TOP 10

"CBC Sport" "gəmi"si: 17-dən 18-ə

Futbol
Tarix: 2017-12-28 11:00

“Axşam hansı oyunlar var?”, “bu gün “CBC Sport” hansı oyunu göstərəcək?”, “oyunu kim şərh edəcək?” – bu və buna bənzər suallar hər gün ölkə futbolsevərlərinin müzakirə obyekti olur. İl sona yaxınlaşır. Bəs, bu kanalın futbol qurmanlarının marağına səbəb olmasının əsas səbəbkarları 2017-dəki işlərini necə qiymətləndirir? Qarşıdakı il hansı yeniliklərlə idmansevərlərə zövq yaşatmaq istəyirlər? Qışın oğlan çağında telekanal direktorunun damın başında qar təmizlədiyini bilirdinizmi? Bütün bu suallara “CBC Sport”un baş direktoru Volkan Üst (V.Ü.) və baş redaktoru Şəmsəddin Abbasovla (Ş.A.) müsahibədə aydınlıq gətirəcəyik.

- “CBC Sport” 2017-ci ildə nələrlə öyünə bilər?
-  V.Ü: (gülür) 2017-ci ilə gördüyümüz işlərə nəzər salsaq, öyünəcək çox gözəl şeylər var. Söyləniləcək gözəl anlar çoxdu. Futbol matçlarını yayımlamışıq, ən gözəli budu. Azərbaycan çempionatının qarşılaşmalarının 98 faiz canlı yayımlamışıq. Cəmi 4 oyunu canlı yayımlaya bilmədik ki, bu da bizdən asılı olmayan səbəblər ucbatından baş verib. Vaxt uyğunsuzluğunun təsiri olmuşdu. Ümumiyyətlə, çox istiqrarlı şəkildə işimizi görmüşük. Ən böyük qürurumuz da elə budur. 


- Çempionatla yanaşı, sizdə kifayət qədər müəllif verilişləri də olub. Onlar arasında hansıları qeyd edə bilərsiniz?
-  V.Ü: “Bizim futbol” bayraq gəmisidi. Ancaq məncə, “Üçüncü hissə” proqramımızı da bayraq gəmisi etdik. İkisi də eyni telekanalda bir-biriylə yarışan iki möhtəşəm proqram oldu. Yenilyimiz gündəlik idman verilişi oldu – canlı yayımlanan “Start”. Gündəmə toxunan, heç kəslə davası, dərdi olmayan proqram. Bunu xüsusilə qeyd etmək istəyirəm. İdman saytlarının hamısından məlumatları götürən, onları istinadla verən, çəkilən əməyə hörmət göstərən proqram. Məncə, orda da gözəl iş görürük.

 
- Bütün hallarda mümkün deyil ki, insan geriyə çevriləndə hansısa səhifə ürəyincə olmasın...
-  (gülür ) Düşünmək lazımdı. Varmı sənin ağlına gələn? (üzünü Şəmsəddin Abbasova tutur).

-    Ş.A: Elə bir şey yoxdu. Sadəcə, istədiyimiz, ancaq bacarmadığımız məsələlər oldu. Məsələn, çox istərdik ki, voleybol üzrə Avropa çempionatının hansısa oyunları biz də yayımlayaq. Bu barədə söhbətlər də gedirdi. Üstəlik, istəyirik ki, tək futbolda deyil, ölkəmizə dair digər əhəmiyyətli yarışları da işıqlandıra bilək. İstənilən federasiyaya hər zaman kömək etməyə hazırıq. Kim bizə müraciət edib, heç kimi cavabsız qoymamışıq. Ancaq istərdik ki, bunun qarşılığında federasiyalar da bu cür beynəlxaql yarışlar olanda bizi də nəzərə alsınlar. Çünki biz bu işdə maraqlıyıq. Federasiyalardan məktublar gəlib,  müraciətləri təbii ki, imkan daxilində, müsbət cavablamışıq. Ancaq vaxt baxımından üst-üstə düşmə olanda biz nə edə bilərik? Bu problem olmazsa, canla-başla iş görməyə hazırıq.


- Bu ilə damğasını vuran olay Türkiyə Super Liqasının Azərbaycanda canlı yayımını təşkil etməklə vura bilərdiniz. Rəsmi müqavilə də imzalanmışdı, ancaq sizdən asılı olmayan səbəbdən bu layihə reallaşmadı. Bu, nə dərəcədə üzüntü yaşatdı?
-  V.Ü: Bizim üçün çox böyük üzüntü oldu. Bu məsələylə bağlı ilk danışığımız Şəmsəddinlə birgə Bosniya və Herseqovinada bir idman yarışını izləməyə yollanarkən baş tutmuşdu. Səkkiz saat telefonla danışıqlar apardıq. Sonluğun belə olması ona görə bizi çox üzdü ki, başlanğıc uğurlu idi, əl sıxdıq. Anlaşmaya qol çəkdik, hər şeyi həll etdik. Ancaq sonra fikir dəyişikliyi oldu. Təbii ki, paketin sahibi “Digitürk”dü. Yayım hüququnu satar-satmaz, özü bilər. Ancaq yanlış iş gördülər. Məncə, bütün Azərbaycanı üzən bir addım atdılar. Bu əməkdaşlıqdan reklam ala da bilərdik, almaya da, pul qazana da bilərdik, qazanmaya da. Ən önəmlisi bu layihəni həyata keçirmək istədik və bu yolda ciddi pul xərcləməyi göz önünə gətirdik. Bizi yarıyolda qoydular. Sonradan bu söhbəti, imtinanın nə qədər yanlış bir şey olduğunu “Digitürk”ün əsas sahiblərinə də çatdırdıq. Bununla bağlı çox məktublar da aldıq. Bunu türk idarəçilərin etməsi məni çox üzdü. Ərəblər etsəydi, bəlkə də belə təsir etməzdi. Ancaq ən pisi türkün, dost-qardaşlarımızın etməsiydi. 

- Ş.A: Məni çox üzən idman azarkeşlərinin münasibəti idi. Heyf ki, belə oldu. Gözləntilərin nə qədər olduğunu bilirdik. Bizə yazırdılar ki, bununla özümüzü reklam edirik. Əvvəla, bu, reklam yox, antireklam idi. Bir az düşüncəli, şüurlu insan fikirləşərdi ki, bu cür antireklam heç kimə lazım deyil. İlk addımı artıq Türkiyə kubokunun yayımını götürəndə atmışdıq. O vaxtdan bəri yavaş-yavaş bu fikirlər var idi. Sadəcə, sirr olaraq qalırdı. Birdən-birə canlı efirdə bunu elan etməyimiz təsadüfi deyildi. Çünki əlimizdə imzalanmış müqavilə var idi. Sadəcə, məhsul sahibi var, fikrindən dönür və bizi fakt qarşısında qoyur. Bizi çox üzən bax, bu oldu.


- Hətta bir epizodu xatırlayırıq. Qəbələdə idik və ani gördük ki, test siqnalı gəlirdi. “CBC Sport”un test versiyasında Türkiyə Super Liqası oyunundan görüntü gedir...
- Ş.A. Biz yayıma tam hazır idik. Hətta müqaviləyə əsasən yayımlayacağıqmız ilk turun bütün məlumatları əlimizin altında idi, test də edirdik. Bu məsələ ortaya çıxandan bizə uzun müddət nə “hə”, nə də “yox” deyildi. Görüntüləri göndərirdilər. Ancaq deyirdilər ki, efirə verməyin. Buna görə belə vəziyyətdə qalırdıq, məsələ yubanırdı. Bir-iki həftə gözləməli olduq, sonra da belə qərar çıxdı. Bəlkə 2017-ci ilin yox, ümumən “CBC Sport”ın qısa tarixinin ən böyük xoşagəlməz hadisəsi oldu. Yenə deyirəm ki, bu, bizdən asılı olmayan səbəbdən oldu. Bu, şablon söz yox, reallıq idi. Volkan bəylə bu məsələylə bağlı söhbətimizdə demişdi ki, neçə ildi televiziyadayam, ilk dəfədi belə şey – müqaviləyə bu cür şəkildə xitam verilməsini gördüm. 

 

- Volkan bəy, yadınızdadırsa, ilk dəfə saytımıza müsahibə verəndə belə fikir səsləndirdik ki, “CBC Sport”da intellektual proqram yoxdu. Siz də dediniz ki, çox gözəl ideyadı, bunu reallaşdırmaq istəyirik. Ancaq hələ də yoxdu. Nə qədər çəkər bu istək?
-  V.Ü: 2018-ci ilin ilk 4 ayında bununla bağlı mütləq bir şey edəcəyik. Açıq deyirəm, yeni veriliş məsələsində Şəmsəddinə müraciət etməkdən çəkinirəm. Çünki onsuz da 16-17 veriliş hazırlayır, matçların şərhində də, “Matça doğru”da da iştirak edir. İntelektual veriliş adı gəldikdə təbii ki, gözləri dönməyə başlayır ki, ona necə vaxt tapacaq? Az bir heyətlə səhər verilişini açdıq. Ancaq bütün bu yüklənmələrə baxmayaraq, düşünürəm ki, ilk 4 ayda gözəl bir intellektual veriliş hazırlayacağıq. 

 

- Bu layihənin heç olmasa müəyyən səhifələrini aça bilərsiniz?
-  V.Ü: Gəlin, onu birgə edək, bərabər fikir mübadiləsi aparaq. İstəyirəm ki, bu, kollektiv bir iş olsun. Jurnalistikadakı bütün dostlarımızın fikirlərini öyrənək, ortaya bərabər bir iş qoyaq. Bu, birgə məhsulumuz olsun.

 

-  Yarışma kimi nəzərdə tutmusunuz...
-  V.Ü: Tamamilə doğrudu. Jurnalistikada təcrübəli dostlarımızın da olduğu inginc bir münsiflər heyətinin olmasını istəyirəm. 

 

- Viktorina üslubunda olan bir yarışda prioritet yəqin ki, Azərbaycan futbolu olar...
-  V.Ü: Bəli. Ancaq tək futbol yox, Azərbaycan idmanını əhatə etməyimizi istəyirəm. Hər bir bölümündə bir sahəyə toxuna, ortaya məhsul çıxara bilərik. Maraqlı olan tərəf münsiflər heyətinin olmasını istəyirəm. Çünki əsas maraq orda olur, bunu yaıxndan görürəm. “O səs Türkiyə”də belə münsiflər heyəti iştirakçılardan daha maraqlı olur. Əslində, hər kəs münsiflər heyətini seyr edir. Bu, 8-10 nəfərdən ibarət heyət ola bilər. Qalmaqallı, əyləncəli, hər həftə bir hekayə yaradaq orda. Açığı, bir xəyalım da var ki, gənc istedad ortaya çıxaraq. Onuhələ tapa bilmirik, elə o da bizi. Bir bölümü bəlkə də istedad bir yarışması kimi olsun. Əslində, bilgi və istedadı bir araya gətirən yeni insanlar qazandıraq televiziya dünyasına. 

- Sport24.az olaraq bir ötürmə də verək. Sovetlər dönəmində belə bir veriliş var idi – “Şən startlar”. Yarışma, əyləncə xarakterli idi. İştirakçılar valideynlər və məktəbli uşaqlar idi. Qaydalardan asılı olaraq 4-5 nəfərdən ibarət komanda olurdu. Müxtəlif şən oyunlar təşkil olunurdu. Özü də bu, sırf məktəblərdə keçirilirdi. Olduqca geniş bir ajiotaj doğururdu. Çox yüngül bir mükafatla məktəblilərin “CBC Sport” sevgisinə səbəb olacaq, auditoriyanız genişlənəcək. Belə bir ideyanı həyata keçirmək realdımı və buna nə qədər zaman tələb olurar?
-  V.Ü: Çox gözəl ideyadı. Bunu 3 aya həyata keçirmək olar. Dekorasiya və bu kimi digər məsələləri həll etməklə. Bunu həyata keçirəcək heyəti qurmalıyıq. Bunun üçün televiziya daxilində yox, ayrıca bir heyət olmalıdı. Bütün bu məsələlər 3 ayda həll oluna bilir.

- Ş.A: Bizdə belə fikri var idi. Hətta bu yaxında bulvarda açılan futzonaya baxdıq ki, bəlkə bu yarışı çaıq havada keçirək. Təbii ki, yayda. Aşağı siniflər yox, 10-11-cilər arasında. O da yayda, çünki indi dərslər gedir. Bu işi həyata keçirməyə tək bizim gücümüz çatmayacaq. Buna Təhsil Nazirliyimiz, Gənclər və İdman Nazirliyimiz qoşulmalıdı ki, ən azı bu kütləviliyi yaradaq. Bir-bir məktəbə girmək – bu, bizə aid məsələ deyil. Bu verilişləri çəkmək çox asandı, ancaq buna hazırlıq prosesi çox vaxt aparır. Ancaq bu, o demək deyil ki, bu layihələr barədə fikirləşməmişik. Fikiləşmişik, sadəcə, bunları reallaşdırmaq çox vaxt aparır. Onu fikirləşmişik ki, ayrı-ayrı rayonlar üzrə bir həftə keçirək, sonra Bakı üzrə final. Ardından yavaş-yavaş bölgələrə çıxmaq. Bu ideya var. Fitzonaya da baxdıq. Məkan çox gözəldi, ancaq çəkiliş üçün bizə heç uyğun olmadı. Kütləviliyin həmişə tərəfdarıyıq. Neçə federasiyaya təklif  etmişik ki, idman festivalları keçirək. Onda iştirak etməyə hazırıq. Açıq havada voleybol dərlsəri və sair. Ancaq federasiyalar özləri buna təşəbbüs göstərməli, maraqlı olmalıdırlar. Bəziləri etiraf edirlər ki, bunu reallaşdırmağa büdcə çatmır. Ancaq AFFA “Məhəllə futbolu” layihəsini həyata keçirir və bu çox gözəldi.  Lakin istərdik ki, digər idman növlərində də olsun. Məsələn, karate üzrə. Hazırlaşrıq onlarla belə layihəni həyata keçirməyə. Futzal Federasiyanının nümayəndələri bizimlə görüşə gələrək belə ideya irəli sürüblər ki, Azərbaycan Kubokunun finalını açıq havada keçirək. Parket düzüb, axşam projektorların altında oynayasan, camaatı bulvarda yığasan. Necə gözəl mənzərə olacaq. Özü də ordan keçən uşaq dayanıb baxacaq, onda maraq oyanacaq, futzal oynamaq istəyəcək. Belə bir ideya var.

 

- Bu, yaxşı təbliğat mexanizmidi...
-  Ş.A: Bəli, ancaq hər şey tək bizdən asılı deyil. İdeyalar çoxdu və bunları etməyə hazırıq. Ancaq bizə də kömək olmalıdırlar. Çox uzağa getməyək – Gənclər və İdman Nazirliyi. Bilirik, onların da işləri çoxdu. Hər halda, qurumlar da işə qoşulsa, bizə də asan olar. 

 

- Jurnalistikanın fərqli qollarında olsaq da, ümumiyyətlə, biz də başa düşürük ki, hansısa məhsulu istehsal etmək üçün kifayət qədər zaman sərf olunur...
-  Ş.A: Televiziyanın da əsas işi təbliğatdı və bunu da hər zaman etməyə hazırıq. İndiyədək heç kimə səbəbsiz “yox” deməmişik ki, ay işləmək istəmirik, vaxtımız yoxdu. Belə bir şey olmayıb. Bütün federasiyalarla əməkdaşlığa həmişə hazırıq.

 

- 2018-ci ilə boylanarkən ürəyinizdən nə keçir? Məsələn, iki layihəni müzakirə elədik. Ancaq hər halda, tək bu, deyil. Kartları açın...
-  V.Ü.: Bunun bir az texniki tərəfi var. Növbəti mövsümə daha bir STS fikirləşirik. İkisini aldıq, bunu bacardıq. Borcları, hər şeyi bağladıq.  Daha bir STS olsa, işlər asanlaşacaq. 8 yox, əlavə daha 4, yəni 12 kamera olsun. 2018-ci ildə texniki inkanlarımızı artırmaq üçün xərclər etməyi planlaşdırırıq. Bu, bir həfədimizdi. Bir də Azərbaycan çempionatının matçlarının yayımını daha rəngarəng etmək. Məsələn, bir az daha qrafikli, hərəkətli, dinamik olsun. Ancaq bunları da həyata keçirmək maliyyəyə bağlıdı. Buna inanmıram ki, Azərbaycan çempionatına maraq yoxdu. Necə yoxdu? Hər yerdə bazar, bazar ertəsi, çərşənbə axşamı günü matçlardan danışırıq. Stadiona gəlməzlər, insanı stadionu sevməyə bilər, ancaq televiziyadan izlədiyinə əminik. Bunu kənardan da görürük ki, matçlar zamanı izləyiclərimizin sayı artır. Mərkəzi matçda rəqəm dərhal diqqətimizi çəkir. Yayıma nə qədər yenilik qata biləriksə , bizim üçün ən böyük uğur ordadı. Daha böyük vaxt ayıraq. Matçın yarım saat yox, 1-2 saat əvəvlindən yayıma, şərhlərə başlayaq. Ancaq elə bir qəribə mənzərə yaranıb ki, bəzi stadionlarda nəinki çəkilişə, heç oturmağa belə şərait yoxdu. Özünüz oyunara gedirsiniz, real vəziyyəti görürsünüz. Çalışmaq üçün şərait yoxdu. Bu da keyfiyyəti aşağı salır. Bir şeyi düzəldirik, başqa problem ortaya çıxır. 

 

- Onda sizi qorxudaq. Belə bir informasiya var ki, gələn çempiontda 14 komanda olacaq. Təsəvvür edirsiniz sizi/bizi qarşıda hansı stadionlar gözləyir?
- V.Ü: Açığı, gedəcəyik, lazımdısa, inşaat işləri görəcəyik. Türkiyədə yayımlayan telekanal hər şeyi etdirir. Ancaq burda əksinədi,  biz hər işi özümüz görməli oluruq. Bəzi stadionların tikintisi, yenidənqurulması işlərini biz gördük. Son layihələrimizin başında durdum. Yeni bir şeylər lazımdırsa, onu görəcəyik (gülür). Çox sıxıntılıdı. Məsələ işləri kiminsə boynuna atmağımız deyil, önəmli olan hamımızın bu işin altında olmasıdı. Bu, bir zəncirdi. Çempionat maraq artacaq, insanlar stadiona çox gələcək. Rahat olmadıqda tələblərini irəli sürəcəklər. Maraq olmayanda tələb də olmur. Onda stadion pis vəziyyətdə qalır. Soruşsanız ki, işləməyə ən zövqlü stadion haradı, cavabım “Dalğa Arena” olar. Müdhişdi, yayım üçün hər cür şərait var. O da uzaqdı. Tamaşaçı üçün də, bizim üçün də. 

 

- Bəzi stadionlarımızda külək problemi olur, şərhçiləriniz şəraitsiz yerdə, hətta damın başında çalışmalı olurlar...
- V.Ü: Söyləməyə dilim gəlmir, daşla operatoru bağladığımız stadionlar var. Bunu küləyin onu yerə çırpmaması üçün edirik. Bəzi stadionlarda külək həqiqətən problem yaradır. Onsuz da kamera titrəyir, külək də bi tərəfdən problem yaradanda, opreatorun yerə yıxılmaq təhlükəsi olur.

- “CBC Sport” xüsusilə şərhçilər üçün düşərli məkandı. Burdan klublara yolları açılır. Son olaraq iki əməkdaşınız – Gündüz Abbaszadəylə Emin Abbasov bir kluba – “Xəzər”ə yollanaraq rəhbərliyində yer alıblar. Hələ ki “CBC Sport”da fəaliyyətlərinizi davam etdirsələr də, bir zaman gələcək ki, ayrılmalı olacaqlar. Onsuz da şərhçilərlə bağlı sıxıntınız olduğu vaxtda, birdən-birə iki təcrübəli şərhçiləriniz də gedir. Bu boşluğu necə doldurmağı düşünürsünüz? Kənardan təcrübəli şərhçiləri cəlb etməyi planlaşdırırsınız?
-   V.Ü: Təcrübəli şərhçi onsuz da məhdud saydadı, barmaqla sayılası qədərdi. Əlimizdən gələn qədər təcrübəli şərhçiləri cəlb etməyə çalışdıq. Gündüzlə Emin çox sevdiyim, bizim üçün çox qiymətli iki qardaşımız, dostumuzdu. Onlara da söylədim ki, bu, bir etik qaydadı, klubları Premyer Liqada yer alacaqsa, təəssüf ki, şərhçilik karyeraları burda bitəcək. Bu, doğru yoldu, belə olması lazımdı. Bizim üçün etik qaydadı. Hər ikisi şərhçilikdə neçə ildi çalışır, təcrübələri böyükdü. Onların yerini doldurmaq, bu boşluğu aradan qaldırmaq çox çətindi. Şərhçi yetişmir.

 

- Sözünüzə qüvvət, problem ondadı ki, gənc yazarın hansısa yazını yazanda redaktə edib məqaləni sayta qoyacağıq. Ancaq şərhçini canlı yayıma çıxaranda onu redaktə etməyiniz mümkün deyil...
-  V.Ü: Bu, təcrübədən asılıdı. Özü də 1 illik yox, çoxillik təcrübəsi olmalıdı. Əslində, şərhçilik hər kəsə asan gəlir. Türkiyədə də belədi. Deyirlər ki, nə var, matçı anladacaq. Ancaq burda çox məqamlar var. Bir epizodda elə şey söyləyərəsn ki, yuxarı da çıxa bilirsən, yerin dibinə də düşə. Kənardan şərhçilik cəlb olunması məsələsinə gəlincə, burda qarşılıqlı centlmenlik olmalıdı. Bizə də eyni centlmeniliyi göstərirlərsə, çox sevinərik. Birini yetişdirirsən, müəyyən səviyyəyə gətirirsən, birdən “hop”, əlindən alırlar, bu, düzgün bir şey deyil. İstənilən halda, yeni simalara yol açmağımız lazımdı. Başqa çıxış yolumuz yoxdu. İnanıram ki, Azərbaycanda istedadlı, çox gənc olan ağıllı, savadlı uşaqlar var. Sadəcə, bizə yol tapa bilmirlər. Və ya televiziyanı gözlərində çox böyüdürlər ki, mən necə gedib ora qapısını döyüm? Əslində, qapımızı döysələr, biz bir komanda olaraq onlara kömək edəcəyik. Var elə uşaqlarımız ki, qapıdan qovduq, bacadan girdi. İnad etdi, işini gördü və artıq komandamızda çalışır. 

Ş.A: Eminlə Gündüzün təyinatına yeganə bizi sevindirən məsələ var. Ölkə çempionatımızda çalışan şərhçilərimiz əksər vaxt tənqid olunurdular. Ancaq indi onların klublarımıza dəvət olunması, tək mətbuat katibliyi vəzifəsinə yox, klub rəsmisi vəzifəsinə dəvət olunmaları etimadın göstəricisidi. Gündüz və Emindən başqa bir əməkdaşımızı da qeyd edə bilərik. Bu, Kənan Hakimovdu, “Sabah” klubuna mətbuat xidmətinin rəhbəri vəzifəsinə keçdi. Bu, ondan xəbər verir ki, “CBC Sport”da həqiqətən peşəkar, futbolu yaxşı bilən heyət idi. Bizdə boşuna ölkə futbolu haqda danışan adamlar yoxdu. Təbii ki, elə təcrübəli adamları əvəzləmək çox çətin olacaq. Ancaq yetişdirmək mümkündü. Bu işdə çalışarıq. Həm Eminə, Gündüzə, həm də Kənana uğurlar arzulayırıq. İndi komandaların sayının artması gözlənilir. Bu, bizim üçün əlavə çətinlik olsa da, qorxmuruq, işimiz asanlaşır. O barədə ki, oyunlar daha maraqlı keçəcək. Bütün klublarımızın nümayəndələri oyunların sayının az olmasından gieylənirdilər. Bu il futzala da diqqət ayırdıq, futzal rəsmiləri “Start” verilişində qonaq idilər. Onlar dedilər ki, həqiqətən bu idman növünə maraq yayım sayəsində artıb. PFL-in mətbaut xidmətinin rəhbəri Aslan Şahgəldiyev yayımın keyfiyytini qeyd etdi. Onların da öz çəkiliş briqadası var, ancaq peşəkar yayım başqa şeydi. Fraqmentərə baxış sayı xeyli artıb, hər il də artır. Bir-iki oyunda qapı kameralarından istifadə elədik. Yeni avadanlığımız gəlib. 
V.Ü: Bununla bağlı maraqlı, komik durum da yaşandı. “Azərsun Arena”da qapı kameralarını qurduq, ancaq sonradan kimsə gəlib söküb kənara qoydu. Özü də bu zaman cihazlarda bir az texniki problem olmuşdu, düzəltdik.

 
- Bunu kim edib?
- Ş.A: Bilmirik. Sadəcə, gəldilər o kameraları açdılar, qoydular qırağa. Bunu kim edib, onu heç kim bilmir. 

- V.Ü: Başımıza o qədər işlər gəlib ki... Kameranı qoymuşuq kənara. Soruşuruq ki, meydanı sulayacaqsınızmı. Cavab “yox” olur. Biz də işimizi buna görə qururuq. Arxamızı çevirib gedən kimi yerdən su fontanı başlayır. Bu işlərin zövqü, əyləncəsi də budu. Bir dəfə Elnur Məmmədlini islatdıq, bir dəfə Səmranın başına top dəydi. Maşallah, heyətimizdəkilər möhkəm iradəlidirlər. 


- Volkan bəy, gənclərə də güvənirsiniz. Onların potensialı necədi? Daha yüksək hədəflər üçün hazırdırlarmı?
- V.Ü: Hər zaman gənclərə güvənirik. Təbii ki, onlar yüksək yerlərə çıxacaqlar, heç bir problem olmayacaq. Biz onsuz da onlara iş əmanət edirik və heç bir zaman gözümüz arxada qalmır. Səhvləri olanda düzəldirik, tövsiyələrimizi çatdırırıq. Ancaq səhv edəndə kənarlaşdırmırıq. Sadəcə, səhv etdiyini üzünə söyləyirik ki, bir daha təkrarlamasın. Çox razıyam ki, gənclərlə çalışırıq. Bu, çox yaxşı bir şeydi. 

 


- İstedadlı gənc xanım əməkdaşınız Əminə Kazımovanın uğurlu sənədli filməri davam edir – “26-cı dəqiqə”, “Xəzridən Xəzriyə”. Növbəti ildə Azərbaycan futbolunun tarixiylı bağlı filmləri davam etdirmək planınızda varmı?
- V.Ü: Bizim də əsas işimiz Azərbaycan futbolunun tarixini tanıtmaqdı.  Biz nə vaxtsa öləcəyik, həyatda olmayacağıq, ancaq o filmlər qalacaq. Sadəcə, bu, elə işdi ki, ildə 2-3 məhsul verə bilərsən. Bu işi eyni tempdə davam edəcəyik. Yenə maraqlı layihəylə sözümüzü deməyə çalışacağıq.


- Növbəti hədəf nədi? Bunu müəyyənləşdirmisiniz?
- V.Ü: Hələ yox. 2017-ci ili yola salaq, sonra komanda şəklində müzakirələrlə növbəti hədəfi müəyəynləşdirəcəyik. Buzovna futboluyla bağlı film çox xoşuma gəldi. “26-cı dəqiqə” də çox maraqlı oldu. Bəlkə də biz ilham pərisi olduq, başqaları da bunu etdi. Bunlar əslində, futbol həyatımızın haradan hara getdiyini göstərir.  Belə filmlərə baxdıqda nə qədər şeyin dəyişdiyini görmək şansın olur. 2015-ci ildə “CBC Sport” yarandığından indiyə boylananda nə qədər şeyin dəyişdiyini görürsən. Müdhiş bir şeydi.  


- 2017-ci ildə ən kuryoz hadisə hansını yaşadınız? Sual hər ikinizə aiddi..
- Ş.A: Kuryozlar çox oldu. Canlı efirdə Səmrayla olan hadisə. Bu zaman səhhətiylə bağlı çox narahat olduq. Zərbə nəticəsində gözündən yaş gəldi, ancaq canlı efirdə işini davam etdirdi. Hətta Volkan bəy rejissora tapşırdı ki, bəlkə çıxasan, ancaq Səmra işarə elədi ki, yox, biz işləyəcəyik. Digər kuryoz hadisə Super Liqayla bağlı idi. Bizi incidən məsələ idi. Əslində, kuryozla bağlı suala cavab vermək çətindi. Çünki televiziya elə bir məkandı ki, burda hər gün nəsə kuryoz bir hal baş verir. Nəsə alınır, nəsə alınmır. Məsələn, aparıcımız canlı yayıma “beycik”lə çıxıb, rejissor də fikir verməyib, mən efirdə gördüm, bunu aradan qaldırdıq. Bunlar canlı efirin özəllikləridi.
- V.Ü: Keçən qış idi, fevral ayı, möhkəm qar yağırdı. İtaliya A seriyasının siqnalını, Hollandiya liqasının icmallarını almaq lazım idi. Antenlərimizin üstü qarla dolmuşdu. Çox şiddətli qar yığmışdı. Qara görə işə az adam gəlmişdi. Mən, Rauf və Rövşən işdə idi. Fikiləşdik ki, nə edək. Üçümüz dama çıxdıq, antennaları qardan təmizləməyə başladıq. Heç birimiz əvvəl bu işi görməmişik. Özü də nərdiavla çıxdıq. Mən də yüksəklikdən qorxanam. Yuxarı çıxdıqca qorxu daha artır. Nəhayət, lazım olan yerə çatdıq, başladıq qarı təmizləməyə. Aşağıdan keçənlər bizi görüb deyir ki, qaqaş, bizim dama da gəl (gülür). Həqiqətən çox qorxduq, ancaq bir yandan da gülməkdək dura bilmədim. 

Ş.A: 2018-ci ildə bizdə iki bomba layihə olmalıdı, bomba kimi partlamalıdı. Buna nail olmaq üçün çalışırıq, zaman gələndə deyəcəyik. Əvvəldən anons vermək bizə düşmədi, efirdə olsun, sonra. 

-  Qışda klublarımız Antalyada olacaq. “CBC Sport”un bu müddətdə planları necə olacaq?
-  Ş.A: Həmin vaxt da biz çalışacağıq ki, Antalyaya yollanaq, klublarımızın hazırlığını işıqlandıraq. Bu il səfəri öz büdcəmizin hesabına etməyə çalışacağıq. Volkan bəyin Türkiyədəki əlaqələri sayəsində hətta çalışacağıq ki, maraqlı, adlı-sanlı rəqiblər olsa, həmin oyunlardan hansınısa canlı yayımda nümayiş etdirək. 

-  Ancaq süjetlər olacaq... 
-  V.Ü: “Bizim futbol”, “Üçüncü hissə” və “Antalya gündəliyi” verilişlərini Antalyadan canlı yayımlamaq fikrindəyik. Orda bunu qonaqlarla həyata keçirmək istəyirik. Həmin vaxt bütün komandalar orda olacaq. Burda oturub ora haqda danışmaq effektiv olmayacaq. Bütün mütəxəssislər, məşqçilər, transferlər, futbolçular həmin vaxt Antalyada olacaq. İnşallah, 2018-ci ildə dünya çempionatında Moskvada canlı yayımda verilişlərimiz olacaq. Necə ki, 2016-cı ildə Avropa çempionatında Parisdə olmuşdu. Bu dəfə “Moskva gündəliyi”miz olacaq. Əsas odur ki, rəqabət olsun. Bu, gözəl bir şeydi. Hər kəsin uğuruna sevinirik. Fərqi yoxdur ki, hansı telekanalda çalışır. Bu, bizim üçün problem deyil. 

 

-  Sonda qarşıdan gələn yeni ilinizi təbrik edirik və 2018-ci ildə bu ilindən də çox yaradıclıq uğurları arzulayırıq...
-  V.Ü: Çox sağ olun, arzular qarşılıqdı. Sonda mənim də sizə bur sualım olacaq.

-  Buyurun...
-  İdman caiməsində ən maraqlı müsahibəni kimdən almısınız? Məsələn, Əmrah Çəkikəllə, yoxsa mənimlə? Hansı daha maraqlı oldu?

- Heç kəs öz ayranına turş deməz. Sport24.az-ın aldığı hər bir müsahibə maraqlı olur.


MEHMAN SÜLEYMANOV, ƏKBƏR AĞAZADƏ
   

17 Yanvar 2018
16 Yanvar 2018
B.eÇ.aÇC.aCŞB