TOP 10

Gəncə futbolunun canlı əfsanəsi: "Həmin penaltini vura bilməsəydim, bir daha Gəncəyə qayıtmayacaqdım"

Futbol
Tarix: 2017-11-27 11:00

PFL-in təşkil etdiyi “Bölgələrə səfər” layihəsinə 1 gün qalıb. Sport24.az ənənəsinə sadiq qalır: bu dəfə də səfərdən öncə qızğın müzakirələr və planlaşma. Səfərin “şah əsəri” müəyyənləşməlidi. Ancaq çox baş sındırmağa ehtiyac yoxdu. Çünki düz 50 il əvvəl – 1967-ci ilin nöyabrın 24-də Kirovobad “Dinamo”su SSRİ-nin Güclülər Dəstəsinə vəsiqə əldə edib. Səfərimiz də noyabrın 25-nə təsadüf edir. Həmin komandadan cəmi 4 nəfər aramızdadı və onlardan biri, həmin dövrlərdə komandanın kapitanı olmuş Müzəffər Qasımov bu gün də Azərbaycan futbolu uçun çalışır. Qasımov hazırda “Kəpəz”in Müşahidə Şurasının üzvüdü. Qocaman veteranla görüşümüz “Kəpəz” – “Qəbələ” matçının start fitinə 45 dəqiqə qalmış baş tutur.

-    1967-ci il. “Kəpəz” SSRİ-nin Güclülər dəstəsinə vəsiqə əldə etdi. Komandanın kapitanı Müzəffər Qasımov həmin anları necə xatırlayır?
-    Elə bir xatirədi ki, onu unutmaq olmaz. O dövrlər Azərbaycanda əsas iki komanda var idi: biri Bakını təmsil edirdi, digəri də Kirovobadı (müasir Gəncə - müəl.). “Neftçi” 1937-ci ildən SSRİ birinciliyində iştirak edirdi. Lakin heç vaxt elə bir uğur qazanmamışdı ki, Güclülər dəstəsinə vəsiqə əldə etsin. Bəli, 1960-cı ildən Yüksək Liqada çıxış edirdi. Ancaq bu, SSRİ Futbol Federasiyasının hər respublikaya bir yer verməsi nəticəsində baş tutmuşdu. Kirovobad “Dinamo”su 1959-cu ildə təşkil edildi. Cəmi 8 il sonra belə bir yüksək nailiyyətə imza atdı. Tək Gəncə yox, ətraf şəhərlər də bu böyük uğuru bayram edirdi. O vaxt 1-ci Liqa 3 zonaya bölünmüşdü: Ukrayna, Avropa və Asiya ilə Orta Asiya zonaları. Asiya və Orta Asiya zonasından Karaqanda “Şaxtyor”u, Ukrayna zonasından Kiyev OİK-i, Avropa zonasından isə bizim komanda qələbəni bayram etdi. Bu 3 kollektiv arasında “A” dəstəsinə yeganə vəsiqə uğrunda 2 dövrədən ibarət turnir keçirildi.  Karaqanda təmsilçisi ilə eyni xal topladığımızdan çempionluq uğrunda əlavə oyun keçirilməli oldu. Görüş Daşkənddə təşkil edildi. Söz vaxtına çəkər. Bu gün noyabrın 25-di, həmin qarşılaşma isə noyabrın 24-də, düz 50 il əvvəl baş tutmuşdu. Çətin oyun oldu, lakin 1:0 qalib gəldik və “A” dəstəsinə yeganə vəsiqənin sahibi olduq.

 

"Gördüm heç biri rəqib qapısı tərəfə baxmır"

 

-    Elədi, Müzəffər müəllim, söz vaxtına çəkər. Gəncəyə gəlmək üçün planları hazırlayarkən, redaksiya heyəti ilə bu məqama diqqət yetirmişdik ki, tarixi zəfərdən düz 50 il sonra Gəncədə olacağıq. Ancaq arxivləri gəzərkən, daha bir maraqlı epizoda rast gəldik. “Şaxtyor”la “ölüm-dirim” matçının baş tutması üçün OİK-ə qalib gəlməli idiniz. Oyunun gedişatında komandanız 0:2 geridə olsa da, son dəqiqə qoluyla Ukrayna təmsilçisi üzərində 3:2 hesablı qələbə qazanıb. 
-    (Fikrə gedir)... Həə, dediyiniz kimi olmuşdu. Uduzsaydıq, hətta heç-heçə oynasaydıq, Qazaxıstan klubu 1-ci yeri tutacaqdı. Lakin final fitinə 1 dəqiqə qalmış Nurəddin Əliyev qapıçıları ilə təkbətək çıxdı. Arxadan gələn müdafiəçiləri Nurəddini yerə sərdi. Baş hakim Balaşkov idi. Düşünmədən penalti təyin etdi.

-    Müzəffər müəllim, yaman təvazökarlıq edirsiniz. Axı, penaltini vuran elə özünüz olmuşdunuz. Özü də necə bir məqamda! Heç adını tutmursuz...
-    (Veteran futbolçunun səsi bir qədər titrəyir, gözlərini gizlətməyə çalışır) ...Komandamızda penaltini iki nəfər vururdu. Biri Kazmin idi, biri də mən. Kazminin zərbəsi isə dəhşət idi! SSRİ-də elə qüvvətli zərbə 3-4 futbolçuda olardı. Həmin mənzərə indiki kimi gözümün qarşısındadı. Komanda yoldaşlarıma tərəf baxdıqda, gördüm heç biri rəqib qapısı tərəfə baxmır, hamısı üzünü çevirib öz qapımıza. Bir yandan da hakim bildirdi ki, qapıya tək zərbə olacaq. Yəni, oyun vaxtı bitib, qapıçıdan top meydançaya qayıtsa da, təkrar zərbəyə imkan verilməyəcək. Kazminə dedim ki, get vur. Düşünmədən zərbəni vurmaqdan imtina etdi. Həyəcan öz sözünü deyirdi. Məsuliyyəti üzərimə götürməli oldum. Ancaq əsas lazım olan qol idi ki, bunu da vurdum.

-    Müzəffər müəllim, 50 il keçib üstündən, etiraf edin ki, belə bir məqamda “nöqtə”yə yaxınlaşmağa cürət etmək hər oğulun işi deyil...
-    Əlbəttə ki, elə bir an idi ki, bunu sözlə ifadə edə də bilmərəm. Axı, burda tək mənim deyil, bütün komanda yoldaşlarımın, məşqçilərimizin, azarkeşlərimizin bütün əziyyəti puça çıxa bilərdi.

-    Penalti zərbəsinə yaxınlaşarkən, ağlınızdan belə bir fikir keçmirdi ki, qol olmasa, karyeranızı bitirəcəksiniz?
-    Yox, bir qədər fərqli fikir var idi başımda: qol vura bilməsəm, bir daha Gəncəyə qayıtmayacam. Çünki bundan sonra gəncəlilərin üzünə baxa bilməzdim. 50 il ötür həmin hadisədən, amma indiyə kimi hamı həmin qolu xatırlayır, hamı minnətdarlığını bildirir. 

-    OİK-lə oyunu necə xatırlayırsınız?
-    Həmin görüşdən öncə Ukrayna klubu əsas qapıçısını komandadan kəınarlaşdırdı. Buna səbəb “Şaxtyor”la matçda buraxdığı səhvlər idi. Klub rəhbərliyi qapıçının oyunu bilərkdən verməsindən şübhələnmişdi. Komanda da bizimlə həlledici matça ikiqat əzmkarlıqla çıxmışdı ki, özlərinə bəraət qazandırsın. Lakin bacarmadılar, biz 1:0 qalib gəldik və tarixi uğura imza atdıq. Oyundan əvvəl bildik ki, Mərkəzi Komitənin Təşkilat Komitəsinin sədri Tofiq Bağırov oyunumuzu izləməyə gəlib. O, vaxtilə Gəncədə I Katib vəzifəsində çalışmışdı.

-    Daşkənddən birbaşa Gəncəyə qayıtdınız?
-    Yox, Özbəkistan paytaxtında 1 gün qaldıq və ordan Bakıya qayıtdıq. Üç gün ərzində paytaxtda müxtəlif görüşlərimiz oldu, o cümlədən Mərkəzi Komitədə də bizi qəbul etdilər. Orda açıq söhbətimiz oldu. Kimin nəyə ehtiyacı olduğunu soruşdular. Üç futbolçumuz Bakıdan ev istədi və yerindəcə üçotaqlı mənzilin verilməsi ilə bağlı qərar qəbul olundu. Komandanın kapitanı idim. Məndən də nəyə ehtiyacımın olmasını soruşdular. Dedim ki, Gəncədə mənzilim var, ali təhsilimi də almışam. Avtomobil verilməsini xahiş etdim. Növbədənkənar QAZ-21 markalı maşın ayrıldı. Həmin dövrlərdə çox nadir adamlarda QAZ-21 avtomobili ola bilərdi.

 

Çempion maşını öz puluyla aldı

-    SSRİ dövründə avtomobillər növbə ilə satılırdı. Ancaq Sİzə növbədənkənar pulsuz maşın!..
-    Xeyr, pulsuz olmadı. Qayıtdım Gəncəyə, apardım 5600 manat (rubl) pulu köçürdüm kassaya və bundan sonra avtomobilimə yiyələndim. 


-    O boyda tarixi uğur və qarşılığında avtomobili də öz pulunuza aldırdılar?
-    Hə, vallah! Pulu öz cibimdən ödədim. Ev problemsiz verilirdi pulsuz. Maşın qəliz söhbət idi.

 

"Udduq erməniləri!"

-    Nəhayət, qayıtdınız Gəncəyə...
-    Qatarla qayıtdıq.Vağzalda bizi ovaxtkı hərbi maşınlar – “Vilis”lərə iki-iki, üç-üç otuzdurdular. Ümumilikdə 8 maşın ayrılmışdı, hamısı da gül-çiçəklə bəzədilmişdi. Həmin maşınlar bizi Gəncə Dram Teatrına apardı. Kütlə bizi məhz orada gözləyirdi. Müxtəlif çıxışlar oldu, hətta belə bir təşəbbüs irəli sürüldü ki, hər birimizə Gəncənin Fəxri Vətəndaşı adı verilsin. Ancaq elə söhbət olaraq da qaldı. Çünki sonradan arxivləri nə qədər axtarsaq da, buna dair sərəncam tapılmadı.

-    1968-ci ildə komandanız Güclülər Dəstəsində ilk oyununa çıxdı...
-    Gəncə stadionu hələ hazır deyildi. İlk iki matçımızı Sumqayıtda keçirdik. Kiyev “Dinamo”su və Odessa “Çernomorets”i ilə heç-heçə oynadıq. Sonrakı görüşümüz Bakıda baş tutdu və “Neftçi”yə 0:1 məğlub olduq. 


-    Ancaq səhv etmirəmsə, cavab qarşılaşmasında “Neftçi”yə qalib gəldiniz...
-    Elədi, hərçənd, stadionumuz hazır olmadığı üçün həmin görüş də Bakıda baş tutmuşdu. Onda 3:2 qalib gəldik. Ümumilikdə 19 xal topladıq.

-    Hər zaman ən prinsipial rəqib “Aararat” olub. Onlardan necə, xal ala bildiniz?
-    Həmin görüş Gəncədə ilk ev oyunumuz idi. 25 min tutumlu stadionumuzda 30 minə yaxın azarkeş var idi. Pilləkənlər də dolu idi. Udduq erməniləri – 1:0!

-    Eşitdiyimizə görə, bir neçə dəfə “Neftçi”yə dəvət olunmusunuz. Hətta məşqlərə qatılmısınız. Lakin yenə də qayıtmısınız Gəncəyə. İnformasiyamız doğrudu?
-    (Gülür) Hə, 1-2 dəfə dəvət ediblər. Komandaya qoşulduğum il isə 1970 olub. Ələkbər Məmmədov idi “Neftçi”nin “sükanı arxası”nda. Yenicə ailə qurmuşdum. Dedilər ki, Bakıda ev verəcəyik. İki gün məşqə gedib-gəldim. Ələkbər Əmiroviçə dedim ki, bəs, ev necə oldu? Cavab verdi ki, sabah Nazirlər Kabinetinə gedəcəm, həll edəcəm. Ancaq axşam məşqinə gəlib çıxçadı. Yaşar Babyevlə bacanağıq. Uşaqlarla da əla münasibətlərimiz olub həmişə. Tolya Banişevski, Yaşar, Mübariz Zeynalov yığışmışdıq bir yerə. Elə birdən qalxdım ayağa ki, nə vaxta qədər orda-burda qalacam!? Yığdım çantamı, qayıtdım Gəncəyə. Nə qədər dedilər ki, getmə, fikrimdən dönmədim.

-    Ancaq həmin dövrlər futbolçu özü qərar verə bilmirdi axı...
-    Doğrudu, Bakıdan Gəncəyə zəng gəldi. Dedilər qayıtmalıdı “Neftçi”yə. Komandamızın rəhbərliyi məni çağırıb qayıtmağımın səbəbini soruşdu. Dedim yeni ailə qurmuşam, yoldaşım burda, mən Bakıda, belə düz gəlmir. Soruşdular qayıtmaq istəmirsən, dedim ki, yox, Gəncədə oynayacam. Bilmirəm necə həll etdilər, amma qaldım burda. Bilirsiniz, Tovuz futbol məktəbinin yetirməsi olsam da, üz-gözüm bura öyrəşib. Adicə yolu keçmək istəyəndə, hətta trolleybus, tramvay dayanırdı ki, mən yolu keçim.

 

"Müzəffərdən də yaxşıları yetişər"

-    Bir neçə kəlmə də “Kəpəz”in indiki durumundan. Doğrudanmı Gəncədə istedadlar tükənib?
-    (Gözlər sanki orbitindən çıxacaq) Yoxdu, bala, yoxdu! Tükənib! Bu qədər yarışlar keçirirlər məktbələr arasında, bu qədər turnirlər təşkil olunur. İstirahət günləri gedib oyunları izləyirəm. Bu qədər uşaq məşğul olur, ortada bir şey yoxdu. Başa düşmək olmur ki, 14-15 yaşından sonra bu uşaqlar niyə itib-batır?!

-    Nədə görürdünüz səbəbi?
-    Küçə futbolu itib. 60-61-ci illərdə Bakıya qış tətilinə gedərdik. 6-7 nəfər yığışardıq, gedib küçə futbolu oynayırdıq. Nə gizlədim,arada puldan oynayırdıq. Bizi tanımırdılar, fikirləşirdilər ki, Gəncədən gəliblər də... Udurduq hamısını. Ancaq rəqib tapmaqda çətinlik çəkmirdik, çünki bütün məhəllələrdə futbol oynanılırdı. Bax, indi “Kəpəz”də cəmi 1 gəncəli balası oynayır, adam yanıb-tökülür.

-    Qeyd etdiniz ki, 14-15 yaşından sonra uşaqlar itib-batır. Yəni, onların arasında da istedad yoxdu?
-    Ola bilməz e! Hər qrupdan ən azı 1-2 istedadlı uşaq çıxır. Nə bilim, bəlkə də məşqçilər düzgün istiqamət verə bilmirlər ki, sonradan itib-batırlar. Məəttəl qalıram. Həm də özünü bir qədər yaxşı tərəfdən göstərən uşağı ya Qəbələyə aparırlar, ya da Bakıya. Bunun qarşısını almaq lazımdı.

-    Necə? 
-    Şərait yaxşılaşdırılmalıdı. Gəncədə də Futbol Akademiyası tikilməlidi. Belədə, yerli uşaqlar məşqlərini qalıb burda davam etdirə bilərlər.

-    Deməli, yeni Müzəffər Qasımovlar yenidən Gəncə azarkeşini sevindirə bilər?
-    Müzəffərdən də yaxşıları yetişər!

CEYHUN ƏLİYEV
 

18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB