TOP 10

Kramarenko milli üçün bütün qapıçıları diqqətdə saxlayır: "O, texniki səhvə yol verdi"

Futbol
Tarix: 2018-02-12 19:28

"Turun açılış matçında yaxşı oyun alındı. 90 dəqiqəyə əsasən demək olmaz ki, kim daha çox qələbəyə layiq idi. Yalnız ikinci hissəni götürsək, bəli, oyuna görə "Zirə" qələbəni daha çox haqq edirdi. Ancaq ilk hissədə müəyyən epizodlarda "Sumqayıt" fərqlənirdi, yaxşı qol imkanları vardı". Bu fikirləri Sport24.az-a açıqlamasında Azərbaycan milli komandasının məşqçisi Dmitri Kramanerko bildirib. Millimizin yeni baş məşqçisi Qurban Qurbanovun qapıçılarla iş üzrə köməkçisi olan veteran futbolçu Topaz Premyer Liqasının XV turunun matçlarını stadionlardan izləyib. 

 

Turun açılış matçı - Zirədəki oyun qapıçı səhvləriylə yadda qalıb. Belə ki, 1:1 hesabıyla nəticələnən "Zirə" - "Sumqayıt" oyununda buraxılan qollar qapıçıların - müvafiq olaraq Kamal Bayramovla Fərhad Vəliyevin kobud səhvlərinin nəticəsi idi. Kramarenko gənc həmkarlarının çıxışını belə dəyərləndirib: "Doğrudu, onlar səhv etdilər. Fərhadda texniki xəta oldu. O, topu əlində saxlaya bilmədi. Kamal isə çıxışda səhvə yol verdi. Olur belə şeylər futbolda. Ola bilər ki, böyük istəkdən əks təsir oldu. Hər ikisi təcrübəli qapıçıdı. Hər halda, Kamal ikinci hissədə bir neçə epizodda komandasını real qoldan xilas etdi. Ola bilər ki, Fərhad bu oyunda inamsız təsir bağışladı. Sonluq 1:1 oldu, hər birinin komandası xal qazandı".

 

43 yaşlı mütəxəssis millimizin üzvü olan "Zirə"nin əsas qapıçısı, uzun müddətdi zədəli olan Anar Nəzirovun durumunu nəzarətdə saxladıqlarını söyləyib: "Anarın vəziyyətiylə daim maraqlanırıq. Özü də onda bir zədə olmayıb. Əvvəl bir problemi oldu, sonra digəriylə üzləşdi. İnşallah, tezliklə tam sağalar. Nəinki Anarın, Kamalın, hər bir qapıçının milliyə düşmək şansı var. Hər bir qapıçını oyununu izləyirik, diqqətdə saxlayırıq. Əlbəttə, burda yaş amii böyük rol oynamır. Klubunda stabil, inamlı oynayacaqsa, niyə də milliyə dəvət etməyək?".

 

Millimizin məşqçisi əsas yığmaya Antalya toplanışında cəlb olunaraq Moldova yığmaısyla yoldaşlıq görüşündə iştirak edən Cavid İmamverdiyevi qeyd edib: "Zirədəki oyuna U-21 yığmamızın futbolçuları da meydanda idi. Ancaq əsas yığmadan Cavid İmamverdiyev meydanda idi və oyunuyla aşkar seçilirdi. Cavidin çıxışını bəyəndim. "Sumqayıt"ın yarımmüdafiəçisinin meydanda hərəkətliliyi, düşüncəsi şəxsən mənim xoşuma gəldi".

 

MEHMAN SÜLEYMANOV

 

19 Fevral 2018
18 Fevral 2018
B.eÇ.aÇC.aCŞB