TOP 10

"Nizami yurdu"nun "Zirzəmi"si

Futbol
Tarix: 2018-04-15 15:28

Bu günə qədər Bakıdan ən uzaq düşdüyüm məsafə ölkənin cənubuna – Lerikə olmuşdusa, dünən bu məsafə Gəncə səfərimdə yeniləndi. Buradan belə bir qənaətə gəlmək olar ki, ilk dəfə idi Nizami yurduna yollanırdım.

 

Peşəkar Futbol Liqasının hər ay təşkil etdiyi səfər bu dəfə ölkənin qərb bölgəsi olan Gəncəyə idi. Ötən ay Qəbələyə təşkil olunan səfərdən müsbət notlarla ayrılmağım Gəncə yolçuluğuna məni daha da həvəsləndirmişdi, sadəcə Azərbaycanın ən böyük bölgə şəhərinə ilk səfərim, üstəlik, arena və infrastruktur haqda eşitdiklərim hər şeyin Qəbələdəki kimi olmayacağının siqnalı idi deyə azca tərəddüdlü idim. Lakin təhtəlşüurum bu fikirləri “draft”a atıb uzun yolçuluğun dadını çıxarmağı məsləhət gördü.

 

Hər bir səyahəti gözəl edən yol yoldaşları olur ki, Qəbələdə olduğu kimi dünən də bu baxımdan korluq çəkmədim. Məhz bu cür, kilometrləri bir-birinə calayıb uzun məsafəni əritməyimiz sonda qarşımızda Gəncə şəhər stadionunu görməyimizlə nəticələndi. Ancaq buna qədər nahar fasiləsinin sonunda kəşf etdiyimiz və səfərimizə rəng qatacaq olan “Zirzəmi” restoranına “Kəpəz” – “Qarabağ” matçından sonra yüksək səviyyədə baş çəkdik, amma bu haqda az sonra...

 

Qarşımda Gəncə şəhər stadionu, fikrimdə isə “Hillsbro” stadionu. Arenanın xarici görünüşü məni “Şeffild Uensdi”yə məxsus bu stadionu və bu gün 29-cu ildönümü olan “Hillsbro” faciəsini xatırlatdı. Səbəb bu idman qurğusunun ideal vəziyyətdə olmaması ilə bağlı idi. Lakin bu bənzətməni “ofsayd”a göndərib stadiona yollandım. Sən demə əsl “ofsayd” elə orada olacaqmış.

 

Bizi şəhərdə qarşılayan gözəl hava ilə əhvalımın yaxşı olması gözəl tandem təşkil etsə də, bu, azarkeşlərlə dolu media tribunasında yerimi alana qədər davam etdi. Qəbələdə debüt edən biri olaraq Gəncədə gördüyüm mənzərə məni biri mənfi, biri müsbət olmaqla təəccübləndirdi.

 

Mənfi məqam təbii ki, stadionun vəziyyəti, oturacaqların tum qabıqları ilə “doldurulması”, həmçinin qeyd etdiyim kimi azarkeşlərin media tribunasını “zəbt etməsi”, bir sözlə infrastrukturla bağlı idisə, müsbət məqam da o tribunaları matça 40-45 dəqiqə qalmış dolduran və 90 dəqiqə ərzində susmayaraq autsayder olan doğma komandalarını dəstəkləyərək irəli səsləyən “Kəpəz” idi. Məsələn, çempionluğa oynayan “Qəbələ”də belə halın şahidi olmaq təəssüf ki, çətin məsələdir. Rəqibin lider “Qarabağ” olması və komandalarının məğlub ehtimalı belə onların sədaqət, sadiqlik və sevgilərinə zərrə qədər də təsir etmirdi.

 

Matçı bir növ onlarla izlədiyimdən qulaqbatırıcı fitlər, bir-birini dəstək üçün təhrik edən azarkeşlər, bayraq skandalı, “Kəpəz”in mərkəz xəttini keçərkən və ya standart vəziyyətlərdə yaranan ajiotaj, Şeydayevin “siftə”sini “sarı-göylər” üzərində etməsindən gileylənən kütlə, eləcə də Vinçesterin topa zərbə endirə bilməməsindən sonra Culian Ebahı xatırlayan azyaşlı azarkeşin reaksiyası və başqa maraqlı hadisələrin şahidi oldum. Bu hay-küylü, ajiotajlı sektorda diqqətimi 1 qadın çəkdi ki, sən demə o da oğlunu izləmək üçün Gəncəyə təşrif buyurmuş Ciuli Manjqaladzenin anası imiş. Özü də o, tək gəlməmişdi – həyat yoldaşı da övladının sərgilədiyi futbolu seyr edirdi.

 

Matç bitəndən sonra yaranan anşlaqın mətbuat konfransı və brifinqə getməyimizə çətinlik yaradacağını görüb futbolçular meydanı tərk edən tunelə doğru yollandıq. Gördüyüm mənzərə mənə “San Paolo” arenasını xatırlatdı, hansı ki, “Napoli”nin matçları zamanı da futbolçular meydana bu cür tunel vasitəsilə daxil olurlar. Tunelə giriş zamanı əlimi divara vurub “This is Anfield” deməyim də həmkarlarımın gülüşünə səbəb oldu. Bir dönəm “Liverpul”a məxsus “Enfild” arenasında “qırmızılar” meydana daxil olarkən əllərini məhz o tabloya vurub meydana daxil olurdular. Vahiməli və ürküdücü görünüşü olan Gəncə tunelini keçdikdən sonra ənənəvi mətbuat konfransı və brifinqə yollandıq. 

 

İstər hekayə olsun, istərsə də bir xoş xatirə və ya səfər, sonluqları çox adam sevmir. Ümumiyyətlə, yaxşı bir şeyin bitməsini kim istəyər ki?

Bir komandanız olar, qapıçısından tutmuş hücumçusuna qədər hər şey qaydasında olar, amma bir boşluq yaranar ki, onu da doldurmaq üçün çox düşünməli olarsınız. Stadiondan ayrılarkən Gəncə təəssüratları haqda eyni fikirdə idim. Bir şey yolunda getmirdi ki, o da zövqlə bağlı idi. Gəncədə də elə oyuna şahidlik etdim ki, orada zövqün heç “z”-sını da yaşaya bilmədim. Günün ilk yarısında kəşf edilən “Zirzəmi” bunun üçün son variant idi ki, bir qrup həmkarımla o məkana yollanıb həmin boşluq və rəngsizliyi doldura bildim. Qəribədi, baş çəkdiyimiz son məkanın adı "Kəpəz"in turnir cədvəlindəki mövqeyinə necə də yaraşır – GÜNÜN SONU! Əlvida, Gəncə!

 

P.S.  Bakıya çatdıqda isə günün startından 90 dəqiqə keçmiş və Koroğlu m/s qarşısında taksi gözləyərək sentimental görünən Bakı gecələrini izləyə-izləyə Gəncə təəssüratının ilk çalarları beynimdə canlandırırdım.
 

ƏKBƏR AĞAZADƏ, Bakı-Gəncə-Bakı

25 Aprel 2018
24 Aprel 2018
B.eÇ.aÇC.aCŞB