TOP 10

SOS! PFL azarkeşlərə biganə qalmamalıdı!

Futbol
Tarix: 2018-01-10 19:17

Yanvar yavaş-yavaş qışın soyuğunu hiss etdirməyə başlayır. Klublarımız da buna uyğun olaraq, tədricən isti diyara – Antalyaya üz tutur. Kimisi artıq ölkəni tərk edib, kimisi də zamanını gözləyir. Tarixi geri döndərmək mümkün deyil və günlər, saatlar tədricən bizi fevrala yaxınlaşdıracaq. Həmin fevrala ki, Topaz Premyer Liqasının iştirakçıları yenidən PFL-in bayrağı altında çempionatın ikinci yarısına start verəcəklər.

 

Yenə yazılı medianın kiçicik hissəsi olsa da, stadionlara axışacaq. Ki, həmin PFL-in bayrağı altında keçirilən yarışdan materiallar hazırlasın. Ancaq fevralda ənənəvi yazılarla yanaşı, daha bir mövzu artacaq. Söhbət ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulmasından gedir. 

 

Stadiona gələn hər bir siqaret aludəçisi 2 saata yaxın olduğu məkanda ən azı 3-4 dəfə əlini cibinə atıb siqaret yandırır. Rəqəmdə cüzi fərq də ola bilər, amma mahiyyət dəyişmir. Və həmin anda nə baş verəcək? “Vətəndaş, sənədlərinizi təqdim edin, akt tərtib edək: siz cərimə olunursunuz” – belə bir ifadə eşidən azarkeşin sevinə-sevinə əlini cibinə atıb 30 manat ödəmək eşqinə düşəcəyini fikirləşmək sadəlövhlük olar.

 

Ümumiyyətlə, stadiona gələn azarkeşlərin neçə faizi üstündə şəxsiyyət vəsiqəsini gəzdirir? Biz şərti olaraq, “hamısı gəzdirmir” deyək. Deməli, cərimə olunan insanın şəxsiyyət vəsiqəsi üzərində olmasa, ona qarşı alternativ sanksiya tətbiq ediləcək. Məsələn, polis şöbəsinə aparılır və şəxsiyyəti müəyyənləşənədək, idarədə saxlanılır. Ki, buna nail olduqdan sonra onu “muştuluqlasınlar”: “30 manat cərimələndin”.

 

Hə, hörmətli oxucu, bu günədək polislə azarkeşlər arasında ara-sıra münaqişələr yaşandıqda mediadan xəbər tuturdunuzsa, indi bu tip xəbərlər kütləvi hal alacaq.

 

Ümumilikdə stadiona gələn azarkeşlərin neçə faizinin siqaret aludəçisi olduğunu bilmirəm. Ancaq böyük əksəriyyətinin tütün məmulatlarından istifadə etdiyinə əminəm. Bax, indi həmin insanlar nə etməlidilər? Aydın məsələdi ki, heç kəs bu cür qadağaya görə siqareti atmayacaq. Aydın məsələdi ki, heç kəs təminat verə bilməz ki, hansısa azarkeş, hətta qeyri-ixytiyari olsa belə, oyunun gedişatında siqaret yandırmaycaq. Və bumm! Dərhal başının üstünü kəsdirirlər: “CƏ-Rİ-MƏ!”

 

Bu, nəyə gətirib çıxaracaq? İlk turlarda cərimələnənlər bir yana, hətta bunun şahidi olan fanatlar da stadionlardan üz döndərəcəklər. Onsuz da elə çempionat oyunları olur ki, tribunalarda polis və media mənsublarından başqa heç kim olmur. Kimlərsə cərimələnməyə başladıqdan sonra isə sərçə qanad çalanda da “CBC Sport”u izləyənlər eşidəcək.

 

Məsələylə əlaqədar çempionatın keçirilməsinə məsul qurum – PFL-lə də əlaqə saxladıq və bizə verilən cavabdan aydın oldu ki, hansısa alternativ variant üçün daha yuxarı instansiyalara müraciət edilməyəcək.

 

Bax, belə, əziz oxucu. Beləliklə, siqaret çəkənsinizsə, stadionlara gələrkən iki məsləhətimizə əməl edin:

 

1)    Cibinizdə ən aşağısı 31 manatınız olsun (cəriməni ödədikdən sonra evə yolpulunuz qalsın)
2)    Üzərinizdə şəxsiyyət vəsiqəniz olsun (cərimələnəndə yerində ödəniş etmək şansı qazanmaq üçün)

 

Problem ciddidi və PFL bu gün bunu qabartmasa, sabah acı fəsadlarına şahidlik edəcəyik. Onsuz da indiyədək daxili yarışlarda hansısa münaqişə yaşananda, PFL hadisələrin episentrindən kənarda müşahidəçi rolunu oynayıb. Heç olmasa bu dəfə istisna ola. 

 

CEYHUN ƏLİYEV

P.S. Bir ricam var. Siqaret aludəçisi olan PFL prezidenti Ramin Musayev hər turun ən azı bir oyununu tribunalardan, siqaret yandırmadan azarkeşlərlə çiyin-çiyinə izləsin. Hə, Ramin müəllim, bir fədakarlıq göstərin, fanatlar da sizdən nümunə götürsün.
 

17 Yanvar 2018
16 Yanvar 2018
B.eÇ.aÇC.aCŞB