TOP 10

Yarımfinalçılar həmrəydi: videotəkradan istifadə edilsin!

Futbol
Tarix: 2018-04-10 15:00

Azərbaycan Kubokunun ilk yarımfinal qarşılaşmalarına 2 gün qalır. Son illərdə ilk dəfədi ki, bu turnirin ətrafında belə gərginlik yaşanır. Bunun əsas səbəbkarı “Qarabağ”dı. Ölkə futbolunun şəriksiz lideri ¼ finalda büdrəməklə yarımfinal iştirakçılarına qənimət qazanmaq şansı yaratdı. Maraqlıdı ki, bu dördlüyün hər birinin Kuboka böyük ehtiyacı var. “Qəbələ” de-fakto Avropa Liqasında iştirakı təmin etsə də, klub indiyədək titul qazanmayıb və bu səbəbdən də muzeyinə ilk qənimətini gətirmək üçün alışıb-yanır. “Sumqayıt” hazırda 3-cü pillədə qərarlaşsa da, avrokuboklara vəsiqəni təmin etməyib: bir göz qırpımında “Zirə”ylə “Neftçi” onları arxada qoya bilər. “Neftçi” hazırda 5-ci pillədədi və bu yer qitəmiqyaslı yarışlara vəsiqə vermir. “Keşlə”nin çempionatdan əli üzülüb və “stavka” Kubokadı. 

 

Belə bir durum futbolsevərlər üçün nə qədər arzuolunan olsa da, hakimlər üçün bir o qədər çətinlik yaradır. Məsələ burasındadı ki, istənilən kobud səhv olduqca geniş rezonans doğuracaq. “Hakim də insandı və səhv edə bilər” deyimi ilə razıyıq. Ancaq məsələnin digər tərəfi də var: hakim səhvi hansısa klubu avrokubokdan kənar qoyursa, bu, artıq həmin kollektivin cibinə girməkdi. Bəs, ortaq məxrəcə gəlmək mümkündümü?

 

Martın 27-də Azərbaycan və Makedoniya yığmaları üz-üzə gəldilər. Bu matçda VAR (Video Assistant Referee) sistemindən istifadə olundu. Görüşün 22-ci dəqiqəsində baş hakim millimizin qapısına cərimə zərbəsi təyin etsə də, videotəkardan istifadə edən 5-ci hakim qayda pozuntusunun cərimə meydançası daxilində baş verdiyini bildirdi. Nəticədə Makedoniya millisinin haqqı bərqərar oldu. Bunun müəyyən edilməsi üçün xeyli vaxt itkisi də baş vermədi. Başqa sözlə, VAR ədalətin qorunması üçün ən önəmli silahdı. 

 

Bir məsələ də var ki, hazırda bu texnologiya Azərbaycanda yoxdu. Yarımfinallara isə olduqca az vaxt qalır. Sport24.az öz versiyasını təklif edir. Hər iki yarımfinal qarşılaşması “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq. Nəzərə alsaq ki, videotəkrarda bütün şübhəli epizodlar aşkar görünür, Kubok matçlarında məhz bu metoddan istifadə edilə bilər. Təbii ki, söhbət hər xırda mübahisəli andan getmir: yalnız cərimə meydançasında baş verən qayda pozuntusunun olub-olmaması və topun qapı xəttini keçib keçməməsi. Bəs, yarımfinal iştirakçıları bu məsələyə necə münasibət bəsləyir? Biz hər cütlükdən bir klub prezidenti və bir baş məşqçiyə müraciət etdik.

 

Roman Qriqorçuk (“Qəbələ” klubunun baş məşqçisi): “Azərbaycanda işlədiyim dövrdə hakimlərlə bağlı nə qədər səhvlərin olduğunu nəzərə alsaq, təklifinizlə birmənalı razıyam, ikiəlli “hə” deyirəm. Onu demək istəyirəm, ki, bu müddətdə videotəkrarlar olsaydı, “Qəbələ”nin işi çox asan olardı. Buna görə də həmin sistemin tətbiqi Azərbaycanda mütləq lazımdı. O, bir çox çatışmazlıqları aradan qaldırır, səhvləri düzəldir. Eksperimentin hansı formada olmasıyla bağlı müxtəlif fikirlər söyləyə, müzakirələr aça bilərik. Ancaq qərarı səlahiyyətli orqanlar, buna məsuliyyətli şəxslər verməlidi. Təbii ki, bu kimi vacib məsələlər FİFA, UEFA rəhbərliyi ilə razılaşdırılmalıdı. Biz sadəcə, istəyimizi bildirə, müxtəlif variantları təklif edə bilərik. Əlbəttə, variantlar çoxdu. Ancaq əsas məsələ ondadı ki, videotəkrarlar tətbiqi edilsin. Bu, indiyədək olsaydı, bizim komandanın xalları bu illərdə xeyli çox olardı”.

 

Kamran Quliyev (“Neftçi” klubunun prezidenti): “Futbolun şəffaflığına xidmət edəcək istənilən qərarı dəstəkləyirəm. Əgər VAR, yaxud videotəkrarın yayımçı telekompaniya tərəfindən izlənilməsi bu yöndə hakim səhvlərinin azalmasına xidmət edəcəksə, mən bunu yalnız alqışlayaram”.

 

Zaur Axundov (“Keşlə” klubunun prezidenti): “Hər zaman şəffaflığın tərəfdarı olmuşam. Ancaq bildiyimə görə, hazırda ölkəmizdə VAR sistemi yoxdu. Oyuna əlavə hakimin monitor qarşısında əyləşərək, “CBC Sport”un təqdim etdiyi matçı izləməklə müdaxilə etmək variantına isə müsbət yanaşıram. Bütün hallarda, oyunun ədalətli keçirilməsi üçün istifadə ediləcək istənilən texnologiyanın lehinəyəm”. 

 

Samir Abasov (“Sumqayıt” klubunun baş məşqçisi): “Verdiyiniz təklifə müsbət yanaşıram. Düşünürəm ki, heç bir komanda səhv qərara görə nəticənin dəyişməsini istəməz. Fərqi yoxdu səhv həmin komandanın lehinə olub, yaxud əleyhinə”.
 
 

25 Aprel 2018
24 Aprel 2018
B.eÇ.aÇC.aCŞB