TOP 10

Elnur Eyvazovla 52 dəqiqə: “İnanıram ki, qarşıdakı oyunlarımıza azarkeşlərimiz daha çox gələcək və növbəti zəfərlərimizi də onlarla çiyin-çiyinə əldə edəcəyik”

Futbol
Tarix: 2017-11-13 10:49

Deyəsən, “qara buldular” “Neftçi” ailəsinin başının üzərindən dağılır. Hər halda, komanda son 7 turd daha inamlı təsir bağışlayır. Əlbəttə, bunda yeni baş məşqçi Tərlan Əhmədovun rolu danılmazdı. Ancaq istənilən klubun yüksələn qrafik cızması üçün maliyyə məsələlərinin də ən yüksək səviyyədə həllini tapması başlıca şərtlərdəndi. “Neftçi”də isə bu məsələlərə birinci məsul şəxs klubun vitse-prezidenti Elnur Eyvazovdu. Gənc funksionerlə söhbətimizin böyük hissəsi də elə maliyyə məsələləri ilə bağlı oldu. 52 dəqiqə davam edən müsahibədə istər maliyyə olsun, istərsə də digər “cəbhələr”də həmsöhbətimiz “səmimiyyət silahı”nı yerə qoymadı. 

 

“İstənilən maliyyə yoxlamasına hazırıq”


-    “Neftçi”yə gəlişinizin ilk vaxtları icraçı direktorun müavini vəzifəsinə təyin olundunuz...
-    Elədir ki, var. Ancaq bir düzəliş edim. Mən maliyyə məsələləri üzrə müavin idim. Yəni, bütün maliyyə hesabatlarına cavabdeh şəxs təyin edilmişdim. Eyni zamanda büdcəmizə daxil olan vəsaitlərin düzgün istiqamətə yönəldilməsi məsələsinə də bilavasitə nəzarət edirdim. Deyə bilmərəm, hansı klubda vəziyyət necədi, ancaq biz 100 faiz “ağ mühasibat”la işləyirik. Yəni, “qara kassa”mız mövcud deyil və bu sözlərimə tam məsuliyyət daşıyıram. Hətta dəftərxana ləvazimatlarımız köçürmə yolu ilə əldə edirik. Bizimlə əməkdaşlıq edən bütün tərəfdaşlarımız bu barədə məlumatlıdırlar. İstisna hallar var ki, biz nağd ödəniş etməli oluruq. Ancaq belə olan halda da həmin xərclər kassa mədaxil orderi ilə təsdiqini tapır. Bəzən daha ucuz qiymətə hansısa məhsulu tapsaq da, bu ödənişi rəsmi şəkildə həyata keçirə bilmədiyimiz üçün daha baha, lakin qanuni alış edirik. Bax, buna görə də əminliklə deyirəm ki, istənilən maliyyə yoxlamasına hazırıq... Sonradan struktur dəyişikliyi baş verdi: Orxan Hüseynzadə prezident təyin edildi, mən isə vitse-prezident oldum. Bütün gördüyüm işlər yenə də mənə həvalə olundu. Ancaq bu 1 il ərzində klubda topladığım təcrübə idman sahəsinə də baş vumağıma imkan verdi. Bəli, indi görürəm ki, futbol – böyük bir təsərrüfatdı və burda hansısa xərcləri gəlirlərlə bağlamaq mümkündü. Ancaq bütün məsələlərdə Orxan müəllimlə məsləhətləşirəm. Elə bir qərar yoxdu ki, təkbaşına qəbul edim. Mütləq klub prezidenti ilə məsləhətləşmələr olur və yalnız bundan sonra qərar verilir. Başqa cür ola da bilməz. Çünki hərə “yorğanı öz üzərinə çəksə”, iş uğurlu alına bilməz.

-      Qeyd etdiniz ki, klubdakı “gəlir” qrafasını da nələrləsə zənginləşdirmək mümkündü. Bax, bu barədə danışmağınızı istəyərdik...
-    Özünüz də çox gözəl bilirsiniz ki, klubun gəlirləri idman nəticələrinə bağlıdı. Ötən mövsümü aktivimizə yazdıra bilmərik. Sponsorların cəlb edilməsində turnir cədvəlindəki mövqeyimiz mənfi təsirini göstərdi. Müxtəlif təklif paketlərimiz var idi. Bura titul sponsoru, baş sponsor, kommersiya tərəfdaşlığı kimi variantlar daxil idi. Ancaq bütün səylərimizə baxmayaraq, məhz idman nəticələri həlledici rol oynayırdı. Bəli, “Asan Xidmət”lə müqaviləmiz var idi və oktyabrda başa çatdı. Hesab edirəm ki, bu, daha çox sosial layihə idi. Artıq bu mövsümün əvvəlində “Asan Xidmət”ə müraciət etdik ki, kommersiya tərəfdaşları ilə danışıqlara başlamaq istəyərdik. Onlar da bizi anlayışla qarşıladılar. Bəli, büdcəmiz çətinliklə olsa da, planlaşdırılan xərcləri bağlayır. Ancaq biz əlavə gəlir mənbələri tapmaq istəyirik ki, klub daha da irəli gedə bilsin. Məsələn, avrokubok zonasına düşdükdə belə vəsait əldə etmək mümkün olur. Axı, xərclərimiz ancaq futbolçuların maaşlarını ödəməklə bitmir. Balansımızda olan “Bakcell Arena”, məskunlaşdığımız baza, İsmət Qayıbov adına stadion – bütün bunlar büdcəmizin xeyli hissəsini aparır. Yay aylarında təkcə balansımızdakı meydanların suvarma işləri 20-25 min manat pul aparır. Axı, bura hər üç məkanda çalışan insanların aylıq məvaciblərini də əlavə etmək lazımdı. Bura gəldiyimiz gündən əsas məqsədimiz əlavə xərclərdən qurtulmaq olub. Daha bir məqama diqqət yetirmək istəyərdim. Nəyisə qənaət rejimində almaq istəyəndə dərhal belə bir reaksiya görürsən: “Axı, bu, “Neftçi”di! Klubun adına layiq olmalıdı”. Məsələn, qış fasiləsini Bakıda keçirmək istəsək, mütləq eşidəcəyik ki, “bu, “Neftçi”yə yaraşmaz”. Əlbəttə, “Neftçi” brenddi və bu brendi qorumaq hər birimizin borcudu. Ancaq klubun simasını “A” komandası müəyyənləşdirir. Deməli, bütün sahələrdə qənaət etməliyik ki, “A” komandası üçün əlavə nələrisə edə bilək. Bir misal çəkim. Sosial şəbəkələri izləyirəm və orda azarkeşlərimizin fikir mübadiləsini görürəm. Bir qrupu yazır ki, niyə sərbəst giriş etmirlər, axı, maddi imkanlarımız məhduddu?! Digər qrup isə yazır ki, belə olmaz, çünki sevdiyimiz klubun imicinə xələl gətirəcək. İkinci qrupa daxil olan azarkeşlərimiz klub büdcəsinə cüzi də olsa, gəlir gətirmək istəyir. İstəyirlər ki, “Neftçi”yə yalnız tribunadan deyil, maliyyə baxımdan da yardımçı olsunlar. Ən böyük arzularımdan biri budu ki, ev oyunlarında tribunalarımızın heç olmasa yarısı dolsun. Aydın məsələdi ki, bilet satışından əldə edilən gəlir astronomik ola bilməz. Bəzən elə olur ki, satılan biletlər öz maliyyə dəyərini zorla bağlayır.  

 

“Bütün diqqətimizi “A” komandamızın nəticələrinə yönəltmişik”

-    Fan-şopla bağlı da bir sıra məqamlara toxunmaq istəyərdik. Satışdakı maykalar futbolçuların əynindəki ilə eynidi. Təbii ki, qiymətlər də belədə, kifayət qədər yüksək olacaq. Ancaq hər fanat bu qiymətdə maykanı ala bilmir...
-    Bəli, bəzən azarkeşlərimiz bizə də eyni üslubda müraciət edirlər. Bu maykalar orijinaldı. Ancaq indi daha ucuz məhsulları istehsal etmək üzərində işlər aparırıq. Bu məhsullar “Neftçi”nin loqoları ilə Azərbaycanda istehsal ediləcək. 

-    Yəqin ki, qalın materialdan hazırlanar? Hər halda, qış qapımızı döyür...
-    Elədir ki, var. Pilot partiyasında klubumuzun loqotipi əks olunan üçdüymə qalın köynəkləri satışa çıxaracağıq.

-    Azarkeşləri maraqlandıran sualı da verək: qiymət?
-    Təqribi 20-30 manat civarında olacaq.

-    SSRİ dönəminin son – müstəqilliyimizin ilk illərində daha çox azarkeş cəlb etmək məqsədi ilə lotereya keçirilirdi. Uduşa avtomobil qoyulurdu. Ən azından müstəqillik dövrü üçün əminliklə deyə bilərik ki, həmin avtomobillər həqiqətdə udulmurdu, təşkilatçı klublar fanatların başını aldadırdılar və nəticədə inam itirdi. Bunun analoqu, lakin fərqli şəkildə, daha ucuz məhsullardan ibarət lotereyalar keçirməklə, tribunaları doldurmaq barədə düşünmürsünüz? Məsələn, futbolçuların və “Neftçi” veteranlarının imzalı maykaları, müxtəlif digər klub atributlarını uduşa qoymaqla. Bəri başdan deyim ki, lotereya keçirmək üçün Qiymətli Kağızlar Komitəsindən xüsusi icazə alınmasının şərt olduğunu bilirəm.
-    Bu tipli viktorinalarımız olub. Sosial şəbəkələrdə bunu təşkil etmişik. Rəhman Hacıyevin imzalı maykasını qoymuşduq uduşa.

-    Yox-yox, sosial şəbəkədə keçirilən viktorina virtual aləmdə də qalır. Söhbət matç başa çatdıqdan sonrakı 15-20 dəqiqə kəsiyində təşkil ediləcək bu cür lotereyanın keçirilməsindən gedir...
-    Bu yaxınlarda fanat qrupumuzla görüşümüz olmuşdu. Onlara bir layihəni həyata keçirərək, daha çox insanı tribunalara gətirmək ideyamızın olduğunu dedik. Fanatlarımız buna mənfi reaksiya verdilər. Onlar hesab edir ki, tribunalara əsl “Neftçi” fanatları toplaşmalıdı. Dedilər ki, qoy 1000 nəfər fanat gəlsin, ancaq bu insanlar əsl “Neftçi” dəlisi olsun. Bizə qədər belə bir praktika olub ki, azarkeşlər müxtəlif zavodlardan cəlb olunub. Ancaq bu praktika fiaskoya uğrayıb. Həmin insanların başının üstündə gələn şəxsin diqqəti yayınan kimi, gətirilən insanlar tribunanı tərk ediblər.  Hesab edirəm ki, lotereya vasitəsi ilə tribunaları insan dəvət etmək ən uğurlu seçim deyil. Düşünürəm ki, “Neftçi” azarkeşlərini tribunalara nəticələrlə gətirmək lazımdı. Onlarla körpünü oyundan əvvəl qurmaq lazımdı. 


-    Daha bir məqama toxunaq. Sonuncu dəfə əməkdaşlarınız nə vaxt aparıcı 1-2 futbolçunuzu da götürüb hansısa ali təhsil ocağında görüş keçirib? Bu cür PR aksiyanın keçirildiyini xatırlayırsınız?
-    Sosial baxımdan görülən işlərə toxunsaq, autizmdən əziyyət çəkən uşaqlarla futbol matçı keçirmişdik. Burda işlədiyim müddətdə futbolçularımızın ali təhsil ocaqlarına getməsi praktikası olmayıb. Ancaq bu da göstərilən nəticələrlə bağlıdı. İndi-indi müəyyən nəticələr qazanmağa başlamışıq. Hazırda “A” komandamıza həddən artıq həssas yanaşırıq. Onlar burda məşq keçəndə, hər bir əməkdaşımız onlar üçün komfort şəraitin yaradılması üçün əlindən gələn hər şeyi edir. Bu, baş məşqçimizin də istəyidi ki, bizə hələ toxunmayın. Bütün diqqətimizi “A” komandamızın nəticələrinə yönəltmişik və belədə, sosial layihələrə onların cəlb olunması məqsədəuyğun deyil.

-    Dedikləriniz anlaşılandı. Ancaq razılaşın ki, “Neftçi”nin bir əbədi alın yazısı var – “Xalq komandası”. Turnir cədvəlindəki mövqeyə gəlincə, SSRİ dönəmində “Neftçi” bütün azarkeşləri turnir cədvəlinin ən alt sıralarında getməyə onsuz da öyrəşdirmişdi. Yəni, bu, yenilik deyil. Lakin həmin dövrdə, xalq tribunalarda idi, futbolçular isə xalqın içərisində.
-    Biz bu gün də xalqın yanındayıq. Məsələn, Göyçayda keçirilən Nar Bayramında yerli komandayla oyunda məhz “Neftçi”nin U-19 komandası qarşılaşmışdı. Hələlik əsas komandanı sosial layihələrə qoşa bilmərik. Çünki nəticə qazanmaq olduqca önəmlidi.

 

“Qələbənin ləzzətini stadionda çıxarmaq başqa aləmdi!”

 

-    Müsahibənin əvvəlindən bəri bir neçə dəfə nəticələrə dair fikir söyləmisiniz. Tərlan Əhmədovun gəlişindən sonra nəticələr yaxşılığa doğru getdi. Hətta son illərdə ilk dəfə idi ki, azarkeşləriniz “Zirə”dən alınan məğlubiyyətə görə komandanı günahlandırmadılar, əksinə növbəti oyunda da “ağ-qara” komandalarının arxasında olacaqlarını bildirdilər. Vitse-prezident kreslosundan “Neftçi”nin avrokubok zonasına düşmək şansları necə görünür?
-    Kifayət qədər real. Özü də məsələ heç də ardıcıl 4 qələbə qazanmaqda deyil. Yəqin razılaşarsınız ki, komandanın oyun dəst-xətti yaranıb. Tərlan müəllimin gəlişindən sonra ilk iki oyunda məğlub olduq. Ancaq artıq həmin qarşılaşmalarda nikbinlik üçün zəmin formalaşırdı ki, “Neftçi” qayıdır. Götürək son oyunumuzu. Bəli,”Zirə”yə məğlub olduq, ancaq oyun bərabər səviyyədə keçdi. Üstəlik, süni meydançada oynayırdıq və futbolçularımıza potensiallarını tam göstərməkdə bu amil mane olurdu. Bütün bunları azarkeşlərimiz də görür. Xətlərarası əlaqə də yaxşılaşıb, komandadaxili ab-hava da. Düşünürəm ki, növbəti turda “Qəbələ”yə qarşı işimiz daha asan olacaq. Çünki görüş təbii örtüklü meydanda keçiriləcək. Bir faktı da qeyd etmək istəyərdim. Budəfəki məğlubiyyətdən sonra futbolçuların hirsini gördüm, onların əhvalının korlanmasını, bu məğlubiyyətə görə yanıb-yaxıldıqların şahidi oldum. Bu da təbii ki, müsbət amildi. Əvvəllər isə sanki biganəlik var idi. Fürsətdən istifadə edib azarkeşlərimizə səslənmək istəyirəm. “Sumqayıt”la oyunda 4 minə yaxın azarkeş bizi dəstəkləməyə gəlmişdi. Həmin qələbəni onlarla birlikdə qazandıq. İnanıram ki, qarşıdakı oyunlarımıza azarkeşlərimiz daha çox gələcək və növbəti zəfərlərimizi də onlarla çiyin-çiyinə əldə edəcəyik. Hər halda o qələbənin ləzzətini stadionda çıxarmaq başqa aləmdi!

-    Sonda iki məqama da aydınlıq gətirməyinizi istəyərdik: əldə olunan qələbələrə görə futbolçuların mükafatlarının verilməməsinə və SOCAR-da yüksək vəzifəli qohumunuzun işləməsinə dair xəbərlərə münasibətinizi öyrənmək istəyərdik.
-    Əvvəla onu qeyd edim ki, biz özümüz özümüzə düşmən deyilik. Min bir əziyyətlə komanda relsə düşüb, indi öz əlimizlə daxili ab-havanı korlayaq?! Hər bir qələbədən sonra növbəti turun oyununadək mükafatlar ödənilib. Hətta belə bir hal yaşanmışdı ki, 2 futbolçumuzun kartı ilə bağlı problem çıxmışdı və bildirdim ki, gəlin o pulu ödəyək, problem həllini tapdıqdan sonra həmin vəsaiti qaytaraq. Həmin futbolçular da qətiyyətlə bu təklifi geri çevirdilər ki, 3-4 günlə dünya dağılan deyil. İkinci suala gəlincə, birmənalı şəkildə bəyan edirəm ki, nə “Neftçi”də, nə də SOCAR-da heç bir qohumum işləmir!


 

CEYHUN ƏLİYEV

18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB