TOP 10

“Oranın sahibi 2-3 gün heç kimdən yeyib-içməyə görə pul almadı”

Futbol
Tarix: 2017-12-07 14:35

“Dinamo” Kirovabadın 1967-ci ildə SSRİ çempionatının yüksək liqasına vəsiqə qazanmasında komanda üzvlərinin əməyi böyükdü. Amma bu tarixi nailiyyətdə futbolçular heyəti, məşqçiləri korpusu ilə yanaşı, azarkeşlərin və xüsusən də, həmin dövrdə komandanın başında duran rəhbərliyin də danılmaz rolu olub.

Sovet İttifaqı zamanında Gəncə futbolunun yüksəliş dövrü ötən əsrin 60-ci illərinə təsadüf edir. Həmin dövrdə komanda Toxucu kombinatından ayrılıb o vaxtkı adı ilə çağırılan milisin himayəsinə keçir. Daha dəqiq desək, Daxili İşlər Naziliyinin “Dinamo” İdman Cəmiyyətinin balansına. 1962-ci ildə adı da dəyişdirilən kollektivə bir ildən sonra Kirovabadın milis rəisi Məmməd Mustafayev rəhbərlik etməyə başlayıb. Mustafayevin vəzifəyə gətirilməsi ilə komanda intibah dövrünə qədəm qoyur. “Dinamo” qısa vaxt ərzində B dəstəsindən A dəstəsinə, oradan da yüksək liqaya vəsiqə əldə edir. O, həm də hazırkı şəhər stadionunun qurucusu hesab olunur. Belə ki, məhz Məmməd bəyin gəlişindən sonra “Dinamo”nun daha böyük stadionla təmin olunması məsələsi aktuallaşır. Əvvəllər “Spartak” İdman Cəmiyyətinə məxsus arenadan istifadə edən “Dinamo” sonradan “Lokomotiv”in balansında olan stadiona köçürülür. Stadion təmirə bağlanır, ot örtüyü yenilənir, tamaşaçılar üçün tribunanın ilk yarusu tikilir.

Sport24.az xəbər verir ki, Məmməd Mustafayev həmin illərlə bağlı “Kəpəz”in saytına danışıb:

“Dinamo” cəmiyyətinin yaradılması ilə görəcəyimiz işlər sürətləndi. “Lokomotiv” stadionunu öz balansımıza daxil edib geniş quruculuq, tikinti işlərinə başladıq. Camaat bizə təmənnasız kömək edirdi. Çünki hamı futbolun həvəskarı idi. Həddindən artıq maraq vardı. Təsəvvür edin, futbol olan vaxtlarda iki gün oyundan əvvəl və iki gün də sonra şəhərdə cinayət hadisəsi olmurdu. Əhali futbola o qədər vurulmuşdu ki, oyunları böyük bayram kimi keçirirdilər. Bütün diqqət futbolda olurdu. Komandanın yüksək liqaya çıxması və doğma şəhərə gəlişi bayram kimi qeyd olunmuşdu. Azarkeşlər əllərində gül-çiçək və hədiyyələrlə futbolçuları qarşılamışdı. Şəhər mehmanxanasının içində restoran vardı. Oranın sahibi 2-3 gün heç kimdən yeyib-içməyə görə pul almadı (gülümsəyir)”.

Məmməd Mustafayevin indi 91 yaşı var. İllər ona şanlı tarixi unutdurmayıb. Səmimidi, o dövrdə yaşananları xatırladıqca zarafatından qalmır. Sovet vaxtı, ideologiyanın, necə deyərlər, qılıncının dalının da, qabağının da kəsdiyi bir zamanda komandada yaratdığı dəmir nizam-intizamından ağızdolusu danışır:

“O vaxtlar cavan idim, belə qoca deyildim. Futbola böyük həvəsim vardı. Oyunçuların yaxşı maaş alması və daha da ruhlanması, həvəslənməsi üçün müəyyən təşkilatlara tapşırıqlar verilmişdi. Məncə, tapşırığa ehtiyac da yox idi. Çünki rəhbərlər bu işi könüllü edirdilər. “Dinamo” yüksək liqaya hazırlanan illərdə kollektivə ciddi nəzarət vardı. Komandanı gözdən qoymurdum. Hər bir futbolçunun arxasınca 1-2 milis nəfəri gəzib güdürdü ki, görək, bu nə iş görür, sərxoşluq etmir, başqa işlərlə məşğul olmur ki? Hər şeyə baxırdıq. Mən oyunçulara elə göz qoyurdum, deməklə, söyləməklə bitməz (ucadan gülür)”.

“Dinamo”nun SSRİ məkanında uğurlara imza atıb şəhəri, respublikanı tanıtması komandanın nüfuzuna təsirsiz ötüşməyib. Bu, Məmməd Mustafayevin də milis rəisi kimi şöhrətini artırıb:

“Mənə nazirlikdən mükafatlar, fəxri fərmanlar, təbrik teleqramları göndərilirdi. Məktubların sayı-hesabı bilinmirdi. Daxili işlər naziri, onun müavinləri dəfərlərlə zəng vurub komanda ilə maraqlanırdılar, razılıq edirdilər. Milisin arxasında durduğu Kirovabad komandasının yüksəlişi Bakıdakı komandanlığı da sevindirmişdi. Çünki onlara da Moskvadan razılıq edirdilər. Bizi digər respublikalarda milis rəhbərlərinə nümunə göstərirdilər”.

Keçmiş milis rəisi səhhəti ilə bağlı “Dinamo” Kirovabadın 50 illik yubiley tədbirində iştirak edə bilməsə də, AFFA və “Kəpəz” rəhbərliyi onun zəhmətini unutmayıb. Yaratdığı əzəmətli komandanın keçmiş kapitanı Müzəffər Qasımov sabiq rəisə baş çəkərək doğma klubu və assosasiya tərəfindən verilən xatirə hədiyələrini ona çatdırıb.
 

18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB