TOP 10

Saxlanılan futbolçularla bağlı ilginc faktlar və Svanadze izi: “kələfin ucu” Gürcüstandadı

Futbol
Tarix: 2017-11-30 16:02

İdman ictimaiyyəti “Keşlə”nin sabiq kapitanı Nizami Hacıyev və yarımmüdafiəçisi Mirhüseyn Seyidovun saxlanılması xəbərini həzm etməkdədi. Bu, “aydın səmada şimşək” idimi? Söhbət konkret saxlanılan iki futbolçudan getmir. Böyük ölçüdə danışılmış oyunların Azərbaycanda mövcud olub-olmamasından gedir ki, bu haqda da ölkə mətbuatında ara-sıra müxtəlif iddialar ortaya atılırdı.  Ötən mövsüm I Divizion təmsilçiləri çempionatdan kənarlaşdırıldısa, bu il məsələ elitayadək yüksəldi.

Bəs, Nizamiylə Mirhüseyn olayının kökündə nə dayanıb? Doğrudanmı bu cür şübhələrə əsas var? Sport24.az məsələni daxili mənbələri hesabına araşdırdıqda ilginc faktlar üzə çıxdı. 

Son 1 ayda zədəsini əsas gətirən Nizami Hacıyev Gürcüstana 2 dəfə səfər edib. “Keşlə”nin kapitanı qonşu ölkədə iynə vurdurmağı əsas gətirib. Səfər xərclərini klub boynuna götürsə də, Hacıyev müalicə aldığı klinikadan sənəd təqdim etməyib. Elə bu amil də hüquq-mühafizə orqanlarının diqqətindən yayınmayıb. Hacıyevin hansı məqsədlərlə Gürcüstana getməsinə dair sübutumuz yoxdu. Ancaq bu ölkədə totalizator biznesinin olduqca güclü inkişaf etdiyi hər kəsə məlumdu.

“Keşlə” ardıcıl 7 oyundan məğlub ayrılıb. Başqa sözlə, 2-ci dövrədə komanda xal üzünə həsrətdi. Bu oyunların əksəriyyətində Mirhüseyn meydanda olub. 5 dəfə start heyətində meydana çıxan yarımmüdafiəçi, bir dəfə də oyuna sonradan daxil olub. Start heyətində oyuna çıxarkən, o, yalnız bir dəfə əvəzlənib. Maraqlıdı ki, "Zirə"ylə görüşün 38-ci dəqiqəsində Mirhüseyni məhz Nizami Hacıyev əvəzləyib. Nizami də Gürcüstanda olmayanda oyunlarda iştirak edib. Bu, 4 görüşə təsadüf edib.

Bəs, Gürcüstanla bağlı şübhələr yalnız bununla bitirmi? Zaur Svanadze baş məşqçi postundan ayrıldığı günədək qardaşı oğlu Ramaz “Keşlə”də 2-ci məşqçi vəzifəsində çalışırdı. Mənbələrimizin iddiasına görə, Mirhüseyn-Nizami tandeminin Gürcüstandakı bukmekerlərə ayaq açmasının arxasında məhz Ramaz Svanadze müstəsna pay sahibi olub.

Əldə etdiyimiz informasiyalara aydınlıq gətirmək üçün “Keşlə”nin icraçı direktoru Rəmiş Malıyevlə əlaqə saxladıq. Təəssüf ki, həmsöhbətimiz qısa açıqlamayla kifayətləndi: “Nizami Hacıyev həqiqətən son 1 ayda iki dəfə Gürcüstana səfər edib. Bizə qonşu ölkəyə iynə vurdurmaq üçün getdiyini bildirmişdi. Digər məqamlara dair bir söz deyə bilmərəm. Çünki məsələylə hüquq-mühafizə orqanları məşğul olur. Hansısa məlumatımız olsa, mətbuata rəsmi bildiriş verəcəyik”.

Göründüyü kimi, “kələfin ucu” Gürcüstana gedib çıxır. Bunu klub rəsmisi də dolayısı ilə təsdiq etdi. Ancaq saxlanılan futbolçulara yetərincə sübut təqdim etmək olacaqmı? Həqiqətən bu “oyun”a qol qoyublarmı? Hələ ki, qəti fikir bildirməyək. Ancaq...

Ötən avrokubok mövsümündə “İnter” (hazırkı “Keşlə”) Avroliqada İslandiya “Hafnarfyordur”u ilə üzə gəlirdi. İlk oyunu səfərdə keçirən təmsilçimiz hüsabda geri düşdü – 0:1. Həmin anda bukmeker kontorlarında “İnter”in qalib gəlməsinə verilən əmsal 25-ə bərabər idi! Görüş Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə nəticələndi. Başqa sözlə, kim(lər)sə “İnter”in qalib gəlməsinə 100 min dollar yatırım etmişdisa, bunun 25 mslini qazandı – 2,5 milyon dollar!

Maraqlıdı ki, eyni ssenrai Bakıda da təkrarlandı. Ancaq tam əksinə. “İnter” Bakıda 1:0 öndə idi və İslandiya klubunun qalib gəlmə əmsalı 25 idi! Hə, əziz oxucu, “İnter” həmin görüşün əsas vaxtında 1:2 hesabı ilə uduzdu və yenə inanılmaz əmsal düz gəldi. Təsadüf idimi?..

Biz şübhəli şəxslərin müqəssir kimi təqdim olunmasının tərəfdarı deyilik. Ancaq söhbət 1-2 yox, serial şəklini alan matç sayından gedirsə, futbolçuların hansısa rəqibə oyun satması mümkün deyil. Çünki onların bütün klublarda şəxsi mafiya xətti olması real deyil. Bukmkerdə “stavka” oynanılıbsa, burda nə “Neftçi”, nə “Qarabağ”, nə “Səbail”in, nə də digər klubun rolu ola bilər. Ancaq diqqətçəkən bir məqam var ki, bu da mütləq araşdırılmalıdı. Çətin ki, saxlanılan iki futbolçu bu cür oyuna ikisi gedib. Çünki şübhəli oyunların əksəriyyətində heç eyni vaxtda meydanda olmayıblar. Deməli, ən azından daha 3-4 komanda yoldaşlarının bu məsələdə əli var. 

Varmı? Bunu istintaq göstərəcək.

CEYHUN ƏLİYEV
 

18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB