TOP 10

Maksimov 53-cü oldu: "Keşlə"nin 5-ci əcnəbisi, Azərbaycanın 9-cu ukraynalısı

Futbol
Tarix: 2018-02-13 09:53

“Keşlə”nin baş məşqçisi Yuri Maksimov Azərbaycan milli çempionatları tarixinə növbəti əcnəbi çalışdırıcı kimi düşüb. Sport24.az xəbər verir ki, 50 yaşlı mütəxəssisin debütü qış fasiləsindən sonrakı turda - "Səbail"lə "İnter Arena"da 1:1 hesabıyla nəticələnən XV turun matçında reallaşıb.

 

Maksimov hazırkı klubunda 5-ci əcnəbi, Premyer Liqamızda 9-cu ukraynalı baş məşqçi olub. Onadək həmyerlilərindən 3-ü məhz indiki klubunda olub. Söhbət "Keşlə" "İnter" adlanan dövrdə işləmiş Anatoli Konkov, Oleq Smolyaninov və Roman Pokoradan gedir. Yeri gəlmişkən, ölkəmizdə işləmiş ilk ukraynalı mütəxəssis Konkov olub. "İnter"in digər 2 əcnəbi çalışdırıcısı gürcülər - Kaxaber Tsxadadzeylə Zaur Svanadze idi. 

 

Milli çempionatımızda işləmiş digər 5 ukraynalı baş məşqçi Vitali Pasulko ("Xəzər Lənkəran"), Roman Pokora ("Simurq"), İqor Nakoneçnı ("MKT-Araz"), Anatoli Demyanenko ("Neftçi") və Roman Qriqorçukdu ("Qəbələ") .

 

Ümumiyyətlə, ukraynalı mütəxəssislər qazandıqları nailiyyətlərlə futbol tariximizdə xüsusi iz buraxıblar. Təsadüfi deyil ki, ölkəmizdə titul qazanan ilk əcnəbi mütəxəssis 2008-ci ildə "İnter"i çempion edən Pokora olub. Artıq tarixin yaddaşına köçən əyalət təmsilçiləri - Zaqatala "Simurq"uyla İmişli "MKT-Araz"ı avrokuboklarda məhz ukraynalı çalışdırıcıları, müvafiq olaraq Pokora və Nakoneçnının rəhbərliyi altında çıxış ediblər.

 

Demyanenko Azərbaycan klubuyla avrokuboklarda 2 mərhələ adladan ilk mütəxəssis olub. O, buna 10 il öncə "Neftçi"lə İntertoto kubokunda nail olub.

 

Qriqorçuk "Qəbələ"nin tarixinə çoxsaylı ilklərlə düşməklə yanaşı, qrupda ölkəmizi təmsil edən ilk və hələ ki yeganə əcnəbi çalışdırıcıdı. "Neftçi" ilə "Qarabağ" yerli baş məşqçilərlə - müvafiq olaraq Böyükağa Hacıyev və Qurbanov Qurbanovla buna nail olub.  

 

Milli çempionatımızın 26 illik tarixində bunadək 52 əcnəbi baş məşqçi çalışıb. İlk gəlmə mütəxəssis 2001/02 mövsümündə “Turan”a rəhbərlik edən yürkiyəli Naci Şensoy olub.

 

 

 

19 Fevral 2018
18 Fevral 2018
B.eÇ.aÇC.aCŞB