TOP 10

Fəhminin hər zaman ürəyi "Neftçi"ylədi: "Qəbələ” kimi komandadan səfərdə 1 xal almaq bizim üçün yaxşı nəticədi"

Futbol
Tarix: 2018-04-16 13:11

“Səbail”in futbolçusu Fəhmin Muradbəyli Topaz Premyer Liqasının XXIII turunda səfərdə “Qəbələ” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşına müsahibə verib. Gənc hücumçu müqaviləylə məxsus olduğu "Neftçi"nin "Qəbələ"ni keçərək finala çıxmaq şanslarını da dəyərləndirib. 

 

- Heç-heçə sizi qane etdi?

- Oyuna ciddi hazırlaşmışdıq. Yağışlı havada komanda şəklində çox əziyyət çəkdik. Qoldan sonra bəlli səbəblər üzündən müdafiədə “oturmağa” başladıq. Ümumən götürsək, “Qəbələ” kimi komanda ilə səfər oyununda 1 xal qazanmağımız bizim üçün yaxşı nəticədi.

 

- Matçın 55-ci dəqiqəsində hesabı açdınız. Qolunuzu necə şərh edərdiniz?

- İlk hissədə daha yaxşı oynadığımızı düşünürəm. Fasilədən sonra qol vurduq. Fərqlənməyim sevindirici haldı. Lakin bu qolda bütün komandanın əziyyəti var.

 

- “Qəbələ” ilə ev oyununda da qol vurmusunuz. Lakin həmin qələbədən sonra komandanızda durğunluq vardı. Budəfəki qolu sizin üçün növbəti sıçrayış adlandırmaq olar?

- Sevinirəm ki, “Səbail”in heyətində "Keşlə" ilə səfər matçına təsadüf edən debütümdə fərqləndim. Daha sonra evdə “Qəbələ”ni 2:1 hesabı ilə üstələdiyimiz matçda qol vurdum. Sonrakı görüşlərdə əlimə düşən şanslardan yararlana bilməmişdim. Qəbələdə də rəqib qapısına yol tapdım. Bunun davamının gələcəyinə ümid edirəm. Həm komandam, həm də özüm üçün ən yaxşısını etməyə çalışıram.

 

- Qış fasiləsində icarə əsasında “Neftçi”dən “Səbail”ə keçidiniz. Müqavilə ilə məxsus olduğunuz komanda aprelin 18-də Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçında “Qəbələ”ni qəbul edəcək. Sizcə, finala vəsiqə qazanmaq üçün hansı kollektiv daha şanslıdı?

- “Neftçi” səfərdə keçirdiyi ilk oyunda çox yaxşı mübarizə apardı və 2:1 hesabı ilə qalib gəldi. "Ağ-qaralar" rəqib meydanında çox gözəl nəticə əldə etdilər. Özüm “Neftçi”nin futbolçusuyam, icarə əsasında “Səbail”dəyəm. Təbii ki, “Neftçi”nin uğur qazanmasına sevinirəm. Bu uğurları qazanan komandanın içində olmağı istərdim. “Ağ-qaralar”ın finala çıxacaqlarına və kuboku götürəcəklərinə ümid edirəm. Özüm də cari mövsümdə Azərbaycan Kubokunda “Neftçi”nin formasını geyinmişəm. Ürəyim hər zaman onlarladı.
 

MEHMAN SÜLEYMANOV, Bakı-Qəbələ-Bakı

25 Aprel 2018
24 Aprel 2018
B.eÇ.aÇC.aCŞB