövqeyində necə hiss edirdin?
-    Bu, mənim üçün yenilik deyildi. Mərkəz və cinah hücumçusu da, hücumameylli yarımmüdafiəçi də mənə yad mövqe deyil. Əsas odu ki, hücum xəttində yer alım, incəliklərin isə fərqi yoxdu.

 

-    Məşqçi məktəbləri arasında fərqi hiss etməmiş olmazsan...
-    Rəşad Sadıqovla işləmək xüsusi zövq verir. Ukrayna futbol məktəbindən fərq? İlk növbədə onu qeyd edə bilərəm ki, orda məşqlərdə bizi topa həsrət qoyurlar. Ancaq oyunöncəsi məşqdə top görürük. Fiziki yüklənmələr, qaçmaq, qaçmaq, qaçmaq. Azərbaycanda isə toplu məşqlərə üstünlük verilir.

 

-    Hər halda əsas komandanızın oyunlarını da, məşqlərini də görmüsən. İsinmə hərəkətlərini qoyaq kənara. “Volın” və “Qarabağ”dakı ümumi hazırlıq proseslərini müqayisə etsən, hansı daha çox ürəyinə yatır?
-    Birmənalı şəkildə “Qarabağ”. Əsas komandamızın futbolçularının top saxlamaq, oyuna nəzarət etmək bacarığına heyran qalıram. Çox usta futbolçularımız var. “Volın”da isə daha çox gənc uşaqlar toplaşıb. Əlbəttə, çalışırlar, amma hər şey alınmır.

 

-    “Volın”ın əsas komandasında çıxış etmiş Yaroslav Dedanı “Qarabağ”ın U-19 kollektivinin şərəfini qorumaq üzmür ki?
-    Kim dedi ki, U-19-da əbədi qalacam? Zamanı gələndə, məşqçilər şans tanıyanda əsas komanda üçün də yararlı olduğumu sübut etməyə çalışacam.

 

-    Azərbaycan vətəndaşlığı qəbul edəcəyinlə bağlı xəbərlərə münasibətini bilmək istəyərdik...
-    Bir neçə gün əvvəl məşqdən sonra Rəşad Sadıqov mənə belə bir variantın olduğunu bildirdi. Məşqçimizə dedim ki, birbaşa qərar verə bilmərəm. Evdə məsləhətləşdikdən sonra qərarımı açqlayacam.

 

-    Bəs, ürəyin nə deyir?
-    Açığı, özüm istəyirəm. Ukrayna millisinə niyə çağırmadıqlarını anlamıram. Daha aşağı yaş qruplarında olarkən dəvət alırdım. Ancaq U-19-un baş məşqçisi ilə aramızda soyuqluq var. Hər dəfə mənə deyir ki, səndən daha güclü uşaqlar var, yığmaya dəvət gözləmə.

 

-    Bəlkə hansısa tapşırığını yerinə yetirməmisən, söz qaytarmısan?
-    Xeyr, münaqişəyə meylli insan deyiləm. Başımı sallayıb futbolumu oynayıram. Əlbəttə, hansısa tapşırığı ideal yerinə yetirməyə bilərəm. Bu, istənilən futbolçuda belədi. Ancaq heç vaxt məşqçinin üzünə ağ olmamışam.

 

-    Azərbaycan mətbəxi...
-    Çox çətinliklə alışdım. Təqribən 1 ay əziyyət çəkdim. İndi hər şey yeyirəm. Bazadan kənarda? Yapon mətbəxindən suşini bəyənirəm. Hə, bir də eşitmişəm ki, möhtəşəm kabablarınız olur. Ancaq hələ dadına baxmamışam.

 

-    Nişanlını Bakıya gətirməyi planlaşdırmırsan?
-    Ali təhsil alır. Universiteti bitirdikdən sonra toy edəcəm və onda Bakıya gətirmək də olar.

 

-    Qayıdaq yaşıl meydana. Meydanda ən çox nəyi sevirsən?
-    “İkinci mərtəbə”də mübarizə aparıb topu udmaq və hücumu davam etdirməyi çox sevirəm.

 

-    Yəqin gözlənilmədən zərbə almağı sevmirsən?
-    Bu da futbolun ayrılmaz hissəsidi. Sən qol vurmağa çalışırsan, müdafiəçi bunun qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə edir.

 

-    Heç qırmızı vərəqə almısan?
-    Ukraynada olub bir dəfə. Müdafiəçi altdan-altdan hər mübarizədə ayağıma vururdu, hakim isə bunu görmürdü. Səbrim tükəndi və açıq şəkildə rəqibimi vurdum. Yaxşı hərəkət etməmişdim...

 

-    Ukrayna və Azərbaycan hakimlərini müqayisə etsək..?
-    Orda da, burda da fit çalınır. Fitsiz mümkün deyil (gülür).

 

CEYHUN ƏLİYEV
 

17 Yanvar 2018
16 Yanvar 2018
B.eÇ.aÇC.aCŞB