TOP 10

"Roma tətilləri": Qəribəliklərə zəngin həyat və ya Yeni "Qarabağ" - V YAZI

Futbol
Tarix: 2017-12-07 14:14

5 dekabr 2017-ci il. Azərbaycan çempionu “Qarabağ” bu tarixdə uzaq Roma şəhərində UEFA Çempionlar Liqasının qrup mərhələsində son matçına çıxacaq. Qurban Qurbanovun yetirmələrinin mücadiləsi Bakı vaxtı ilə dekabrın 5-də başlasa da, dekabrın 6-na qədər davam edəcək...

 

Dekabrın 3-də İtaliya paytaxtına gələn təyyarə 3 gün sonra qanadları altına xeyli sayda azərbaycanlını alacaq: “Qarabağ”ın rəsmiləri, əsas və U-19 komandası, habelə media mənsubları və klubun qonaqlarını. Hələliksə ehtiyatda bir neçə saat var. “Roma tətilləri”nə dair əvvəlki yazılardan birində - “Bir azarkeş hayqırtısı”nda – tam ayrı xətdən tanıdığım bir həkimə İtaliya paytaxtında rast gəldiyimi nəql etmişdim. Sən demə bu gözlənilməzlik sonuncu deyilmiş...

Romaya gedib Vatikanı ziyarət etməyəsən? Yox, Roma Papasının “villası”na mütləq baş çəkməli idik. Ancaq ağlımın ucundan da keçməzdi ki, bu dəfə də fərqli sürprizlə qarşılaşacam. Metro stansiyalarının birində orta yaşlı bir cütlük vaqona daxil oldu. Biz də - həmkarlarım Ruslan Mikayıllı və Murad Axundovla nələrisə rusca müzakirə edirdik. Qadın bir qədər qıyıqgöz olduğundan, keçmiş SSRİ vətəndaşları olduğunu proqnozlaşdırmaq çətin deyildi. Axı, onlar rusca danışırdılar. Az sonra qadın üzünü bizə tutaraq “Qafqazdansınız?” sualıyla müraciət etdi. Müsbət cavab verən kimi, “azərbaycanlısınız, ləhcənizdən tutdum” dedi. Az sonra əsl sirrin üstü açıldı. Həyat yoldaşı da həmyerlimiz – Fizuli adlı biznesmen idi.

 

Metrodan çıxdıqdan sonra Fizuliylə söhbətləşdik. Onlar da Vatikana gedirdi: “Azərbaycandanam. Ali təhsilimi Moskvada almışam. Sonra Bakıya qayıtmadım”.

 

Az sonra Fizuli kökündən də danışdı: “Atam Sumqayıtdandı, anam isə göyçaylı”... İdman mediasında yeganə göyçaylının Roma Papasının “evi”ndə bir göyçaylıya rast gəlməsi... həyat doğrudan da qəribəliklərlə doludu. Az sonra cütlüklə ayrıldıq, onlar muzeyə, biz isə Vatikanın gözəlliklərini əks etdirən tarixi abidələrə tərəf yollandıq. Vaxtımız elə də çox deyildi. Çünki İtaliyaya gəlib “Qarabağ”ın U-19 komandasının oyununa getməyə bilməzdik.

Nə qədər qəribə səslənsə də, 0:3 hesabı ilə uduzan U-19 komandamız ümumiyyətlə, məğlubiyyətə layiq deyildi. Açığı, Rəşad Sadıqovun qısa müddət kəsiyində əsas komandanın kiçilmiş modelini yaradacağı inandırıcı görünmürdü. Elə oyunun gedişatında “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmliyə də bu fikri söyləyəndə, o da təsdiqlədi ki, “Qarabağ”ın U-19-u əsas komandanın üslubunu mənimsəyib. Əlbəttə, ideal formada yox. Ancaq dəst-xətt göz oxşayırdı. Nəticə önəmli deyil. Əsas odu ki, bu komandadan yuxarı yaş qruplarına keçən futbolçular hansısa yeni modelə öyrəşməli olmayacaqlar. Deməli, təməl düzgün qurulur və nikbinlik üçün yetərincə əsas var. İndi bir neçə futbolçunun adını çəkib fərqləndirə bilərəm. Ancaq gəlin heç kimin başının altına yastıq qoymayaq. Sadəcə, bu komandada yetərincə perspektivli futbolçunun olduğunu söyləməklə kifayətlənək.

U-19 və əsas komandaların oyunlarının arasında 2 saatlıq “pəncərə” zamanı ancaq “mədəaldatma mərasimi”nə yetdi. Nəhayət, əzəmətli Roma Olimpiya Stadionuna daxil oluruq. Paytaxt təmsilçisinin fanatları tribunaları doldurmağa tələsmirdi. Ancaq yavaş-yavaş boşluqlar dolmağa başlayır. Fan-klub mahnılar oxuyur, tribunaları titrədir. Bir qədər sonra start heyətləri məlum olur. Ən çox düşündürən oyun praktikasından əziyyət çəkən Elvin Yunuszadə və Əfran İsmayılovun bu tribunalar qarşısında özlərini necə göstərə biləcəkləridi. Ancaq xeyli irəliyə gedərək, qeyd edək ki, hər iki futbolçu necə deyərlər “papağımızı yerə soxmadı”. Əlbəttə, həyəcan var idi, Elvinin topu boş qapıdan çıxardığı epizodda necə təntidiyini də hər kəs gördü. Ancaq ümumilikdə bu uşaqlar bacardıqlarını ortaya qoya bildi.

 

Oyun barədə reportaj yazdığımızdan, matçda baş verən stenoqram xarakterli məqamlara toxunmuruq. Ancaq bir reallıq var: “Roma” kimi dünya şöhrətli klub 90 dəqiqə ərzində əsməcədə saxlanıldı. Axı, istənilən an hesab bərabərləşə bilərdi. Necə ki, son dəqiqələrdə Miçelin baş zərbəsi yerli fanatların ürəklərini ağzına gətirdi, azərbaycanlı futbolsevərlərin isə əlləri ilə başlarını tutmasına səbəb oldu.

Matç başa çatır, mətbuat konfransları yekunlaşır, mix-zona işləri tamamlanır və media əhli avtobusa yığılır. Maraqlıdı ki, bu 3 gün ərzində bir neçə dəfə xidmətindən istifadə etdiyimiz avtobusun sürücüsü qadın idi. Ancaq onun avtobusu idarə etməsi barədə bir neçə kəlmə yazmasam, ürəyim partlayar. “Əhməd haradadı?” filmində Nərgiz xalanın yük avtomobilini sürdüyü səhnəni gözünüzün qarşısında canlandırın. İndi də təsəvvür edin ki, qarşımızda bizi müşaiyət edən polis maşını həyəcan siqnalını qoşaraq, yolları boşaldır və irəliləyir, “Nərgiz xala” da ondan 3-5 sm geridə. Vallah, onun bu cür avtobus sürməsini gördükdən sonra bakılı “avtoşlar”a şükür etdim. Nə əcəbsə “Nərgiz xala” bizi sağ-salamat hava limanına çatdırdı...

 

Təyyarəyə minik başlayır. Hamı sevinclidi. Çünki yorğunluq hər kəsin çöhrəsindən yağır. Təəssüf ki, 5 saata yaxın davam edən uçuş zamanı da müxtəlif səbəblərdən yata bilmədim. Nəhayət, Bakı! Doğrudan da “gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı”. Romanın bütün gözəlliklərinə rəğmən, doğma şəhrimizin həm iqtisadi, həm ekoloji cəhətdən Avropadan xeyli geri qalmasına baxmayaraq, Bakı həmişə Bakıdı və dünyanın heç bir şəhəri onunla müqayisə oluna bilməz! Xoş gördük səni, ey əvəzolunmaz Vətən!

CEYHUN ƏLİYEV, Bakı-Roma-Bakı

 P.S. “Roma tətilləri” ilə bağlı bütün yazıları isti-isti təqdim etmişdik. Son yazını bilərəkdən 1 gün yubatdıq. Ki, bu dəfə soyuq başla hazırlanmış materialla da görüşünüzə gələk.

 

18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB