TOP 10

Nail Kərimov "Qəbələ"nin İtaliya səfərini dəyərləndirdi: "Üzləşdiyimiz şübhəli məqamları mənfi yox, müsbət kimi qəbul edirəm"

Futbol
Tarix: 2018-04-05 12:00

"Qəbələ"nin beynəlxalq turnirdə növbəti sınağı uğurlu olub. İtaliyada keçirilən 13 yaşadək futbolçular arasında Qallini dünya kubokunda ölkəmizi təmsil edən "qırmızı-qaralar" turnirdə 4-cü yeri tutub.

 

Namiq Əliyevin baş məşqçisi olduğu komanda 3-cü yer uğrunda oyuna qədər keçirdiyi 6 oyunda 5 qələbə qazanıb və 1 heç-heçə edib. Təmsilçimiz qrupda “Sofiya Sport B”yə (Bolqarıstan) 14:0, “Livintana”ya (İtaliya) 11:0, “Ankona”ya (İtaliya) 3:1, 1/8 finalda “Hayduk”a (Xorvatiya) 3:2, 1/4 finalda “Mendrisiotto Selection”a (İsveçrə) 5:1 hesabı ilə qalib gəlib və yarımfinalda İngiltərə “Uimbldon”una penaltilərlə uduzub – 1:1, pen. 4:5.

 

Turnirin sonuncu günündə 3-cü yer uğrunda matçda qüvvəsini sınayan "qırmızı-qaralar” Sloveniyanın “Bravo” komandası ilə görüşüb. Matçın taleyini 1 qol həll edib. Sloveniya təmsilçisi 1:0 hesablı qələbə ilə 3-cü yeri tutub, “Qəbələ” isə turniri 4-cü pillədə başa vurub. Yarışın qalibi adına İtaliya “Udineze”si yiyələnib. Onlar 1:1 hesabı ilə başa çatan final matçının penaltilər seriyasında İngiltərə “Uimbldon”undan üstün olublar.

 

Turnirdə nümayəndə heyətinə rəhbərlik edən, "Qəbələ" Futbol Akademiyasının direktor müavini Nail Kərimovla görüşərək yarışın yekunlarını dəyərləndirdik. Kərimov Sport24.az-a müsahibəsində bir sıra maraqlı məqamlara toxundu.

 

- Turnirə dəvət necə oldu?

- İtaliyadakı turnir əvvəldən illik təqvim planımıza daxil idi. Bu proqramı mövsümün əvvəlindən hazırlayırıq. Sadəcə, elə turnirlər olur ki, sentyabrda təsdiqləsək də, 2-3-ü açıq qalır. İki-üç variantı əlimizdə saxlayırıq ki, hansı sonda daha sərfəli olsa, onu qəbul edirik. U-13 komandamızla bağlı mövsümün əvvəlində bir neçə variantımız var idi. 9-9-a oynanılan turnirdə iştirak etməyi istəyirdik. Çünki mövsüm boyu komanda bu sayda futbolçularla oynayır, bu cür işləyir. 11-11-də də iştirak edə bilərdik, dünyanın sonu deyil. Ancaq 9-9-a oynamaq həmişə daha yaxşıdı. Əlbəttə, seçim imkanı varsa, niyə bundan istifadə etməyək? Komanda ilboyu nəyə hazırlaşıbsa, ona oynamağı daha yaxşıdı. Belə qərara gəldik ki, İtaliyadakı turniri seçək. Həmçinin digər tələblər də bizim üçün sərfəli idi.

 

- Hansılar?

- Xərclər çox deyildi. Bakıdan fərqli Tiflisdən gedib-qayıtmaq o qədər də baha başa gəlmədi. Turnir İtaliyanın Portedone şəhərində keçirilirdi. Bu, Venetsiyadan təxminən 1 saatlıq məsafədə yerləşir. Artıq 20-ci dəfədi bu turniri keçirirdilər. Regionun keçmiş futbolçusu Qallininin adını daşıyır. Ən önəmli turnirdi. Son illərdəki iştirakçıları təxminən eyni səviyyəli klublardı. Məsələn, İtaliyadan həmin bölgənin ən yaxşı klubu olan "Udineze" gəlir. Son illərdə "Milan", "Yuventus", "İnter" səviyyəsində klublar gəlmir.

 

- Səbəb nədi?

- Dəqiq deyə bilmərəm. Həmin vaxt başqa turnirlərdə də oynayırlar. İndi düşünürəm ki, bəlkə 11-11-ə turnirlərdə oynamağa üstünlük verirlər. Bu, Pasxa bayramı dönəmində olan turnirdi. Hansı ki həmin vaxt orta məktəblərdə tətildi. Bu üzdən hazırda Avropada 10 şəhərdən birində turnir var və komandaların seçimi həddən artıq çoxdu. Serbiya, Xorvatiya, Sloveniya İtaliyaya qonşu ölkələrdi, avtobusla 2-3 saatlıq məsafəni qət edərək gəlirlər.

 

- Ən uzaq iştirakçı Azərbaycan idi?

- Orda U-15-lər arasında da turnir keçirilirdi və orada Yaponiya komandası da iştirak edirdi. Ancaq U-13-də çox güman, bizim komanda ən uzaq ölkədən gələn idi. İlk dəfə Azərbaycandan komanda gəlməyinə xüsusi maraq göstərirdilər. Yerli əhali daha çox maraq göstərirdi ki, necə olub bura gəlmisiniz, siz tərəflərdə turnirlər yoxdu...İndi onlara başa sala bilmirsən ki, biz eyni coğrafi mövqedə yaşamırıq, ətrafımızdakı ölkələrin əksəri ilə viza rejimimiz var, həmçinin oralarda bu cür turnir seçimləri yoxdu. Onlar bunu təsəvvür edə bilmirlər. Ümumilikdə götürdükdə, turnir həqiqətən effektiv oldu.

 

- Neçə komanda iştirak edirdi?

- 32 komanda 4 qrupa bölünmüşdü. Minimum 10 ölkənin təmsilçisi vardı. Təqvimi elə müəyyənləşdirmişdilər ki, komanda ilk gündə bir oyun keçirirdi. Bu da 1 gün əvvəl gəldiyindən, yol yoğrunluğu, uyğunlaşma kimi məsələlərlə bağlı idi. Növbəti günə 2 oyun salınmışdı və bununla qrup mərhələsi başa çatırdı. Daha sonrakı gün 1/8, 1/4 və 1/2 final matçları idi. Nəhayət, son gündə 3-cü yer uğrunda və final oyunları idi. Yarımfinaladək irəliləyən komandalar 7 oyun keçirdilər. Biz də qarşımıza məqsəd qoymuşduq ki, nə qədər çox oyun keçirsək, o qədər xeyrimizədi. Bu üzdən məqsədimiz minimum yarımfinaladək irəliləmək idi.

 

- Ümumiyyətlə, "Qəbələ" U-13-nünün potensialı buna imkan verirdimi? Məqsədə nail olmaq nə qədər real görünürdü?

- Hal-hazırda bilirik ki, Avropanın "Top klubları"yla mübarizə, rəqabət aparacaq səviyyədə deyilik. Hələ onlardan bir addım geri qalırıq. Ancaq bu turnirdə iştirak edən komandaların səviyyəsi imkan verirdi ki, onlarla ən azı başabaş mübarizə aparaq. Turnirdən əvvəlki hesablamalarımız onu göstərirdi ki, komandamız qrup mərhələsini adlayacaq. Əsas sual ondan sonra gəlirdi. Biz 5-ci qrupda yer almışdıq ki, burdan çıxanlar 7-ci qrupla qarşılaşırdı. Orda "Hayduk", "Srvena Zvezda" və İtaliya təmsilçisi "Ausoniya" qərarlaşmışdı. Sonuncunun adı bizə tanış deyil. Ancaq səhv etmirəmsə, "Milan"ın farm-klubudu. İtaliyada futbol akademiyalarının kateqoriyaları var. Hər akademiya eyni kateqoriya ala bilmir. " Ausoniya" artıq "Milan", "İnter" "Yuventus"la eyni səviyyədə olan elit kateqoriya sayılır. Futbolçu yetişdirmək sahəsində böyük iş görür. Əsas komandaları yoxdur deyə insanlara "Ausoniya" adı tanış deyil. Ancaq İtaliyada hamı onları tanıyır. Keçənilki turnirin finalçıları da "Srvena Zvezda"yla "Ausoniya" idi. "Hayduk" isə Xorvatiyanın 3-4 klubundan biridi, ciddi futbol akademiyası var. İndi "Milan"da oynayan Nikola Kaliniçi yetişdirən akademiyadı. "Srvena Zvezda" haqda isə məncə, artıq danışmağa ehtiyac yoxdu. Bir sözlə, ən çətin oyunumuzun həmin mərhələdə - 1/8-da olacağını bilirdik.

 

- Qrupdan 1-ci yerlə, 2-ci yerlə də çıxsaq, əsas sınaq bu mərhələdə olacaq...

- Bəli. Həqiqətən də elə oldu. "Hayduk"a düşdük və bu matç turnirin bəzəyi olan qarşılaşmalardan biri idi. Oyun başlayan kimi hesabda 0:2 geriyə düşdük. Matç da cəmi 40 dəqiqədən ibarətdi. Belə uğursuz start azərbaycanlı uşaqların öz taleləriylə barışmaları, psixoloji cəhətdən "sınmaları", 5-6 qol buraxaraq uduzmaları kimi ənənəni xatırladır. Ancaq bu uşaqlar oyunda dönüş etdilər. Bir-birindən gözəl 3 qol vurduq. Hələ bir penaltini vura bilmədik. Yəni "Hayduk"u tam üstünlüklə məğlub etdik. Təşkilatçılar turnirin "setkası"nı yaxşı bilirdilər və bizə dedilər ki, artıq finaldasınız. Yəni onlar deyirdilər ki, bu mərhələni keçən komanda çox güman, finalda oynayacaq.

 

- Sonrakı sınaq necə oldu?

- 1/4 finaldakı oyun İsveçrə təmsilçisi “Mendrisiotto Selection”a qarşı idi. Bu komandanı 5:1 hesabıyla yendik. Hərçənd, ilk hissədə hesabda minimal fərqlə üstün idik. Fasilədən sonra hesabın belə böyük olmasının səbəbi ondadır ki, isveçrəlilər turnirə cəmi 13 futbolçuyla gəlmişdi. Biz isə tam heyətlə - 18 futbolçuyla. Komandamız ümumilikdə 24 nəfərlə İtaliyaya yollanmışdı. Rəqibdə ehtiyat qüvvənin azlığı, uşaqların yorulmağı öz sözünü dedi. Turnirdə rotasiya imkanlarımız vardı. İtaliya Futbol Federasiyasının (İFF) uşaq yarışlarına qoyduğu qaydalar belədi ki, adı protokolda olan futbolçu mütləq bir hissə oynamalıdı. Məsələn, sən deyə bilməzsən ki, bu uşağı 3 və ya 5 dəqiqə oynadıram. Protokolda kim var, mütləq ikinci hissədə oynamalıdı.

 

- Hətta qapıçılar da...

- Bəli. Oyunçunun adını protokola daxil etməmisənsə, o ayrı məsələ. Bunu etmək də çətindi, çünki oyunlarda istənilən futbolçuya ehtiyac ola bilər. Risk edib adını protokola daxil etməsən, ondan sonra lazım olan anda da istifadə edə bilməzsən. Belə bir çətinlik yaranır. Amma 18 futbolçuyla getdiyimizə görə rotasiya imkanlarımız çox idi. Məsələn, baxırdıq ki, hansısa futbolçuda yorğunluq çoxdu, ona bir matçda istirahət verirdik. Digər komandada 4 nəfər əvəz olunur, 5 nəfər tam 40 dəqiqə oynayırdısa, bizdə əksər uşaqlar 20 dəqiqə oynayırdı. Ona görə də yorğunluq nisbətən az olurdu.

 

- Deməli, geniş heyətlə yollanmaq uzaqgörən addım imiş....

- U-13 komandamızda 18 futbolçu var. Bu heyəti poza bilməzdik ki, ora 14-16 oyunçuyla gedək. Çünki komandanın ruhu vacib bir şeydi. Bir-iki uşağı kənarda qoymaq olmaz. Üstəlik, belə yaşda. 1/4 final mərhələsini nisbətən rahat keçəndən somnra yarımfinalda ingilislərlə - "Uimbldon"la düşdük. Bu, həminki gün artıq 3-cü oyunumuz idi. Matç axşam saatlarında keçirildi, işıqlandırma sistemiylə oynayırdıq. Bizim üçün ilk mənfi cəhət o idi ki, oyunlar "Uimbldon"un qrupda çıxış etdiyi, daha yaxşı tanıdığı, bələd olduğu meydançada keçirilirdi. Biz isə ilk dəfə həmin stadionda oynayırdıq.

 

- Ümumilikdə turnirdə neçə stadionun meydançalarından istifadə olunurdu?

- Səkkiz. Hər biri otelə maksimum yarım saat məsafədə idi. Rahat gedib-gəlirdik. Onu da deyim ki, meydançaların vəziyyəti Qəbələdə gördüyümüz xalça meydançalar kimi deyil. Bu xalça meydançalar ancaq elit akademiyalarda var. Amma bu tip yerlərdə, zonada, regionda, qəsəbədə, kənddə mütləq bir stadion var  O, ictimai əsaslarla, bəzən də təsərrüfat hesablı işləyir. Bəzən meydançalar o qədər də yaxşı olmur. Ancaq mütləq təbii ot örtüklü və daim hərəkətli meydança olur.

 

- "Qəbələ"nin futbolçuları xalça kimi qazona öyrəşiblər. Orda meydançaların ideal olmaması bizimkilərə problem yaratmırdı?

- Avropalıların konkret yanaşması var ki, kənar amillər müzakirə mövzusu deyil. Necəsə edək, oynayaq. Bəhanə axtarası olsaq, bu, həddən artıq çoxdu. Görmüşəm ki, oynadığımız meydançada böyük klublar da, məsələn, "Udineze", "Yuventus", "Barselona"nın da də gəlib eyni şərtlərlə oynayır. Onlar heç vaxt da etiraz etməyiblər. Əsas uşaqların futbol oynamasıdı.

- Turnirdə ilk məğlubiyyəti məhz yarımfinalda aldınız, özü də penaltilərlə...

- "Uimbldon"la matç bir az qəribə oldu. Hesabı açdıq. Bu rəqib nisbətən fərqli komanda idi. Daha diribaş, gözüaçıq uşaqlardan qurulmuş, pressinq edən, topu alıb qabaqdakı hücumçuya atan komanda idi. Bizim üçün o qədər də xoş olmayan futbol oynayırdılar. Məsələn, biz kombinasiyalar, düşünülmüş hücumlar qururduq. Ancaq bunların oyun tərzi bizim oyunu da pozmuşdu. Oyun daha çox mübarizəyə çevrilmişdi. Uşaqlar final üçün daha motivasiya olunmuşdu. Ən yaxşı oyunlarımızdan birini göstərdik desəm, yalançı olaram. Amma eyni zamanda rəqibə də şans vermirdik. İlk hissəyə 5, ikinci hissəyə 7 dəqiqə əlavə olundu.

 

- Niyə belə çox?

- Oyuna 2-3 dəqiqə əlavə oluna bilər. Bu da zədəyə, əvəzetmələrə görə olur. Ancaq bizə elə gəlirdi ki, vaxtı sanki qəsdən uzadırlar. Sonra soyuq başla fikirləşirəm ki, niyə belə etsinlər? Onlar üçün nə fərqi var ki, finala Azərbaycan komandası çıxsaydı, guya onlara nə olacaqdı? Həqiqətən bilmirəm ki, nə olacaqdı. Ancaq nəsə başqa məqsədlərin olduğuna inanmıram. Rəqib qolu vurdu və dərhal oyun qurtardı.

 

- Bu, sizə qəribə gəlmədi ki, ingilislər qol vuran kimi final fiti səsləndirildi?

- Hakim 5 dəqiqə artırmışdı, ancaq 7 dəqiqə oynatdı. Bunlar bəhanə deyil, sadəcə, bizə maraqlı gəlirdi ki, görəsən niyə belə olur.

 

- Bəlkə təşkilatçılar nüfuz baxımıdan İngiltərənin komandasının finalda oynamasında daha maraqlı idilər, nəinki Azərbaycanın?

- Bilmirəm. Ola bilər ki, finalda İngiltərə və İtaliya komandalarının qarşılaşmağı onlar üçün daha nüfuzlu hesab olunar. Ancaq yenə də özümü inandıra bilmirəm ki, kimsə kiməsə belə təlimat verə bilər ki, bunu elə. İnanmamaq istəyirəm və hesab edirəm ki, hər şey meydançada həll olunmalıdı. Meydançadan kənarda olmaz. Matç 1:1 hesabıyla nəticələndi və birbaşa penaltilərə keçdik. Bu zərbələrdə rəqib futbolçular sərrast oldular. Hər halda, Londonda böyüyən uşaqlardı və arada müəyyən qədər fərq yaranır. Penaltilərdə 4:5 hesabıyla uduzduq. Bizim komanda 3 penaltini qaçırdı, onlar 2. Hər komanda 7 penalti vurdu. Qapıçımız 2 zərbəni çıxardı. Onların qapıçı isə 1 zərbə çıxardı, 2-ni biz kənara vurduq. Məlumdu ki, burda psixoloji amillər, özünəinam, güvən məsələləri ön plana çıxır. Təbii ki, bu, londonlu uşaqlarda bizə nisbətən daha üstün oldu. Bu matçdan əvvəl olan hadisə də bizi bir az təəccübləndirdi.

 

- Hansı mənada?

- Turnirlərə gedəndə reqlamentləri çox diqqətlə oxuyuruq, bütün detalları öyrənirik. Mən tərəfdən səfərə çıxanların hamısına məktub göndərilir. Orada hər bir şey haqda ətraflı məlumatlar, həmçinin reqlamentin öz dilimizə tərcüməsi yer alır. Təbii ki, reqlamentlə tanış idik. Ancaq oyundan əvvəl gəlib bizə dedilər ki, sizdə 2 futbolçu sarı vərəqə limiti dolduğuna görə oynaya bilməz. Bu zaman qarşılaşmanın başlamasına 15 dəqiqə qalırdı. Biz təəccübləndik ki, axı reqlamentdə belə bir şey yoxdu. Onların isə cavabı belə oldu ki, bunu deməyə ehtiyac yoxdu, İFF-nin qaydalarına əsasən belədi. İlk dəfə turnirdə olduğumuzdan etiraz etmək istədik ki, İFF-in qaydalarını bilmədiyimizdən gərək bunu öz reqlamentinizdə yazaydınız. Onlar da əsaslandırdılar ki, bizim burda yazmadığımız digər qaydalar İFF-in qaydalarına uyğunlaşdırılıb.

 

- Ancaq bu, ümumiləşmiş ifadələrdi və özündə çox şeyi əks etdirə bilər...

- Bəli. İFF-in uşaqlar üçün qaydalarını oxumağa başlasam, yəqin ki, çox müddət keçər. Onlardan soruşdum ki, çox şeyləri yazırsınız, niyə məhz sarı vərəqələri göstərmirsiniz. Təbii ki, bu söhbətlərin yekununun o qədər mənası yoxdu. Bu, ancaq irad formasında oldu ki, ən azından gələnilki turnirin reqlamentində göstərin ki, başqa komandaların da başına gəlməsin. Və yaxud bizi oyundan ən azı 1-2 saat əvvəl məlumatlandırmalı idiniz ki, cəzalı futbolçularınız var, onlar oyunu buraxacaqlar. Biz də ona görə heyət qurardıq. Bu 2 futbolçumuzun oynamayacağını biləndə artıq komanda tapşırıqlarını almışdı, isinmə hərəkətlərində idi. Bundan sonra protokolu dəyişdik, iki nəfər ehtiyatda olan futbolçu əsas heyətə qoşuldu. Bu da bir növ bizi qıcıqlandırmışdı ki, görəsən niyə belə olur.

- Hesab etmirsiniz ki, bunlar bilərəkdən, məqsədli atılan addımlara oxşayır?

- Yenə də deyirəm ki, şübhələnmək istəmirəm. Hər ikisi aparıcı futbolçularımız idi - Şahin Şəhniyarovla Sənan Kərimov. Biri mərkəz müdafiəçimiz idi, biri də oyun qurucumuz. Qrupda son qarşılaşmamızda - "Ankona"ya 3:1 hesabıyla qalib gəldiyimiz matçdan sonrakı addımları da daha çox qıcıqlanmaq kimi qəbul etdik.

 

- Konkret nəyi?

- Oyunun baş hakimi gəlib bizə dedi ki, 13 nömrənizi hər iki hissədə oynatmısınız. Sadəcə, ikinci hissədə formasını dəyişdirərək "8 nömrə"ni geyindirmisiniz, guya əvəzləmə etmisiniz. Bu, şəratma idi. Belə bir mənzərə bizi təəccübləndirdi. Təşkilatçılar gəlib hakimə izah etdilər ki, bu, məhəllə komandası deyil belə bir şey etsin. Biz də izah etdik ki, bizim klubla daha yaxından tanış olun, biləcəksiniz burda belə bir şeylər mümkün deyil. Hər şey ondan başladı, sonra dediyim sarı vərəqələrlə davam etdi, ardından "Uimbldon"la matçdakılar. Oyunun içindəki olan səhvlərdən artıq danışmaq istəmirəm. Belə şeylər bizim uşaqlarda motivasiyanı daha da çoxaltdı ki, hakimlərə də qalib gələcəyik. "Uimbldon"la matç onlar üçün həqiqətən böyük bir sınaq oldu. Oyundan sonra uşaqlar təxminən yarım saat göz yaşlarını saxlaya bilmədi, səsləri kəsilmədi, avtobusa qədər ağladılar. Axşam yeməyi yemək istəmədilər. Böyük bir sınaqdan çıxmış oldular, üzərlərinə məsuliyyət götürdülər, hətta sonra stressi atmaq üçün onlara həddən artıq çox vaxt lazım oldu. Səhər saat 10:00-da 3-cü yer uğrunda qarşılaşmanı oynayırdıq. Yenə də baxırdıq ki, axşam ən çox motivasiya olan uşaqlar yenə də ayıla bilmirlər. 3-cü yer uğrunda matçda nisbətən az oynayan futbolçuların hər birinə şans verdik. Yorulan uşaqlar qorundu ki, zədə almasınlar. Elə qərara gəldik ki, 3-cü və ya 4-cü yer tutmaq arasında bizim üçün elə bir fərq yoxdu. Buna görə istədik ki, oynamayan uşaqların hamısı oynasın. Qarşılıqlı hücumlarla keçən matçda 0:1 hesabıyla uduzduq. Bütün gücümüzü "Uimbldon"la axşamkı matçda qoymuşduq. Bundan sonra uşaqları bir daha o yükün altına salmağa ehtiyac görmədik. Dedik ki, çıxın rahat, sakit oyununuzu oynayın, turnirdən qabaq qoyduğumuz hədəflərə artıq gəlib çatmısınız. Yarımfinala çıxmağı proqnozlaşdırırdıq, gəldik çıxdıq. Yolumuzda kifayət qədər ciddi rəqiblər vardı. Məsələn, "Hayduk" kimi güclü rəqibi təkcə hesab yox, oyun cəhətdən də üstələyə biliriksə, bu, bizim üçün böyük bir şeydi. "Srvena Zvezda" kimi komanda bizdən aşağıda qalırsa, bu, bizim üçün doğrudan da böyük bir göstəricidi.

 

 

- Hansısa futbolçunuz turnirin yekununa əsasən müəyyən nominasiyada mükafatlandırıldımı?

- Burda da çox maraqlı mənzərə oldu. Komandamızın hücumçusu Elmir Hüseynli hər oyunda fərqlənərək ümumilikdə 11 qol vurdu və turnirin 2-ci bombardiri oldu. Deyilənə görə, "Udineze"nin oyunçusu 12 qol vurdu və turnirin ən sərrast futbolçusu o oldu. Hələ final oyunu davam edərkən təşkilatçıların birindən belə fikir eşitdik ki, Elmir Hüseynli turnirin ən yaxşı oyunçusu mükafatını alacaq. Hətta futbolçumuzun ad-soyadını məndən götürdü, hətta necə səsləndiriləcəyini məndən soruşaraq getdi. Onu da dedi ki, bir daha yoxlanılacaq, çox güman "Udineze"nin futbolçusu turnirin bombardiri, Elmir isə ən yaxşı oyunçusu olacaq. Biz də buna hazır idik, uşaq da. Finaldan sonra meydançaya endik. Bizə 4-cü yer üçün xüsusi kubok və medallar verdilər. Elmir üçünsə mükafat ona yox, "Uimbldon"un futbolçusuna verildi. Təşklatçılardan soruşduq ki, sizdən mükafat istəməmişdik, belə bir iddiamız da yox idi, özünüz gəldiniz, belə bir şeyin olacağını bildirdiniz, bəs niyə reallaşmadı? Bizim üçün elə bir qorxulu şey yoxdu, amma bu uşaq o mükafatı gözləyirdi. Cavabları belə oldu ki, deməmişdik Elmir turnirin ən yaxşı oyunçusu olacaq. Demişdik ki, ola bilər olsun, hazırda müzakirə gedir. Orda da bir təəssüf keçirdik.

 

 

- Bir sözlə, şübhələrlə dolu bir turnir oldu...

- Deyim ki, hakim səhvləri müzakirə mövzusudu, deyil. Çünki lehimizə olan hakim səhvləri də oldu. Oyun ərzində hakim səhv edə bilər. Burda qorxulu bir şey yoxdu. Hətta qrupun son oyunun ertəsi İFF-dən bir nəfər nümayəndə də gəlib mənə yaxınlaşdı və onun narazılığı bizi qıcıqlandıran məqamlardan biri oldu. Stadiona gəldik və bizdən əvvəl Sofiya komandası oynayırdı. Onların da bizim uşaqlarla münasibətləri yaranmışdı, bizim uşaqları oyunda dəstəkləyirdilər. Bizimkilər də eyni dəstəyi tribunadan onlara göstərdilər. Top rəqibdə olanda bir az uğultu səsləri də çıxardılar. Gördüm ki, həmin nümayəndə gələrək, əl-qoluyla çox aqressiv danışır. Dedi ki, bəs bu, uşaq futboludu, burda belə şey olmaz, filan. Fikirlərini nisbətən sakit qarşıladım, özünü təqdim etməsini istədim. Dedim ki, bizdən nə istədiyinizi deyin, onu etməyə hazırıq. İradıyla razılaşdım, dedim ki, uşaq futbolunda belə şeylər olmasa, yaxşıdı. Amma bu qədər həyəcanlanmağınıza ehtiyac yox idi, bir kəlmə desəydiniz, istəyinizi təmin edərdik. Bir gün əvvəlki oyundakı hadisələri eşitdiyimizi və buna görə onu federasiyadan göndəriklərini də diqqətimə çatdırdı. Biz də hakimə etirazımızın səbəbini izah etdik. Yəni belə söhbətlər həddən artıq çox oldu və buna görə bizdə qıcıq xeyli artdı. Yaxşı ki soyuqqanlı davranmağı bacardıq. Baş verənlərə sakitcə yanaşdıq və bu hadisələrdə qazancımızı çıxarmağa çalışdıq. Fikirləşdik ki, bu da bizim üçün böyük təcrübə idi.

 

- Bu turniri indiyədək iştirak etdiyiniz turnirlərdən əsas fərqi, özəlliyi nə idi?

- İndiyədək müxtəlif beynəlxalq turnirlərdə ilk 3 yeri tutaraq mükafatçı olmuşuq. Amma bu səviyyədə turnirlərdə iştirakımız olmayıb. Məsələn, Latviyada 1-ci, Litvada 3-cü olmuşuq, bunların hər birində 8 komanda iştirak edib, maksimum 4-5 ölkəni təmsil ediblər. Amma burda ən müxtəlif ölkələrdən komandalar var idi. "Uimbldon", "Hayduk"la oyun nə qədər prinsipial idisə, biz o prinsipiallıqdan nə qədər qalib ayrıla bildiksə - "Uimbldon"a penaltilərə yenilsək də - bax, bizim uşaqlarda bəzən belə şeylər əskik olur. Həmin prinsipial anda prinsipiallığımızı qoya bilmirdik. Burda isə qoyduq. Həmçinin oyun cəhətdən komanda hamının alqışını qazandı ki, həqiqətən yaxşı, xoş, baxımlı futbol oynayırsınız. Hər şey müasir futbolun tələblərinə görə qurulub - müdafiədən başlamaq, kombinasiyalar qurmaq, pressinqlə topu almaq. Görünür ki, komandanın üzərində iş gedir, xeyli istedadlı futbolçu var - bu cür fikirlər səsləndirildi. Bu turniri bir neçə başlığa bölərdim. Hal-hazırda futbol haqda danışdıq. Bu planda turnir bizim üçün həqiqətən ağır, aqressiv, emosional keçdi. Amma bizim üçün faydası həqiqətən danılmazdı.

 

- Bütün üzləşdiyiniz xoşagəlməz məqamları nəzərə alsaq, gələn il dəvət olarsa, getməklə bağlı tərəddüd olmayacaq ki?

- Bu turnirin ən böyük müsbət cəhəti 9-9-a olmasıdı. Hal-hazırda başqa belə formatda turnirin harda olduğunu bilmirəm. Ola bilər ki, növbəti mövsümlərdə belə variantlar çıxar, istifadə edərik. Amma üzləşdiklərimizi da mənfi yox, müsbət məqam kimi qəbul edirəm. Çünki bunlar daha yaxşı sınaqlardı. Sakitcə gedib, hər şey qaydasında olduğu kimi qayıtmaqdansa, bu sınaqları indidən yaşamaq bu uşaqlar üçün daha böyük üstünlükdü. Burda bir məqam da var idi ki, əlaqədə olduğumuz təşkilatçılar turnirin sırf təşkilati tərəfinə baxırlar. Oyunlar və hakimlik sırf İFF-in həmin regiondakı nümayəndəliyinə aiddi. Təşkilatçılara iradlarımızı bildirəndə, bizə dedilər ki, yazılı şəkildə müraciət edə bilərsiniz, İFF-a çatdırarıq, amma burda nəsə baş verirsə, günahı bizdə görməyin.

- Elmir həqiqətən böyük perspektiv vəd edirmi? Doğrudanmı əsl lider kimi seçilir?

- Bəli, seçilir. Bu komandanın keyfiyyəti ondan ibarətdi ki, iki yaxşı "9-luğ"umuz var. Hətta birinci heyəti çıxarıb o birini qoyanda yenə yaxşı, ürəkaçan oyun görə bilirik. Komandada həqiqətən rəqabət yüksəkdi. Həmçinin istedadlı uşaqlar Elmir və ya qeyrisi deyil. Bu yaş qrupunda gələcəyinə böyük ümidlərlə baxdığımız xeyli futbolçumuz var.

 

- Qrupda hər 3 oyunda inamlı qələbə qazandınız, 28 qol vuraraq cəmi 1-ni buraxdınız. Səviyyə fərqində belə çox üstün idik?

- Bizə belə bir məqam dedilər ki, qrupdakı oyunları rahat keçirdiniz, belə başa düşdük ki, asan qrupa düşmüsünüz. Ancaq 1/8 finalda qarşınıza "Hayduk"un qrupunda komandalar gələcək, onda görərik ki, onlarla necə oynayacaqsınız. "Hayduk" həmin qrupdan 2-ci çıxdı, bizə məğlub oldu. Bizdən 2-ci çıxan "Ankona" o qrupun lideri "Ausoniya"ya yalnız oyunsonrası penaltilərdə uduzdu.

 

- Deməli, bizim qrup onlardan heç də zəif deyilmiş...

- Qrupda böyük hesabla udduğumuz iki komanda həqiqətən zəif idilər. Onlar bundan sonra bizə qarşı nə qədər oynasalar da, bizə müqavimət göstərə bilməzlər. Üstün məqamlarımızdan biri o idi ki, uşaqlarımız oyuna çox yaxşı başlayırdılar. Matç başlayan kimi qollarımızı sıralayırdıq və rəqib avtomatik təzyiq altına düşürdü, inamını itirirdi. Bu turnirlərdə belə məqamlar var ki, adətən qrup mərhələsində mütləq belə zəif komandalar var. Dediyim kimi, turnirdə 8 meydança istifadə olunursa, onların hər birinin uşaq komandası var. Həmin stadionu direktoru da təşkilatçılar qarşısında şərt qoyur ki, mənim də komandama iştirakçılar arasında yer verin. Nəticədə mütləq yarımhəvəskar komandalar düşərək turnirdə oynayır.

 

- Bir vaxtlar "Udineze" "Qəbələ Cup"da iştirak etmişdi. Maraqlıdı, bu turnir onların yadında necə qalıb?

- Orda "Udineze"nin direktorunu xəbər aldım. Təəssüf ki, o, turnirə gəlməmişdi, görüşə bilmədik.

 

- Turnirin təşkilatçılarına müraciətininzə əsasən qrupda son qarşılaşmadan - İtaliya "Ankona"sıyla matçdan öncə 31 mart Azərbaycanlıların soyqırımı günü stadionda italyan dilində elan olunub və soyqırım qurbanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Bunu həyata keçirməkdə problemlə üzləşmədiniz?

- Yox. Müraciətimiz qətiyyən pis qarşılanmadı. Biz tərəfdən müraciət oldu, tarixi faktların nədən ibarət olduğu diqqətlərinə çatdırdıq. Onlara dedik ki, sizdən hər hansı siyasi şey tələb etmirik. Sadəcə, bu tarixdə öldürülən bu qədər insanın xatirəsinin yad olunmasını istəyirik. Onlar da razılaşdılar. Yəni onları inandıra bildik ki, hər hansı siyasi maraq güdmürük, həqiqətən bu qədər həmvətənimiz qətlə yetirilib. Soyqırım məsələsini stadionda italyan dilində elan etdirdik, həmçinin 1 dəqiqəlik sükut da oldu. Məncə, kiçik da olsa bir töhfədir. Hər bir kəs, hər bir klub kiçik miqyasda işləri üzərinə götürüb etmiş olsa, toplayanda yaxşı bir nəticə qazanmış oluruq.

 

- Yəqin ki, əvvəl də belə təcrübəniz olub...

- Bəli. Keçən il Litvadakı turnirdə 3-cü yer uğrunda oyunumuz 26 fevrala təsadüf etmişdi. Onda da təşkilatçılardan icazə almışdıq və həmin günlə əlaqədar stadionda elan olunmuşdu, 1 dəqiqəlik sükut da oldu. Bu məqamlarla bağlı öz futbolçularımıza da ətraflı məlumat verdik. Bu məsələdə bir az ehtiyatlı davrandıq, çünki uşaqlara o vəhşilikləri göstərməməlisən. Bu yaşda uşaqlara o görüntüləri görmək həqiqətən yaxşı bir şey deyil. Amma ümumi məlumatlarının olmağı şərtdi. Oyunların hamısından əvvəl himnlər səsləndirilirdi ki, bu da uşaqları motivasiya edən məqamlardan idi. Onlar himnimizi böyük həvəslə oxuyurdular. Bu məqam oyundakı motivasiyanı nisbətən artırırdı. Yəni turnirin bir neçə xoş məqamı, xoş xatirəsi vardı.

 

- Uşaqları gözəl Venetsiyanı gəzdirə bildinizmi?

- Təbii ki, gəzintimiz oldu. Uşaqlar üçün müəyyən mədəni, sosial inkişaf məqamları - İtaliya mətbəxiylə tanışlıq, Venetsiya gəzintisi kimi çox vacib məqamlar da qeyd olunasıdı. Venetsiya dünyanın ən nadir şəhərlərindən biridi. Son gündə uşaqları ora apardıq, şəhərlərin tarixi yerlərin, kanatların üzərində 2 saata yaxın gəzdik, tarixi yerlərlə tanış oldular. Geri dönüşümüzü qayıqla etdik və futbolla yanaşı, tam bir sosial fəaliyyətimizi də aparmış olduq. Klub tərəfindən uşaqların turnirə göndərilməsi, üstəlik, sosial tərəfləri də düşünülməsi çox vacib məqamlardı. Bu uşaqlar səfərdən həddən artıq çox qazanc götürdülər.

MEHMAN SÜLEYMANOV

 

25 Aprel 2018
24 Aprel 2018
B.eÇ.aÇC.aCŞB