TOP 10

Ramil Şeydayev: "Çoxlu insanın dəstəyini görmək mənə əlavə güc və motivasiya verir"

Futbol
Tarix: 2017-12-06 15:12

“Azərbaycan yığmasının gələcəyi” deyərkən, ilk ağlagələn isimlərdən biri Ramil Şeydayevdi. Rusiya futbol məktəbinin yetirməsi olsa da, bu gün Azərbaycan futbolunun uğurları üçün tər tökür. UEFA Çempionlar Liqasının qrupu isə onun üçün əvəzsiz təcrübə oldu. İstedadlı forvard “Roma”yla səfər matçında da meydanda olmaq şansı qazandı. Doğrudu, təqribən 5 dəqiqə. Ancaq bu da böyük futbol ab-havasını hiss etmək idi. Görüş başa çatdıqdan sonra Şeydayev Sport24.az-ın İtaliyaya ezam olunmuş əməkdaşının suallarını cavablandırdı.

-    Çempionlar Liqasında 6 oyun. Doğrudu, heç də hamısında iştirak etmədin. Ancaq bu qarşılaşmaların sənə nə verdiyini bilmək maraqlı olardı?
-    Əvəzolunmaz təcrübədi. Hər bir futbolçu belə bir yarışda iştirak etməyi arzulayır. Doğrudu, elə də çox oynamaq şansı əldə etmədim, ancaq elə “Atletiko”ya qarşı görüşdə bu ab-havanı hiss etdim. Nə gizlədim, mənim üçün olduqca xoş idi.

-    Yəqin özün də hiss edirsən ki, media da, azarkeşlər də sənə xüsusi simpatiyayla yanaşır. Hərçənd, hələ ki, məhsuldarlıqla seçilmirsən...
-    Doğru qeyd edirsiniz, hər addımda bu gözəl və isti münasibəti hiss edirəm. Belə bir atmosferin yaranması məni çox sevindirir. Çoxlu insanın dəstəyini görmək mənə əlavə güc və motivasiya verir. Öz növbəmdə mən də daha böyük əzmlə çalışacam ki, daha yüksək səviyyəyə qalxım və qollarımla azarkeşlərimizi sevindirim.

-    Ramil Şeydayevin vizit kartı – dayanmadan rəqib müdafiəçiləri yüksək pressinq altında saxlamaqdı. 90 dəqiqə ərzində belə yüksək tempə dözə bilərsən?
-    Elə buna görə də məşqlərdə səylə çalışıram ki, bacarım. Hesab edirəm ki, belə yüksək tempə 90 dəqiqə tab gətirməyə gücüm var. Daim şansımı gözləyirəm. Deməli, hər zaman özümü sübut etmək üçün hazır olmalıyam.

-    İndi klubdakı baş məşqçin millini də çalışdıracaq. Buna münasibətin?
-    Qurban müəllim olduqca güclü mütəxəssisdi. Hesab edirəm ki, onun rəhbərliyi altında yığmamız da uğurlar əldə edə biləcək. Niyə də yox?!

-    Çempionlar Liqası sənin üçün başa çatdı. Qış fasiləsindən sonra motivasiya azalmayacaq? Axı, ancaq daxili arenada mübarizə aparacaqsınız.
-    Düşünmürəm. Çünki izləyicilərimizlə xal fərqi elə də böyük deyil ki, arxayınlaşaq və ya motivasiyanı itirək. İndi düşüncələrimiz “Səbail”lə təxirə salınmış çempionat oyunu və Kubokun ¼ final mərhələsi qarşılaşmalarına yönəlib. İstirahətə yaxşı əhval-ruhiyyədə getmək istəyirik və inşallah belə də olacaq. Mövsümün sonunda çempionluğu bayram etmək istəyiriksə, konsentrasiyanı mütləq qorumalıyıq və boşluq vermək olmaz.

-    Daha çox fərqlənməyinə nə mane olur: həyəcan, təcrübə azlığı, yoxs başqa faktorlar var?
-    Düşünmürəm ki, həyəcanlı oluram. Hazırda daimi oyun praktikası qazanmıram. Bu, mənə ciddi şəkildə mane olur. Daimi oynamaynda bir çox kondisiyalarını itirirsən. Zənnimcə, çox qol vurmamağımın əsas səbəbi bundadı.

CEYHUN ƏLİYEV
 

18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB