TOP 10

Elnur Camalxanov Sport24.az-a hədəflərindən danışdı: “Kəpəz”in “yenilməz armada” adının özünə qaytarılmasında var gücümüzlə çalışacağıq"

Futbol
Tarix: 2017-12-06 18:00

“Kəpəz” klubunda cari mövsümün gedişində baş məşqçi postuyla yanaşı, rəhbərlikdə də dəyişiklik baş verdi. Gəncə təmsilçisinə yeni icraçı-direktor Elnur Camalxanov təyin olundu. İlk addımlarını idman jurnalistikasında atan, sonra idman funskioneri kimi çalışan Camalxanov 3 həftədən artıqdı futbol klubunda işləyir. "Kəpəz"ə təyinatından sonra ilk müsahibəsini Sport24.az-a verən icraçı-direktorla Gəncəyə son səfərimizlə zamanı söhbətləşdik. 

- İdman mediamız üçün təyinatınız gözlənilməz oldu. Bəs sizin özünüzə necə?

- Ümumiyyətlə, bütün təyinatlar gözlənilməz baş verir. Ani təklif gəldi və təbii ki, bunu müsbət qarşıladım. Rəhbərliyə təşəkkür edirəm. Sağ olsunlar, dəvət ediblər, etimad göstəriblər. Əl-ələ verib klubun irəli getməsi, "yenilməz armada" adının özünə qaytarılması istiqamətində biz də bacardığımız bütün köməkliyi göstərəcəyik.

- Son 5 ildə idman funksioneri kimi fəaliyyət göstərmisiniz – cüdo və karate sahəsində çalışmısınız. Ancaq futbolda ilk dəfədi işləyirsiniz. Bu üzdən dəvət gələndə tərəddünüz olmadı? Yoxsa qazandığınız təcrübəyə güvənib təklifi qəbul etdiniz?

- Bildiyiniz kimi, mən tək idman funksioneri kimi yox, idman jurnalisti kimi də fəaliyyət göstərmişəm. 20 illik ümumi fəaliyyət təcrübəm var. Həm bu amilə, həm də dediyiniz məsələyə görə tərəddüd eləmədim. Hardasa özümdə güvənlik vardı ki, verilən tapşırığın öhdəsindən gələ, etimadı doğrulda bilərəm.

- Mətbuata qısa açıqlamanızda bildirmişdiniz ki, işlərlə tanış olum, sonra mediaya geniş fikirlərimi söyləyə bilərəm. Təyinatınızdan artıq 3 həftə keçib. “Kəpəz”də işlər nə yerdədi?

- Açığı, nəzərdə tutduğumuz vaxt hələ bitməyib. Tanışlıq işləri yenə davam edir.

- Hər halda, hazırkı mənzərini necə təsvir edərdiniz?

- Mənzərə odur ki, baş məşqçiyə istinadən nəsə deyə bilərik. Onun özünün müəyyən planları var. Müəyyən dəyişikliklər gözlənilir. Yəqin ki, bu, qış fasiləsində öz əksini tapacaq. Təbii ki, biz də baş məşqçinin dediyi istiqamətdə ona dəstək olmağa çalışacağıq. Əlimizdən nə gəlirsə, hamısını edəcəyik.

- Klub təkcə əsas komandayla kifayətlənmir. İnfrastruktur də vacibdi. Bu istiqamətdə hansı işlərin görülməsini nəzərdə tutmusunuz?

- Stadionda gedən quruculuq işləriylə özünüz də tanış olmusunuz. Bu işlər hətta təyinat olmamışdan əvvəl də görülürdü. Əlavə məşq meydançaların salınmaısyla bağlı işlər sürətlənib.

- Yeni baş məşqçiniz Yunis Hüseynov saytımıza müsahibəsində bildirib ki, komanda təmsil etdiyi şəhərdə məskunlaşmalıdı...

- Bəli, "Kəpəz" Gəncədə məskunlaşmalıdı. Bu istiqamətdə işlərə artıq başlanılıb. Stadionumuzun ərazisində məşq meydançaları olacaq. Həm təbii, həm də süni örtüklü. Bunlar hazır olandan sonra komandanın bura köçməsi artıq reallığa çevriləcək.

- Təbii ki, bazanın əsaslı təmiri də görülməli olan işlər sırasındadı. Təkcə meydançaların salınmasıyla kifayətlənmək olmaz...

- Bazanın təmir olunmasıyla bağlı rəhbərlik tərəfindən qərar verilib. İnşallah, gələn il təmir olunaraq futbolçuların, komandanın ixtiyarına veriləcək. Komandanın 2018-ci ildə Gəncəyə köçürülməsi planlaşdırılıb. Bu plan varsa, deməli, növbəti ildə həyata keçəcək. Çox işlər görülməlidi.

- "Kəpəz"in artıq qazon problemi yoxdu. Meydança ideal vəziyyətdədi. Ancaq tribunaların durumu buna kölgə salır. Ümumiyyətlə, stadionun əsaslı təmir olunması nə vaxta planlaşdırılır?

- Təbii ki, buna icraçı-direktor qərar verə bilməz. Rəhbərlik Gəncə futbolununinkişaf etdirilməsini hazırda əsas prioritet kimi qarşıya məqsəd qoyub. Buna doğru də özləri tərəfindən addımlar atılır. Əlbəttə, hansı tapşırıqlar olacaqsa, biz də onu icra edəcəyik.

- Ümumiyyətlə, klubun gələcəyi ilə bağlı qarşıya hansı hədəflər qoyulub?

- Bildiyiniz kimi, klubun uşaq futbolu da var. Burada meydançalar olacaqsa, uşaqlar yaxşı məşq keçəcək, uşaq futbolu inkişafa meyllənəcək. Bütün bunlar Gəncə futbolunun inkişafına xidmət edən faktorlardı. Məqsəd odur ki, öz yetişdirdiyimiz uşaqlardan əsas komandaya cəlb edək, öz futbolçularımızı yetişdirək, istedadlı oyunçuları üzə çıxaraq. Əsas heyəti gücləndirməklə Premyer Liqada ilk üçlüyə düşmək hədəfimizdi.

- Sizin idman mətbuatına gəldiyinzi vaxtlarda - 90-ci illərdə "Kəpəz" futbolumuzda hegemonluq edirdi. O vaxtkı komandanı hazırkı ilə müqayisə edəndə hansı nəticəyə gəlirsiniz?

- "Kəpəz" 3 dəfə ölkə çempionu, 4 dəfə ölkə kubokunun qalibi olub. Həmin vaxt mən jurnalist kimi fəaliyyət göstərmişəm. O zaman reportajlar şərh edirdik. Bilirsiniz, hər şey nəticəyə bağlıdı. Nəticə bu gün ürəkaçan deyilsə, müqayisə eləmək də bir az düzgün olmaz.İndi oyunun dinamikası da dəyişib, əvvəlkiylə eyni deyil. "Kəpəz"in 3 dəfə çempion olması, 4 dəfə kuboku başı üzərinə qaldırmasının özün təbii ki, çox böyük göstəricidi. Biz də istəyirik, bütün rəhbərliyin də məqsədi budur ki, klubu həmin uğurlara çatdırıb Avroliqa yarışlarına yola salaq .

- "Kəpəz"in ev oyunlarında sayı ilə ölkədə rekord vuran azarkeşləri də bunu səbirsizliklə gözləyirlər. Hər halda, onlar buna layiqdirlər...

- Əlbəttə, azarkeşlərin o istəyini qarşılamaq lazımdı. Bu daha çox futbolçuların oyununa bağlı məsələdi. Ümumiyyətlə, Qafqazın ən böyük azarkeş kütləsi Gəncədədi desək yanılmarıq. Biz azarkeşlərimizə  çox böyük dəyər veririk.

- "Kəpəz"in əvvəlki əzəmətini qaytarmaq üçün görüləsi çoxsaylı işlər maddi vəziyyətə söykənir. Gəncə klubu isə böyük büdcəyə malik deyil. Bu, nəzərdə tutulan işlərin, iddilarınızın həyata keçirilməsinə imkan verəcək?

- Açığı, maliyyə məsələləriylə məşğul olmadığımdan maddi durumla bağlı bir söz deyə bilmərəm. Ancaq rəhbərlik özü göstəriş verib ki, bu istiqamətdə bütün işlər öz həllini tapsın. Belə bir göstəriş varsa, deməli, maliyyə məsələsiylə bağlı istənilən problem öz həllini tapacaq. Ancaq hazırda maliyyə durumuyla bağlı bir sıxıntı görmürük.

- Əsas komandanız baş məşqçi dəyişikliyindən sonra da məğlubiyyətləri sıralayır. Özü də evdəki hər 2 məğlubiyyət böyük hesabla olub, 2 oyuna 9 qol buraxılıb. Bu, gözlənilən idi?

- Bilrsiniz, bu, idmanda ola biləcək bir şeydi. Futbol komandasında ilk dəfədir işləyirəm. Ancaq köhnə təcrübəyə söykənəndə, bu məsələlər göz qabağında olan şeylərdi. Ümumiyyətlə, yeni baş məşqçi gələndə müəyyən məğlubiyyətlərlə barışmaq zorundasan. Çünki o, hələ oyunun strukturunu qurana, tam yönləndirənə kimi müəyyən vaxt keçir. İstənilən idman növündə bu halların şahidi ola bilərik. Əvvəlki təcrübədən deyə bilərəm ki, yeni baş məşqçi gələndə müəyyən geriləmə olmuşdu. Sonra bu sindrom sındı.

- Yunis müəllim son turdakı məğlubiyyətdən sonra mətbuat konfransında açıq şəkildə bəyan etdi ki, hazırkı “Kəpəz” birinci dəstə səviyyəsində komandadı, heyətdə köklü islahatlar aparılmalıdı. Bununla əlaqədar baş məşqçiylə müzakirə aparmısınız? “Kəpəz”in sıfırdan qurmaq mümkün olacaqmı?

- Bununla bağlı baş məşqçi tam qərar verməlidir ki, hansı dəyişiklik olmalıdı. O, özü bu qərarı verəndən sonra klub tərəfindən lazımı dəstək göstəriləcək. Baş məşqçi hələ də ələmə prosesindədi. Futbolçuların hazırlıq durumlarıyla bağlı bütün göstəricilərini yoxlayır. Kubok oyunları da bitsin, baş məşqçi növbəti 1 ay ərzində qərarını verəcək.

- İndidən yeni futbolçularla bağlı gözaltılar, artıq danışığa başladığınız oyunçular varmı?

- Xeyr. Açığı, deyim ki, elə bir gözaltılarımız olmayıb.

- Kimlərlə vidalaşacağınızı da artıq müəyyənləşdirməmisiniz?

- Buna da baş məşqçi qərar verəcək. “Keşlə”ylə kubok matçlarından sonra heyətlə bağlı dəyişikləri konkret müəyyənləşdirəcəyik.

- “Kəpəz” çempionatda son pillədədi. Ancaq kubokda rəqibin turnir cədvəlində "qonşu"nuz "Keşlə"nin olduğunu yarımfinala çıxmaq mümkün görünür.. 

- Topaz Premyer Liqasında da bütün güc səfərbər olunacaq ki, yaxşı nəticə göstərək. Kim istəyər ki uduzsun? Baş məşqçinin “1 nömrə”li məqsədi qalib gəlmək, əzmkarlıq göstərmək, futbolçuların mübarizə  keyfiyyətlərini artırmaqdı. Bu istiqamətdə iş görülür. Ancaq “Keşlə” ilə kubok mübarizəsində kimin udub, kimin udazacağını indidən demək olmaz. Bu, öncədən proqnoz olunmayan bir şeydi. Güclü qalib gələcək….

- Komandanızın qış fasiləsində Türkiyəyə, ümumiyyətlə, xaricə təlim-məşq toplanışına getməsi dəqiqləşibmi?

- Təlim-məşq toplanışıyla bağlı hələ ki, heç bir qərar verilməyib. Baş məşqçiylə hələ ki, bu barədə müzakirəmiz olmayıb.  Amma istisna deyil. Baş məşqçinin planında  təlim-məşq yer alacaqsa, deməli ,icra olunacaq.

- Son olaraq “Kəpəz” azarkeşlərinə sözünüz, çağırışınız nədi?

- Bəli, azarkeşlərimiz son vaxtlar hər dəfə ev oyunlarımızdan məyus gedirlər. Bu da komandanın zəif çıxışıyla bağlıdı. Ancaq azarkeşləri ruhdan düşməməyə çağırıram. Onlar fanatik hisslərini daha da coşqu şəkllində büruzə versinlər. Bu, futbolçuları ruhlandırır, daha da yaxşı oynamağa sövq edir. Bildiyiniz kimi, azarkeşlərin hamısı “12-ci oyunçu” qismində çıxış edirlər. Onların daim qələbə ruhunda olması futbolçuları qələbəyə səsləyir. Bunun özü idmançıların mübarizlik keyfiyyətinə müsbət təsir göstərir. Ona görə azarkeşlərimizi səsləyirəm ki, daim stadiona gəlsinlər, oyunlarımızı izləsinlər. İstər səfərdə, istərsə də təbii ki, ev matçlarında. Öz meydanımızda tribunaları dolu görmək istəyirik. “Kəpəz” azarkeşlərinin çılğın dəstəyi futbolçularımızda ruh yüksəkliyi yaradır ki, nəticədə davamlı qələbələr görə bilərik.

 

MEHMAN SLEYMANOV

 

 

 

 

18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB