TOP 10

Mirabdulla tamaşası: Veni, vidi, vici

Futbol
Tarix: 2018-02-12 12:05

Topaz Premyer Liqasında XV tura yekun vuruldu. Turun son matçında “Neftçi” autsayder “Kəpəz”i qəbul edirdi.Turun ilk 3 görüşündən fərqli olaraq, bu matçda “sülh” qeydə alınmadı.

 

Matçda ilk maraqlı hadisə 8-ci dəqiqədə qeydə alındı. “Kəpəz”in qolkiperi Sergey Litovçenko İqnasionun ötürməsi zamanı topu əlindən buraxsa da, dərhal Rəhman Hacıyevin rahat zərbə vurmasına da mane oldu. 6 dəqiqə sonra ukraynalı qapıçı yenidən diqqət mərkəzinə düşdü. Bu dəfə o, Rəhmanın cərimə zərbəsindən baxımlı qol vurmasına imkan vermədi. “Kəpəz” isə ilk hissədə demək olar ki, ciddi nə iləsə yadda qalmadı. Yalnız 1 epizodda yeni transfer Şandon Vinçester xəsislik etməyib boş mövqedə olan İlyas Səfərzadəni qapıçı ilə duelə yollasaydı, bəlkə də qonaqlar fasiləyə üstün yollanacaqdılar. Ancaq Vinçester tam fərqli qərar qəbul edərək topu itirdi.

 

İkinci hissədə isə Yunis Hüseynov ona cəmi 10 dəqiqə oynamaq şansı verdi: qalan 35 dəqiqə ərzində hücumun sivri ucunda İlkin Sadıqov məskən saldı. Bu əvəzetmədən 5 dəqiqə sonra isə “Kəpəz”in daha bir transferi Dieqo De Souza matçın ən real qol vəziyyətini əldən verdi. Samir Zərgərovdan ötürmə alaraq cərimə meydançasına daxil olan Şəhriyar Əliyev braziliyalıya fərqlənmək üçün əla imkan yaratdı, ancaq yarımmüdafiəçi qapını yox, sanki Şəhriyar Əliyevi nişan alırmış dərəcədə bərbad zərbəylə yadda qaldı. Matçın 70-ci dəqiqəsində meydan sahiblərinin sıralarında ən fəal olan Fransisko Qarsiyanın uzaq məsafədən zərbəsini Sergey Litovçenko küncə çıxardı. 2 dəqiqə sonra hər 2 komanda dəyişikliyə əl atdı. “Kəpəz”in heyətində Tərzin Cahangirovu Tural Rzayev, “Neftçi”də isə ilk hissədə 2 epizodda fərqlənə bilməyən Rəhman Hacıyevi Namiq Ələsgərov əvəzlədi. 

 

Görüşün 74-cü dəqiqəsi Məhəmməd Mirzəbəyov üçün acınacaqlı oldu. “Ağ-qaralar”ın müdafiəçisinin sifətinə tuş gələn ayaq zərbəsi milliləşdirilən dağıstanlının burnunun sınması ilə nəticələndi. 

 

Final fiti yaxınlaşdıqca gərginlik də artırdı. Yalnız enerjisi tükənmək bilməyən Qarsiya soyuqqanlığını itirmir, Litovçenkonun qoruduğu qapını daim təhlükə altında saxlamağa davam edirdi. Final fitinə 8 dəqiqə qalmış Əhmədov son “kozır”ı – Mirabdulla Abbasovu döyüşə atdı. Əks cəbhədə isə məcburi əvəzetmə oldu: Mirzəbəyovun burnunu sındıran Dieqo qasığ nahiyəsini dartaraq, mübarizəni davam etdirə bilmədi.  Fərqlənmək üçün Abbasova vur-tut 4 dəqiqə kifayət etdi. Mandqaladzedən sıyrılan İqnasio Erreranın ötürməsini Mirabdulla Abbasov qola çevirdi - 1:0. Bu qol matçın son maraqlı hadisəsi oldu və “Neftçi” TPL yeni ilində ilk qələbə qazanan komanda oldu.

 

ƏKBƏR AĞAZADƏ
 

19 Fevral 2018
18 Fevral 2018
B.eÇ.aÇC.aCŞB