TOP 10

Elnur Abdullayev "Sumqayıt"ı ağıllı futbol oynayan komanda sayır: "Ümid edirəm ki, bu klubdan milliyə də düşərəm"

Futbol
Tarix: 2018-01-12 19:49

"Sumqayıt"da ab-hava çox yaxşıdı. Məni çox isti qarşıladılar. Çoxu tanıdığım futbolçulardı, əksəriylə birgə oynamışam. Komandada hər şey yüksək səviyyədədi". Bu fikirləri Sport24.az-a açıqlamasında "Sumqayıt"ın yeni transferi Elnur Abdullayev bildirib. 

 

Son 2 ildə "Keşlə"də çıxış edən 31 yaşlı yarımmüdafiəçi diz nahiyəsindəki problem üzündən xeyli müddət yaşıl meydandan kənarda qalıb. Müalicəsini başa vuran Elnur hələ tam gücüylə məşq edə bilməsə də, tədricən vəziyyətinin yaxşılaşdığını söyləyib: "İkinci dövrədə son bir ayı buraxmalı oldum. Bu da dizimdəki zədəylə bağlı idi, maye yığılmışdı. Problem sintetik qazonda oynamaqla bağlı oldu. 4 il "Xəzər Lənkəran"da oynadım. Heç bir problemim yaranmadı. Süni qazonda oynamağa başlayandan sonra ağrılar yarandı. Ancaq "Keşlə"dən gedişim nə süni qazonla bağlı idi, nə də maddi amillərlə. Düzdür, klubda maddi problemlər olsa da, sonradan pullarımızı verdilər. Biz "İnter" dövründə çətin vaxtda oynamışıq, pulu düşünməmişik. Deyirdilər ki, klub dağılacaq. Ancaq futbolçular yığışdılar və oynayaraq komandanı yaşatdılar. Sadəcə, futbolçuda belə hal olur ki, deyirsən, karyeranda bir dəyişklik olsun. Mən də bunu etmək istədim. Bəlkə də dəyişmək zamanı idi. "Sumqayıt"dan təklif gəldi və şansımı dəyərləndirdim. Ürəyimdən keçdi ki, bu komandada oynayım".

 

Abdullayev "Sumqayıt"ı özünə, öz oyun üslubuna uyğun komanda sayır: "Bu komanda cari mövsümdə doğrudan da baxımlı futbol oynayır. Baxırsan ki, topla çox oynayırlar, ağıllı futbol nümayiş etdirirlər. Demirəm ki, başqaları savadız oynayır. Sadəcə, onların başqa oyun sistemi var. "Sumqayıt"da özümü göstərmək istəyərək dəvəti qəbul etdim".

 

Elnurun çıxış etdiyi yarımmüdafiənin mərkəzində "Sumqayıt"da rəqabət böyükdü. Abdullayev bunu göz önünə gətirərək "gənclik şəhəri" təmsilçisinə keçib: "Məqsədim yeni komandamda daim oynamaqdı. Məni istəyiblərsə, deməli, lazımam. Ancaq bu, o demək deyil ki, gəlmişəmsə, mütləq oynayacam. Yox, belə şey yoxdu. Bu gün mən hazıramsa, mən oynayacam, o biri hazırdısa, o oynayacaq. Burada elə problem yoxdu. Təki komandanın uğurları üçün çalışaq. Artıq hər şey özümdən asılıdı. Düzdü, fiziki durumum tam qaydasında olmadığından hələ tam hazır deyiləm. Ümid edirəm ki, "Sumqayıt"dan milliyə də düşərəm. Bunu yaş baxımından gec saymıram. Futbolçu millidə 30 yaş yuxarıda da oynaya bilər. Təki formada olasan, yaxşı oyun göstərəsən".

 

Təcrübəli futbolçu yeni baş məşqçisi Samir Abasovun işinə də yüksək qiymət verir: "Peşəkar futbolçuyuqsa, baş məşqçinin ağır məşqlərinə dözməli, tələblərini yerinə yetirməliyik. O, narazı olanda iradını bildirə bilər. Bu, normal şeydi. Baş məşqçinin istədiyini yerinə yetirməyə məcbursan. Bu sarıdan heç bir problem yoxdu". 

 

Bilindiyi kimi, "Sumqayıt"ı ölkə kubokunun yarımfinalında "Keşlə"ylə sınaq gözləyir. Bu isə o deməkdi ki, Elnur indi əks düşərgədə olacaq. Abdullayev keçmiş komandasıyla kubok qarşılaşmasını prinsipial saymır: "Keşlə"dən gedəndə rəhbərliklə danışdıq, Hamıdan halallıq alıb ayrıldım. Futbolulçara da təşəkkürümü bildirirəm. Heç kimlə prinsipiallığım yoxdu. Peşəkar futbolçu hansı klubdadırsa, onun şərəfini qorumalıdı. "Keşlə"ni aşağılamaq olmaz. Ümumiyyətlə, kubokda zəif, güclü bilinmir. Turnirə ciddi yanaşmaq lazımdı. Mən də təcrübəmlə "Sumqayıt"a kömək etməyə hazıram".

 

Elnur məhz kubokdan Avropa Liqasına yolu yaxın sayır: "Ancaq çempionatda, şanslar normaldı. "Sumqayıt" avrokuboklara vəsiqə verən 4-cü yerdədi. Hər iki cəbhədə vuruşmaq lazımdı. Məqsədimiz Avropaya çıxmaq, ölkə kubokunu qazanmaqdı. Nə qədər şans var, bunu dəyərləndirəcəyik".  

 

MEHMAN SÜLEYMANOV

17 Yanvar 2018
16 Yanvar 2018
B.eÇ.aÇC.aCŞB