TOP 10

Xaliq Mərdanov futbolu ikinci plana keçirib: “Şahin Diniyev işləməyəcək, mən də işləməyəcəm”

Futbol
Tarix: 2018-04-15 11:00

“Kəpəz”də Topaz Premyer Liqasında qış fasiləsinə az qalmış baş məşqçi dəyişikliyi oldu. Şahin Diniyevin istefa verməsiylə əsas köməkçisi Xaliq Mərdanovun gedişi üst-üstə düşdü. “Kəpəz”in sabiq kapitanı yeni baş məşqçi təyinatını gözləmədən ona doğma olan komandanı tərk etməyi üstün tutdu. Gəncəyə son səfərimiz zamanı söhbətləşdiyimiz Mərdanov bir sıra maraqlı mətləblərdən söz açdı.

 

- "Kəpəz"dən gedəndən sonra bir yerdə çalışırsınız?
- Yox, evdəyəm. 

 

- Bu 5 ayda təklif olmayıb?
- Olmayıb. Olsa, Allah bilir. Allahdan başqa heç kəs heç nə deyə bilməz.

 

Gəncə futbolunun ən yaxşı yetirmələrindən biri olduğunuz halda, sizə marağın olmamağı özünüzə qəribə gəlmir?
- Mənim üçün təkliflərin heç marağı yoxdu. 

 

- Niyə? İşdən nə üçün əliniz soyuyub?
- Nə bilim... Doğrusunu yenə Allah bilir. Ruzini verən Allahdı.

 

- Sanki bir qədər küskünsünüz...
- Yox-yox, problem yoxdu. Yaşayırıq da. Bir qədər də dincəlirik Allahın izniylə.

 

- Daim iş başında olmsunuz. Dincəlmək üçün hələ tezdi. Cəmi 47 yaşınız var...
- İnşallah, yaxşı olar. Allah istəsə, yenə iş başında olacağıq. 

 

- Bəlkə uşaq futbolundan təklif olub, ancaq onu qəbul etməmisiniz ki, Premyer Liqada işləməlisiniz...
- Yox. Doğrusunu desəm, Şahin müəllimlə işləyirəm. O, hardasa işləsə, onunla işləməliyəm. 

 

- Bu, yaxşı xüsusiyyətdi ki, köməkçisi olduğunuz baş məşqçiyə sadiqlik nümayiş etdirirsiniz. Ancaq elə ola bilər ki, Diniyev uzun müddət işləməsin. Onda necə olacaq?
- Şahin müəllim işləməyəcək, mən də işləməyəcəyəm.  

 

- Maraqlıdı, bu mütəxəssislə dostluğunuz nə vaxtdan yaranıb? Hələ futbolçu karyerası dövründə "Terek"də oynadığınız vaxtdan?
- "Terek"dən qabaq "Kəpəz"də bir yerdə oynamışıq. Dostluğumuz bu komandada yaranıb. O da "Kəpəz"də çıxış edirdi, mən də. Bu, SSRİ dövründə olub. 

 

- "Terek"ə də sizi Şahin müəllim aparmışdı?
- Bəli. Əvvəlcə Diniyev getdi, ardınca da məni apardı. Həmin vaxtlardan yaxın dost olmuşuq.

 

- Diniyevdə hansı xüsusiyyətlər var ki, ona böyük dəyər verirsiniz?
- Allah-təala nə yaxşı xüsusiyyətlər var, hamısını ona nəsib edib. 

 

- Bəs məşqçi kimi?
- Məşqçi kimi də gözəl mütəxəssisdi. İnsani keyfiyyətləri yüksək dərəcədədi.

 

- Şahin müəllim "Kəpəz"dən istefa verəndən dərhal sonra getməyi qərara aldınız?
- Bəli. Bir dəqiqə intervalıyla mən də istefa verdim.

 

- Ancaq digər tərəfdən, yeni gələn baş məşqçi Yunis Hüseynov da sizi yaxşı tanıyır. Hər ikiniz gəncəlisiniz, "Kəpəz”də birgə oynamısınız. Ola bilərdi ki, Yunis müəllim sizi heç çıxarmazdı, köməkçisi kimi saxlayırdı...
- Yox, qardaş. Bu, əmələ gəlməz. 

 

- Hüseynovla münasibətlərinizdə problem var?
- Xeyr. Heç kimlə problemim yoxdu. Hər şey normaldı. Sadəcə, qalmağı istəmirəm. "Kəpəz"ə Şahin müəllimlə gəlmişdim, onunla da getməli idim. 

 

- Ancaq Diniyevin digər köməkçisi olmuş Vidadi Rzayev elə düşünmədi. O, komandada qaldı...
- Vallah, hər kəsin öz fikri var. Nəsə desəm, yalançı olaram. 

 

- Şahin müəllim getmək fikrinə düşəndə, onu fikrindən daşındırmağa cəhd etmədiniz?
- Bütün qərarları o verir. Gərək bütün qərarlarına hörmətlə yanaşaq. 

 

- Hər halda, Diniyevin əsas köməkçisi idiniz və sözünüzə qulaq asa bilərdi. Qərarını emosional olub verə bilərdi...
- Hər işdə bir xeyir var. Yəqin ki, bu işdə də bir xeyir varmış, xeyrimiz üçün nəsə olub. 

 

- Yaxın dostunuz, uzun illər komanda yoldaşı olduğunuz Azər Məmmədovu Yunis Hüseynov baş məşqçi gələndən az sonra əvəzedicilərin baş məşqçi vəzifəsindən çıxardı. Bəlkə bu aqibətin olacağını göz önünə gətirərək özünüz getməyi üstün tutdunuz?
- Yox-yox. Mən elə fikirləşməmişəm. Sadəcə, baş məşqçimiz olan Şahin müəllimə sadiqliyimi nümayiş etdirdim. Dostuq da, başqa cür alınmır. Bilmirəm sən necə fikirləşirsən, başına gəlib ya yox. Ancaq mən beləyəm. Şahin müəllimlə ailəvi dostuq, qardaşıq.   

 

- Diniyevlə əlaqələriniz varmı? Təkliflər alıb?
- Danışırıq, hər şey qaydasındadı. Bakıya da gedirəm, görüşüb söhbət edirik. Təkliflərə gəlincə, vallah, o barədə yalançı olaram. Hələ bir şey yoxdu. 

 

- "Kəpəz"in oyunlarını izləyirsinizmi?
- Mütəmadi yox. Bir-iki dəfə oyunlarını izləmişəm. Çox baxmıram.

 

- Niyə?
- Vaxt olmur. Oyunlar vaxtı daha çox məscidlərdə oluram. 

 

- Din əhlinin nümayəndəsi olmusunuz...
- Bəli, vaxtımın çoxunu gedib məsciddə keçirirəm. 

 

- Gördüyünüz oyunlara əsasən hansı qənaətə gəlirsiniz? İndiki "Kəpəz"lə sizin vaxtınızdakı "Kəpəz"i necə müqayisə edərdiniz?
- Vallah, bu haqda heç nə deyə bilmərəm, yalançı olaram. Oturub 90 dəqiqə matça baxmamışam. Yalnız fraqmentləri izləmişəm. 

 

- "Kəpəz" sizin üçün doğma komandadı, futbol həyatınız daha çox bu kluba bağlı olub, oyununa mütəmadi baxmaq daha məqsədəuyğun olmazmı?
- Dəqiq baxmıram, yalnız epizodlarla görmüşəm. Buna əsasən deyə bilmərəm ki, hansı tərəfən üstündürlər, hansında zəif. Onların işinə qarışa, fikir bildirə bilmərəm. Fikrimi məscidə yönətlmişəm. 

 

- Belə demək olar ki, futbol həyatınızı ikinci plana keçirmisiniz...
- Bəli, bu dəqiqə ikinci plandadı. 

 

- Ancaq futbolla yaşamısınız, böyümüsünüz. Futboldan kənarda qalmaq sizə darıxdırıcı gəlmir?
- Futbolu hərdən ikinci plana keçirməyə ehtiyacımız var. 

 

-Yəni dində daha çox rahatlıq tapırsınız...
- Ay sağ ol. Doğru qeyd etdin, dində həqiqətən daha rahat olursan.

 

- Bəs dolanışıq baxımından çətin olmur? Çünki işsiz qalmaq istər-istəməz maddi duruma təsirini göstərir...
- Yox, Allaha şükür. Ruzini verən Allahdı, Evdə otura-otura yox, ancaq verir. Min şükür.

 

- Məşqçilik karyeranız nə dərəcədə ürəyinizcədi? Titullu futbolçu, kapitan, lider olsanız da, hələ ki, baş məşqçi olmamısınız...
-  Demək olar işləməmişəm. Yalnız "Kəpəz"in əvəzedicilərində 2-3 ay baş məşqçi işləmişəm. Doğrusunu Allah bilir. Qəlblərdə olanları da, nə məsələlər olmasını da. Bu, Allahla aramızda olan bir sirdi. İnşallah, qiyamətdə açılacaq. 

 

- "Kəpəz"dən, Gəncə futbolundan incikliyiniz varmı?
- Yox, heç kimdən incik deyiləm. Bu, futbol həyatıdı, belə də olmalıdı. Məşqçilik həyatı belədi, bir az işləyirsən, sonra işləmirsən. Futbolçu vaxtı deyil ki, daim oynayasan. Məşqçilik həyatında isə fasilələr olur. Buna artıq alışmışam - işləməyə də, işləməməyə də. Problem yoxdu. Heç kimdən də küskünlük yoxdu. Hamıya da böyük hörmətim var. 

 

ƏKBƏR AĞAZADƏ, Bakı-Gəncə-Bakı

 

25 Aprel 2018
24 Aprel 2018
B.eÇ.aÇC.aCŞB