TOP 10

“Mundial-2018” - III YAZI: “Fironlar”ın 3-cü yürüşü

Futbol
Tarix: 2018-01-11 14:06

“Mundial-2018” rubrikamızda dünya çempionatında debüt edəcək İslandiya və Panamadan sonra növbə çatdı Afrika qitəsinin təmsilçisinə. Söhbət uzun fasilədən sonra dünya çempionatına vəsiqə qazanan Misir yığmasından gedir. 

 

Afrika futbolunda özünəməxsus dəst-xətti ilə seçilən şimali afrikalılar ən çox qitə çempionu olmuş millidir. 7 dəfə Afrika Millətlər Kubokunun qalibi olan “fironlar ölkəsi” həm də son turnirin finalçısıdı. Misir futbol federasiyası 1921-ci ildə qurulsa da, ilk rəsmi oyun 1 il əvvələ təsadüf edib. Belçikanın Gent şəhərində İtaliya ilə qarşılaşan Misir meydanı 1:2 hesabı ilə məğlub tərk edib. Bu matç 1920-ci ilin 28 avqustunda baş tutub. 8 il sonra İtaliyaya qarşı matç isə Misir futbolunun tarixinə düşüb. Ancaq bu dəfə apenninlərlə Amsterdamda qarşılaşan qəhrəmanlarımız meydanı anti-qəhrəman kimi tərk ediblər - 3:11. Bu nəticə ölkə futbol tarixində qeydə alınan ən böyükhesablı məğlubiyyətdir. Ən böyükhesablı qələbə isə 1963-cü ildə Laosla matçda qeydə alınıb - 15:0.


Misirdə futbol deyəndə ağıllara təbii ki, “Əl-Əhli” və “Zamelek” arasında baş tutan Qahirə derbisi gəlir. Bu komandaların dueli dünyanın ən çılğın derbilərindən biri hesab olunur. 

 

Buna qədər 2 dəfə DÇ həyəcanı yaşayan Misirin debütü İtaliya-1934 mundialına təsadüf edir. Bu debüt həm də Afrika futbolunda bir ilk idi: Misir “qara qitə”ni mundialda təmsil edən ilk milli kimi tarixə düşdü. Macarıstanla debüt matçında dubl edən Əbdülrəhman Favzi isə mundiallar tarixində həm ölkə, həm də qitə adına fərqlənən ilk futbolçu oldu. Favzinin dubluna baxmayaraq Macarıstana 2:4 məğlub olan Misirin turnir macərası elə 1 oyundan ibarət olur. Bundan sonra uzun müddət mundiala vəsiqə qazana bilməyən Misirin mundial arzusu maraqlısı budur ki, yenə İtaliyada çin olur. 1990-ci ildə İngiltərə, Niderland və İrlandiya ilə eyni qrupda yer alan “fironlar” ilk 2 turda Niderland (1:1) və İrlandiya (0:0) ilə sülh bağlasa da, son turda İngiltərəyə 0:1 məğlub olaraq qrupu sonuncu sırada başa vurur. İngilislərə qarşı matç onların hələ ki, DÇ-də sonuncu görüşüdü.

 

28 illik fasilədən sonra yenidən DÇ həyəcanı yaşayacaq Misiri hazırda argentinalı Ektor Kuper çalışdırır. Bu, həm də argentinalının ilk mundialı olacaq. 25 illik karyerası ərzində cəmi 1 dəfə milli komandada işləyən Kuperin bu baxımdan ilk iş yeri Gürcüstan yığması olub (2008-2009). Yuxarıda qeyd etdiyimiz kimi, Misir ən çox qitə çempionu olan yığmadır, amma 2010-cu ildə qazanılan son çempionluqdan sonra 7 il qitə çempionatına qatıla bilməyən şimali afrikalıların bu həsrətinə məhz argentinalı mütəxəssis son verib. Komanda onun başçılığı altında hətta finala da vəsiqə qazanı, amma mövzu Kuperdirsə, deməli, məsələ məlumdu. Finalların ən uğursuz adamlarından olan 62 yaşlı çalışdırıcı yenə gümüşlə kifayətlənməli olub. Kameruna 1:2 uduzan Misir turniri 2-ci dəfə 2-ci bitirir. 

 

Bütün bunlara baxmayaraq Ektor Kuper 2015-ci ildən etibarən çalışdırdığı yığmanı DÇ-yə daşıya bildi. Qana, Uqanda və Konqo ilə mübarizədə qrupu lider başa vuran şimali afrikalılar 28 illik fasilədən sonra dünya çempionatına vəsiqə qazandı. Misiri mundiala aparan qolların müəllifi isə Mohammed Salah oldu. Konqo ilə matçın 63-cü dəqiqəsində hesabı açan 25 yaşlı futbolçu 90+6-cı dəqiqədə təyin olunan penaltini qola çevirərək bütün ölkəni sevinc gözyaşlarına qərq etdi - 2:1.

 

Misirin Rusiyada ən önəmli silahı da məhz Salah olacaq. Hazırda “Liverpul”da fantastik mövsüm keçirən yarımmüdafiəçi bir neçə gün öncə Afrikada ötən ilin ən yaxşı futbolçusu seçildi. O, bu mükafata layiq görülən 2-ci misirli futbolçu oldu. Qeyd edək ki, ilk dəfə bu mükafata 1983-cü ildə Mahmud Əl Xatib layiq görülmüşdü.

 

Ölkə futbol tarixində ən çox oyun keçirən və ən çox qol vuran futbolçulara nəzər salsaq, bu siyahıya müvafiq olaraq Ahmed Hassan (184 oyun) və Hossam Hassan (70 qol) başçılıq etdiyini görərik. Bu siyahıda olub karyerasını davam etdirən futbolçulara gəlincə, Salah 32 qolla yığma tarixinin ən məhsuldar 5-ci futbolçusudur. Bir neçə gün sonra 45 yaşı olacaq Essam El-Hadari isə 156 matçla ən çox milli forma geyinmiş 3-cü futbolçudur. O, həm də millinin kapitanıdır. 

 

Rusiyada Kuper ona şans verəcəyi halda El-Hadari mundiallar tarixində forma geyinmiş ən yaşlı futbolçu kimi tarixə keçəcək. Hələ ki, bu rekord son Braziliya mundialında Kolumbiyanın şərəfini qorumuş qapıçı Fərid Mondraqona məxsusdur (43 yaş 3 gün).

 

FIFA reytinqində hazırda 31-ci olan Misiri mundialda A qrupunda meydan sahibləri Rusiya, Səudiyyə Ərəbistanı və Uruqvayla gərgin mübarizə gözləyir. İlk dəfə mundial həyəcanı yaşayacaq Ektor Kuperin debütü isə ikiqat dünya çempionları Uruqvay yığmasına qarşı olacaq. Matç 15 iyun Yekaterinburqda baş tutacaq.
 

ƏKBƏR AĞAZADƏ

17 Yanvar 2018
16 Yanvar 2018
B.eÇ.aÇC.aCŞB