TOP 10

"Neftçi" astanada, Qriqorçuk "Astana"da?

Futbol
Tarix: 2018-04-13 14:03

Azərbaycan Kubokunun yarımfinal qarşılaşmalarından birinin Qəbələdə olması saytımızın əməkdaşlarından birinin yenə də çantası belində olmağa vadar etmişdi. Qəbələyə çatanda saat 16:25 idi ki, bu da paytaxtdakı digər yarımfinal görüşünü də izləmək şansı yaradırdı. Beləcə, əsl yaz qoxusu gələn Qəbələdə nahar edə-edə “Keşlə” – “Sumqayıt” görüşünü də izləmək imkanı qazandıq. Daha sonra isə Qəbələ Şəhər Stadionuna qədəm basdıq.

...Gözəl mənzərə idi. “Forza Neftçi”nin komandalarını tək qoymayacağını hələ matçdan xeyli əvvəl müşahidə etmişdik: yolboyu pəncərələrindən “ağ-qara” şərflər yellənən “sprinter”ləri görürdük. Ancaq bu dəfə “qırmızı-qaralar” da azarkeş sarıdan korluq çəkmirdilər. Bu da klub prezidenti Tale Heydərovun stadiona gəlişi ilə bağlı idi. Deməli, tərəflər görüşə həlledici matç gözü ilə baxırdılar.

 

Oyun meydan sahiblərinin hücumları ilə başladı. Qısa zaman kəsiyində Rəşad Əzizli 2 dəfə diqqət mərkəzinə düşdü: əvvəlcə təhlükəli zərbəni qaytarmaqla, bir qədər sonra isə asan topu qeyri-adi qaytarması ilə. Ancaq birinci epizodda kiper əla reaksiya göstərmişdisə, ikinci halda bəxt onun tərəfində oldu və “mərmi” çərçivəyə deyil, qapının üstündən aşdı. Roman Qriqorçukun yetirmələrinin ərazi üstünlüyünün hansı dividendləri verəcəyini söyləmək çətin olsa da, Tərlan Əhmədovun dualarının faydalı iş əmsalı daha əzəmətli alındı. Hər halda, Qismət Alıyevin kobud səhvinə başqa don geyindirmək mümkün deyil. Çünki gəldiyi gündən bəri hansı məqsədlərlə alındığını heç kəs başa düşməyən Lukas Qomesə elə bir ötürmə etdi ki, heç “Neftçi” futbolçuları da bunu bacarmazdı. Təkbətək dueldən faydalanan hücumçu “Neftçi”nin heyətində nəhayət ki, qol hesabını açdı. Onun bir daha Azərbaycanda qol vuracağına böyük şübhəmiz olsa da, “Qəbələ” üçün Qismətin rəqibə etdiyi hədiyyə həlledici oldu. Bundan sonra meydan sahiblərinin sıralarında xaos baş qaldırdı. Fasiləyə 1 dəqiqə qalmış isə bu xaosun mətiqi nəticəsi olaraq “qırmızı-qaralar” ikinci dəfə meydanın mərkəzinə dəvət olundu. Soni Mustivarın əla ötürməsindən sonra Namiq Ələsgərov iti bucaq altından fərqi ikiyə çatdırdı. Bu epizodda Dmitri Bezotosnının yoxluğunda qapıda yer almış Aqil Məmmədovun da səhvini qeyd edək. Qolkiper “atəş bucağı”nı azaltmaq əvəzinə, qapı xəttinə sıxıldı və nəticədə uzaq küncə yönələn topa yetişə bilmədi.

 

Fasilədən dərhal sonra Təmkin Xəlilzadəni əvəzləyən Qriqorçuk oyunda dönüşə Elvin Məmmədovla nail olmaq istəyirdi. Lakin ukraynalı mütəxəssisin yetirmələri kuraj tutan rəqibindən bütün komponentlərdə geri qalırdı. Qonaqların sıralarında ən xoş sözlərə layiq Mustivar inadkar oyunu ilə göz oxşayırdısa, İqnasio Herrera ilə Namiq Ələsgərov cinahlarda “aktiv həyat tərzi” keçirirdilər.

Hesabda geri olmasına baxmayaraq, “Qəbələ” fanatları əvvəlcədən hazırlanmış pirotexnikanı geri qaytarmamaqla yadda qaldı. Lakin qonaqların azarkeş ordusu da səfərə əliboş çıxmamışdı. Əks tribunada qərarlaşan bakılı fanatlar Aqil Məmmədovun qoruduğu qapının arxasını bir göz qırpımında dumana bürüdülər. Onların canfəşanlığına rəng qatan daha bir məqam isə məlum səbəbdən oyunu buraxan kapitan Ruslan Abışovun tribunaya gəlməsi oldu. “Forza Neftçi”ylə birlikdə komandasını dəstəkləyən kapitan azarkeşləri bir qədər də coşdurdu. 

 

Qriqorçuku isə nə pirotexnika qayğılandırırdı, nə də tribunada kimin əyləşməsi. Onun döyüşə atdığı ikinci “kozır” matçın sonlarında olsa da, fayda verə bildi. Söhbət məhsuldar ötürmə edən İlqar Qurbanovdan gedir. Təcrübəli cinah oyunçusunun hava ötürməsinə dəqiq baş zərbəsi endirən Stiven Monroz fərqi minimuma endirsə də, qalan 3 dəqiqədə meydan sahibləri məğlubiyyətdən qaça bilmədilər.

 

İndi “Qəbələ”nin qarşısında daha müşkül vəzifə dayanır: səfərdə 2 top fərqli ilə qalib gəlmək. Doğrudu, matçdan sonra keçirilən mətbuat konfransında Roman İosifoviç bu vəzifənin mümkünsüz olmadığını bildirdi. Lakin fakt budu ki, səfərdə əldə olunan qələbədən sonra “Neftçi” finalın astanasındadı. Qriqorçuk isə hələ “Astana”ya keçəcəyini rəsmiləşdirməyib...

 

CEYHUN  ƏLİYEV, Bakı-Qəbələ-Bakı
 

25 Aprel 2018
24 Aprel 2018
B.eÇ.aÇC.aCŞB