TOP 10

Quş uçuşu yüksəkliyindən...reportajdan reportaj

Futbol
Tarix: 2017-12-02 17:40

Topaz Premyer Liqasının XIV turunun ilk qarşılaşması qış fasiləsi öncəsi ən maraqlı görüş kimi səciyyələndirilirdi. Əlbəttə, turnir cədvəli, toplanmış xallar, mövcud nüfuza görə “Qarabağ” “Neftçi”yə qarşı matçın aşkar favoriti idi. Ancaq Tərlan Əhmədovun gəlişindən sonra “ağ-qaralar” “qara zolaq”dan çıxıb “ağ cığır”a qədəm basıb. Doğrudu, Əhmədov heyəti formalaşdırmayıb, komandaya təlim-məlim toplanışı keçməyib, ancaq əlinin altındakı məhsuldan hansısa dəst-xətti formalaşdıra bilib. Sport24.az da bu matçı fərqli rakursdan qələmə almağa qərar verdi. Suraxanı stadionunun ən üst qatında, necə deyərlər “quş uçan yüksəklik”də yer alan görüşün “CBC-Sport”dan olan şərhçiləri Elnur Məmmədli (E.M.) və Gündüz Abbaszadənin (G.A.) gözlərini “mozol” etsək də, dözməli oldular...

Matçın əvvəli gözlənilən ssenaridə başladı. Meydan sahibləri dərhal mərkəzi ələ keçirməklə, topa nəzarətdə “Neftçi”dən aşkar üstün oldular. Elə həmkarlarımız da buna təəccüblənmədi: 


-    G.A. “Qarabağ” topa nəzarəti dərhal ələ keçirdi. Məncə, təəccüblənməyə dəyməz. Çempionatın topa ən çox nəzarət edən komandasıdı. Hətta Çempionlar Liqasında da bunun şahidi oluruq.
-    E.M. Maraqlıdı ki, bu göstəriciyə görə, “Neftçi” ikincidi.

Şərhə şərh. Kənardan elə görünür ki, mikrofonu al əlinə, saatyarım çənə döy, bu da sənin şərhçiliyin. Ancaq həm Gündüz, həm də Elnurun üzərindəki dəftərçələrdəki qeydləri heç kim görmür. Onlar bu matçı şərh etmək üçün neçə saat hazırlaşdığını da bir özləri bilir, bir də Allahları.

“Qarabağ” adı həqiqətən vahiməlidi və bu, qonaq komandanın futbolçularına təsirsiz ötüşməyə bilməzdi. Hücumlarının kəsəri durmadan artır, Tərlan Əhmədovun yetirmələri isə metr-metr qapılarına sıxılırdı. Nəhayət, 25-ci dəqiqədə ərazi üstünlüyü qola çevrildi. Gerye – Almeyda - Gerye paslaşması və haitili futbolçunun hava ötürməsindən sonra Mahir Mədətov əla baş zərbəsi endirsə də, Rəşad Əzizli möhtəşəm seyvlə komandasını xilas etdi. Ancaq bakılıların müdafiçilirinin seyrici mövqeyində qalmasından yararlanan Maksim Medvedev topu boş qapıdan keçirdi.

Cavab özünü çox gözltməyə bilərdi. Lakin uzun ötürmədən sonra İqnasio Herrera Şahruddin Maqomealiyevlə randevuya getmək üçün əldə etdiyi imkanı boşa verdi. Çilili vinger havayla ötürülən topu ram edərkən, texniki cəhətdən qüsura yol verdi və “süvarilər”in kiperi “mərmi”yə yiyələndi.

Abbaszadənin şərhində isə bu, belə canlandırıldı: “Herrera üçün sözün hər iki mənasında göydəndüşmə şans”. 

Ancaq göylə gələn hədiyyəni İqnasio yerə çırpdı – bu da bizdən əlavə.

Maraqlı dialoqlarla zəngin olan qarşılaşmada dəftərçəmizə düşən daha bir an Rəşad Əzizliylə bağlıdı. Gündüz qışda daha elitar qapıçıya ehtiyac duyulduğunu və Rəşadın böyük hədəflər üçün hələ yetişmədiyini deyir, Məmmədli isə əksinə, Səlahətin yoxluğunda istedadlı əlcək sahibinin olduqca inamlı təsir bağışladığını bildirirdi. Hansı haqlı idi? Əlbəttə, bir epizodla fikir ayrılığına tam aydınlıq gələ bilməz. Lakin Əzizli bu mini-mübahisəni bir andaca həll etdi: Məhəmməd Mirzəbəyovun kobud səhvindən sonra Dino Ndlovu 8-9 metrlik məsafədən qüvvətli zərbə endirsə də, Əzizli fantastik reaksiya ilə həm Mirzəbəyovun dadına çatdı, həm də Məmmədlinin göstərdiyi etimada görə, özünəməxsus şəkildə minnətdarlığını bildirdi.

Az sonra Məmmədli Mirhüseyn Seyidov və Nizami Hacıyevin dünən futboldan ömürlük kənarlaşdırılması məsələsinə də toxunmağa macal tapdı: “Qara cümə”!

Şərhə şərh. ABŞ-da Minnətdarlıq Günü kimi hər noyabrın son cümə axşamı günü qeyd olunur. Bunun ertəsi  - cümə günündə bütün satış məntəqələri bayramla əlaqədar endirim günü təşkil edir. Məhz satanlar üçün əlverişsiz olduğu üçün, noyabrın son cümə gününə - “Qara cümə” deyilir. Məmmədli də Mirhüseynlə Nizami üçün “əlverişsiz verdikt”ə bu cür ad qoydu... hərçənd, İntizam Komitəsinin qərarı dekabrın ilk cüməsinə təsadüf etmişdi.

Şərhçilər teleekranda görünmürlər. Maraqlıdı ki, tandem hansısa fikirlərini çatdıranda həmin epizodu əlavə jestlərlə də ifadə etməyə çalışırdı. Məsələn, Gündüz Herreranın qayda pozuntusundan sonra Xose Luis Kabionu özünəməxsus qaydada xatırladı: “Herrera Azərbaycanda çıxış etmiş 3 çilili futbolçudan biridi. Əksəriyyət yalnız Nikolas Kanalesi xatırlasa da, “Neftçi”də bu ölkədən daha bir oyunçu çıxış edib. Doğrudu, onun Azərbaycan karyerası vur-tut 20 dəqiqədən ibarətdi. Bu, Zaqatalada “Simurq”la görüşə təsadüf etmişdi. Ancaq Kabionun əla çay dəmləməyi var idi”.

Şərhə şərh. Açıq havada dayanasan, özü də göyün 7-ci qatında. Dekabr axşamının soyuq küləyi iliklərə işlədiyi bir anda Abbaszadə sanki bəndənizə “görürsən, nələr çəkirik?” mesajını göndərirdi. O, əl işarəsi ilə armudu stəkanı göstərək, narın bir ah çəkdi. Axı, bu cür havada çaydan danışıb, içə bilməmək böyük əzab idi. Buna baxmayaraq, 90 dəqiqə ərzində “post”umu tərk etmədim.

Final fiti səslənir. Fariz Yusifovun “Qarabağ”ın qış çempionluğunu elan edən fit. Hə, Gündüzlə Elnuru hələ canlı bağlantılar və daha bir neçə dəqiqə soyuq gözləyir. Mən isə konfrans zalına tələsirəm. Şərhçilər barədə fikir yazarkən, bu yazını gözünün önünə gətirin... əvvəldən axıra kimi.

CEYHUN ƏLİYEV
 

18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB