TOP 10

“Zirə” nümunəsi, Abbasov fərqi

Futbol
Tarix: 2018-01-03 14:04

Qiş fasiləsinin ən səs-küylü transferi Təmkin Xəlilzadənin “Qəbələ”yə keçidi oldu. “Zirə”nin lideri, qəsəbə təmsilçisinin uğurlarında əvəzsiz pay sahibi olan cinah oyunçusu Ayxan Abbasova son xeyrini dövrələrarası fasilədə verdi. Onun keçidinin qarşılığında “Zirə” 100 min manat və Tellur Mütəllimovu qazandı.

 

İlk baxışdan udan tərəf “Qəbələ” oldu. Mütəllimov cari mövsümün ilk yarısında özünə bənzəmədiyi, əsas heyətdəki yerini itirdiyi bir halda son ilyarımın ən çox müzakirə olunan oyunçularından biri – Xəlilzadə “qırmızı-qaralar”ın sıralarına qatıldı. Ancaq biz məsələyə tam fərqli prizmadan yanaşmağın tərəfdarıyıq.

 

“Zirə”nin baş məşqçisi potensial gördüyü gənc futbolçuları komandasının rənglərinə qatır və müəyyən müddət şans verir. Qalanı futbolçunun özündən asılıdı. Məsələn, “Qarabağ”da əsas heyətə düşməkdə çətinlik çəkən Cavid Tağıyev. Abbasov ona şans vermək istəsə də, yarımmüdafiəçi bundan istifadə edə bilmədi. Başqa sözlə, mütəxəssis futbolçunun potensialını açmaq istəsə də, bu sevda baş tutmadı. Ancaq Təmkin ona verilən şansdan yararlandı və komandasından ayrılanda da 100 minlik dividend gətirdi.

 

Ayxan Abbasov dayandımı? Əsla! Gənc mütəxəssis indi yeni ulduzların yetişməsi üçün çalışacaq. 

 

Vüsal İsgəndərli – bu ada hardasa rast gəlmişdiniz? Ancaq İsgəndərli qazandığı hər şansdan maksimum faydalanır. Qalır işinə məsuliyyətlə yanaşması. Belədə, “Zirə”də əsas fiqura çevriləcəyi gün uzaqda olmayacaq. Təmkin Xəlilzadə nümunəsi isə onun üçün mayak obrazında çıxış edə bilər. Əlbəttə ki, Cavid Tağıyev karyerasını da göz önünə gətirmək şərti ilə.

 

Daha bir şanslı fiqur Tellur Mütəllimovdu. İstedadlı müdafiəçi “Qəbələ”dəki mövqeyini itirməklə, gələcək karyerasını şübhə altına atıb. Ancaq tale ona daha bir şans verib – “Zirə”nin timsalında. Bu imkandan yararlana bilib-bilməyəcəyini zaman göstərəcək. Ancaq Cavid Tağıyev nümunəsini göz önünə alsa yaxşıdı. Hansı ki, indi “Sumqayıt”ın heyətinə də düşə bilmir.
 

Qayıdaq Ayxan Abbasovun “Zirə”sinə. Dünya futbol praktikasında belə bir biznes üslubu olduqca populyardı. Ortabab klublar heç vaxt çempionluğa can atmırlar, ancaq fərqli yolla pul qazanlırlar. Söhbət futbolçu yetişdirilməsi və onların satışından gedir. “Zirə” bu modelin yaradılmasında ilk kövrək addımını atdı. Bu işi davamlı etsələr, bir neçə ildən sonra mövsüm ərzində xərclədikləri vəsaitin böyük hissəsinə qənaət edə biləcəklər.

 

CEYHUN ƏLİYEV   
 

17 Yanvar 2018
16 Yanvar 2018
B.eÇ.aÇC.aCŞB