TOP 10

Zaur Axundovla "Keşlə" səyahəti: dünən, bu gün, sabah

Futbol
Tarix: 2017-11-17 15:09

Cari mövsüm başlayandan bəri futbolumuzun Heydər Əliyev prospektindəki hissəsində "qazan" durmadan qaynayır. Gah sponsor imtina etdi, gah stadion və baza əlindən alındı, gah ad dəyişdirildi, gah da baş məşqçi istefaya göndərildi. Hələ üzərində transfer qadağası olmasını demirik. Problemlər məngənəsindən heç cür qurtula bilməyən "Keşlə"nin prezidenti Zaur Axundov Sport24.az-a verdiyi müsahibədə çətinliklərin böyük ölçüdə arxada qaldığını bildirdi. 

-    Artıq 6 aydı ki, komandaya rəhbərlik edirsiniz. Nələr yaşadınız, hansı işləri gördünüz? 
-    May ayından bu günə nəzər salsaq, çətinliklərimizin demək olar 70 faizini keçmişik. Biz komandaya gələndə, dağılmaq ərəfəsində idi. Bunu sizlər də yaxşı xatırlayırsınız. Əsas heyətin 6-7 futbolçusu artıq başqa klublarla danışıq aparmışdı. Biz onun qarşısını aldıq. Futbolçularla söhbət elədik, xahiş elədik ki, komandada qalsınlar. Düzdü, biz əvəzedici heyətdən futbolçuları gətirib oynada bilərdik. Ancaq bu addım komanda üçün istənilən effekti də verməzdi. Son uğursuzluqlarımıza baxanda, fikirləşirəm ki, bəlkə onda biz yanlışlıq etdik. Ancaq ən əsas odur ki, komanda dağılmadı, yaşadı, bu gün də yaşayır. Ümidvaram ki, daha da yaxşı uğurlarımız olacaq. Təbii ki, uğursuzlqudan sonra baş məşqçi dəyişikliyi də oldu.

-    Yeri gəlmişkən, gürcü mütəxəssis Zaur Svanadzeni istefaya göndərməyinizdə həlledici rol nə oynadı?
-    Onun vaxtında son 4 oyunda komanda uduzur, qol da vurmurdu, oyun göstərmirdi. Dünya futbolunda da bu parktika var ki, belə uğursuzluq olanda baş məşqçinin dəyişilməsi zəruri olur. Zaur Svanadzeni pisləməyə ehtiyac yoxdu. Sağ olsun, onun da əməyi böyük olub. Amma bu, futboldu. Bilirsiniz ki, heç kim bir klubda illər boyu qalmır. Qala bilər, müəyyən nəticələrə görə. Ancaq mənim futbola öz baxışım var. Belə fikirləşdim ki, komanda üçün yeni nəfəs lazımdı. Bu istiqamətdə də işimizi görürük. Komandamız yaşayır. Yeni baş məşqçimiz Ramiz Məmmədov fərqli məşq prosesləri keçir. Düzdü, debütündə “Sumqayıt”la qarşılaşmada uğursuzluq yaşadıq. Ancaq qarşıda onun 3 çempionat, 1 kubok matçı var. Bu da onun sınaq müddətidi.  

-    Qış transfer dövrüylə bağlı planlar necədi?
-    Bu yöndə öz işlərimizi görürük. Artıq müəyyən namizədlər var, danışıqlarımızı aparırıq. Komandadan ayrılanlar da olacaq. Bu, konveyer kimi bir prosesdi, öz axarı ilə gedir. Ümidvaram ki, yeni adımız olan “Keşlə”ylə ambisiyalarımıza yenidən qayıdacağıq. 

-    Baş məşqçi dəyişikliyi olsa da, heç kimin əlində sehirli çubuq yoxdu. Komandada futbolçu məhdudiyyəti var və bunu aradan qaldırmaq daha çox qışdan sonraya planlaşdırılır. Turnir cədvəlindəki mövqeyiniz yeni transferlərin olunmasına hansısa təsiri göstərəcək, yoxsa son pillələrdə qərarlaşmağınıza baxmayaraq, iddianızı qoruyaraq transfer bazarında ciddi islahatlar aparacaqsınız?
-    Bilirsiniz, yenə də hər şey yaxşı maliyyəyə bağlanır. Ancaq biz Premyer Liqada oynayan komandayıq. Bu komandanın adət-ənənəsi olub. Çempionluq qazanıb, Avropa Liqasında 2 mərhələ keçib. Bu il 1 mərhələ keçdik, 2-də gözlənilmədən dayandıq. Təbii ki, transferlər üçün 2 illik qadağa öz sözünü deyir. Saytınıza ilk müsahibəmdə də demişdim ki, start heyətinin bir futbolçusunun zədələnməsi bizim üçün artıq faciə idi. 

-    Hətta Türkiyədə yay toplanışında yoxlama oyunu keçirmək istəmirdiniz...
-    Bəli, zədə probleminə görə qorxurduq. Türkiyədə planda 6 oyunumuz vardı. Burdan zəng edib dedim ki, 3 oyun keçirin. Futboldu, heç kim heç nədən sığortalanmayıb. Oyunda qarşıdurma da olur, futbolçular zədə də alırlar. Baxın, 11 tur keçib, kapitanımız Nizami Hacıyev cəmi 3 oyun meydanda olub. Denis Silva, Adrian Skarlatake zədə üzündən neçə oyun buraxmaq məcburiyyətində qaldılar. Qırmızı vərəqə alan futbolçumuz olub. Biz itkilərin yerini doldura bilmirik.
 
-    Ehtiyat oyunçular skamyanız qısadı...
-    Qısa yaxşı sözdü, yoxdu. Qısa olanda mən razıyam. Futzalda da qısa skamyayla oynamışıq. Ancaq indi futbol komandamızda ehtiyat skamya yoxdu. Bu, öz sözünü deyir. Əvəzedici heyətdən gətirib futbolçunu qoyanda da təcrübəsizlik özünü göstərir. Baxmayın, əvəzedicilərin oyunları başqa, Premyer Liqanınkı başqa. Əvəzedicidən gələn futbolçu burdakı 7 komandadakı peşəkar futbolçulara qarşı oynayanda təcrübəsizliklikdən səhvlərə yol verir. 

-     Elə son turda bunun şahidi olduq. Əvəzedicilərinizin kapitanı Sinan Akkoyun bir anlıq özünü itirdi və rəqib futbolçu Cavid İmamverdiyev topu ondan “oğurlayaraq” qol yaratdı...
-    “Sumqayıt”ın çox savadlı baş məşqçisi var. O, başa düşəndə ki, bu futbolçu hələ tam hazır deyil, Cavid İmamverdiyevi onun qarşısına qoydu. Bütün hücumları da onun üzərindən getdi. Bunların hamısının yoluna qoyulması üçün zaman lazımdı. Düzdü, mən zamanla danışmağı sevməyən insanam. Mənim üçün futbolda perspektiv sözü yoxdu. Nədirsə, bu gün, qısa bir müddətdə olmalıdı. Təbii ki, islahatlar aparacağıq. Yeni futbolçular cəlb edirik, artıq danışmışıq. Onlar qışda gəlib baxışdan keçəcəklər. Bizə lazım olan futbolçuları götürəcəyik. “Keşlə”ni nə mən, nə də futbol ictimaiyyəti belə durumda görmək istəyər. Ancaq bizdən asılı olmayan məsələlər də vardı. Bu istiqamətdə lazım olan işləri görürük.
 
-    Qış fasiləsində yeni futbolçular cəlb etmək ikiqat çətindi. Çünki onların klubları ilə müqavilələri var. Bu, legionerlərə də aiddi. Dediyim bu problem işinizə nə dərəcədə mane olur?
-    Təbii ki, yay transferiylə qış transferi arasında 180 dərəcə fərq olur. 6 aylıq heç kim müqavilə bağlamır, qışda futbolçu almaq çox çətin olur. Heç bir yüksək səviyyəli futbolçu qışadək müqavilə imzalamır. Ancaq mən öz əlaqələrimi işə salmışam. Özü də bunu indi yox, avqust ayından etmişəm. Müəyyən insanlarla şəxsən özüm danışmışam. Avropada, keçmiş postsovet məkanında futbolçular var ki, ilyarımlıq müqavilələri var və onların anlaşmaları qışda bitir. Praktikada belə müqaviləli futbolçular da, legionerlər də var. 

-    Təxminən neçə yeni futbolçu cəlb etməyi düşünürsünüz?
-    Qapıçı daxil olmaqla ən azından 5 futbolçu lazımdı. Bununla da əsas heyəti yayadək formalaşdırmış olarıq. Ancaq təbii ki, yerli futbolçularla da bağlı ciddi axtarışdayıq. Tək legionerlə iş olmur. Prioretetimiz yerli futbolçularla da güclənməkdi. Akemiyamızın komandalarında yaxşı futbolçular var. Onlar peşəkar məşqçi və oyun təcrübəsiylə “bişməlidirlər”. Bizdə 24 saat dayanmadan bu istiqamətdə işlər gedir.

-    “İnter”in Müşahidə Şurası yaradıldı. Bu haqda informasiya verərdiniz. Şurada neçə nəfər var, konkret kimlər yer alıb və funksional vəziəfləri nədi?
-    Bizdə İctimai Birlik yaranır və artıq sənədləri vermişik. Yəqin ki, yeni ildən rəsmiləşəcək. Müşahidə Şurasında (MŞ) 5 nəfər yer alacaq. Təbii ki, MŞ-də veteran futbolçularımız da olacaq. İlin sonunadək qığın işlərimzi gedir. Bu, həm komandanın formalaşması, həm də ictiai birliyin yaranmasıyla bağlıdı. Rəhbər heyət tərəfdən lazım olan hüquqi işlərimizi aparırıq. Bununla əlaqədar mətbuat konfransımız də olacaq. Ora medianı da dəvət edəcəyik, ilk iclasımızda iştirak edəcək.
 
-    Bir maraqlı məqama aydınlıq gətirməyinizi istəyərdik. Əsas komanda “Keşlə” adı altında çıxış edir, aşağı yaş qrupları hələ də “İnter” adlanır...
-    Komandalarımız çoxdu, ancaq “İnter” sözü yoxdu. Ola bilər ki, hardasa texniki səhv olsun. Bu da qısa müddətdə aradan qalxar. Mən sizə rəsmən açıq şəkildə bəyan edirəm ki, “İnter” adı altında heç bir komandamız yoxdu. Bakının “İnter” klubu artıq tarixdədi. Bütün komandalarımız “Keşlə” adlanır.

-    Ancaq stadion hələ ki “İnter Arena” olacaq...
-    Bildiyiniz kimi, stadionumuz iyuldan “Aqrokredit”in balansındadı. Bu da Beynəlxalq Bankla müqavilə bitəndən sonra reallaşıb. Stadionun tam idarə olunması bütünlüklə “Aqrokredit”in səlahiyyətinə dairdi. Biz də onların daxili işinə qarışa bilmirik. Stadionun necə adlanması onların səlahiyyətində olan məsələdi. 

-    Baş məşqçi məsələsinə də aydınlıq gətirərdiniz. Artıq özlüyünüzdə bir qərar vermisiniz ki, Ramiz Məmmədov cari mövsümün sonunadək komandaya rəhbərlik edəcək? O da sizin kimi sərt xasiyyətli, niazm-intizama üstünlük verən insandı...
-    Mənim xasiyyətimə uyğun gəlmək hardasa rol oynayırsa, əsas nəticədi. Ramiz müəllimlə danışığımız olub. O, müvəqqəti baş məşqçi vəzifəsini icra edir. İlin sonunadək komandaya başçılıq edəcək. Futzaldan da bilirsiniz ki, mənim üçün ən vacib nizam-intizamdı. Heç kim o nizam-intizamı poza bilməz, komandada birlik olmalıdı. Həmişə xoşlamışam ki, təbiətcə sərt adamla işləyim. Bilirsiniz ki, nəticə də nizam-intizamdan gəlir. Biz indi baş məşqçiylə bağlı başqa şey fikirləşmirik. Ramiz Məmmədovla 1 oyun keçirmişik, qraşıda 4 oyun var. 

-    Baş məşqçi dəyişikliyindən sonra oyun planında fərq hiss edirsinizmi?
-    “Sumqayıt”la oyun öncəsi Ramiz müəllim 4 gün məşq keçmişdi. İstək vardı. Ancaq deyim ki, 50 faiz fərq var, yox, elə söz deyə bilmərəm. Bildiyiniz kimi, mən açıq, səmimi danışan insanam. Məmmədovu da qınamaq olmaz. 4 məşqlə vəziyyəti tam dəyişmək olmaz. Ancaq 10-15 faiz fərq vardı. Çempionatımızda yaranmış ikihəfətlik fasilə lap yerinə düşdü. Ramiz müəllim bazamızda 7-8 günlük təlim-məşq toplanışı keçdi. Sabah da liderlərdən biri “Zirə”ylə ev oyunumuz var. Yenə də hər şey göz qabağında olacaq. Hamı hər şeyi yaxşı görür, qiymət verir. Sonra “Neftçi” və “Qəbələ”ylə görüşlərimiz olacaq. Bir də kubokda 1/8 final qarşılaşmamız.

-    Özünüz də qeyd etdiniz kimi, sizə qapıya da transfer lazımdı. Kamran Ağayev də saytımıza müsahibəsində bildirib ki, Zaur Axundovla münasibətlərim yaxşıdı və “Keşlə”yə keçmək variantını istisna etməyib. Bəs siz bu variantı nə dərəcədə real sayırsınız?
-    Azərbaycanda hər bir klub istəyər ki, Kamran Ağayev kimi qapıçısı olsun. Mən belə fikirləşirəm. Şəxsən mən bir klub rəhbəri kimi Kamranı çox istəyərdim. Ən birinci olaraq Ağayev milli komandamızın “1 nömrəsi”di. Millimiz ilk dəfə 10 xalı yığdı və bunda Kamranın zəhməti heç də az olmadı. O, bir çox oyunlarda 100 yox, 150 faiz gücüylə qapıda durdu. Can yandırdı, dəfələrlə yüzfaizli qol epizodlarında millimizi xilas etdi. Bu, danılmaz faktdı. Kamranın Çexiya klubuyla müqaviləsi var. Təbii ki, ona uğurlar arzulayıram. Bizim üçün sevindiricidir ki, millimizin üzvü Avropanın yaxşı bir çempionatlında yüksək liqa komandasında qapıçıdı. Ancaq istəyərdim ki, Kamran “Keşlə”nin qapıçısı olsun. Mən bunu açıq etiraf edirəm. O, “İnter”in vaxtında da burda oynayıb. 

-    Kapitanınız Nizami Hacıyevin qışda “Neftçi”yə keçəcəyi ilə bağlı xeyli vaxtdır söhbətlər gedir. Onun gedişi reallaşacaq, yoxsa komandada qalacaq?
-    Təbii ki, Nizami peşəkar futbolçudu. Ona bir futbolçu kimi böyük hörmətim var. Ancaq bu, futboldu. Söhbət ümumiyyətlə, Nizamidən getmir, getmək istəyən futbolçunu saxlamazlar. Məndə belə bir prinsip var. Fiziki burda oynayıb, ürəyi başqa klubdadırsa, o futbolçunun mənim üçün U-19-da da yeri yoxdu. Gedən futbolçunu saxlamazlar. Rauf Əliyevin getməyi bizə çox təsir etdi. Gördüyünüz kimi, hücum xəttimiz bu gün yoxdu. Ciddi problemlərimiz həm orta xətdədi, dayaq yarımmüdafiəçisi mövqeyindədi, həm də hücumda. Böyükağa Hacıyev demişkən, qabaqda vuran ayağımız yoxdu. Pərdis Fərcad-Azad nə qədər çalışsa da, onu topla təmin edən yarımmüdafiəçilər olmalıdı. Onlar öz funksiyalarını 100 faiz yerinə yetirmirlər. Raufun vuran ayağı vardı. Üstəlik, transfer qadağası vaxtında onun komandamızdan gedişi heç yerinə düşmədi. Ancaq bu, futboldu, Raufun özünə də dedim ki, sənə uğurlar olsun. Yenə də Avropa komandasındadı, deyirlər ki, azərbaycanlıdı. Bu da bizim üçün sevindirici haldı. Düzdü, Raufun gedişiylə biz də pis vəziyyətdə qaldıq. Ancaq artıq “transfer pəncərəsi” bizim üçün açılır. 
 

CEYHUN ƏLİYEV, MEHMAN SÜLEYMANOV

18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB