Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan “Futzal” istiqamətində "Azərbaycan futzalı: millimizin Avropa macəraları, “daxili orqanlar”ın yoxlanışı” adlı layihəsində silsilə yazılarını başa çatdırır. Son yazı Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovla müsahibəyə həsr olunub.
Futzal üzrə son Avropa çempionatı idmansevərlərimiz tərəfindən birmənalı qarşılanmadı. Bir tərəfdən 1/4 finala yüksəlmək uğur kimi səciyyələndisə, digər yandan maksimalistlər medalsızlıqdan gileyləndi. Bəs, federasiya rəhbərliyi necə, komandanın çıxışını necə qiymətləndirir? Yaxın gələcəkdə Azərbaycan futzalını nə gözləyir? Azərbaycan Futzal Federasiyası prezidenti Zaur Axundovla söhbətimiz zamanı bir çox suallara aydınlıq gətirdik.
- Avropa çempionatının final mərhələsi öncəsi minimum hədəfin qrupdan çıxmaq olduğunu bildirmişdiniz. Hərçənd, rəqiblərə nəzər saldıqda, aydın olurdu ki, buna nail olmaq heç də asan olmayacaq. Bir tərəfdən ilk təsnifat mərhələsindən irəliləyən Fransa, digər yandan isə bütün yarışların “1 nömrəli” favoriti İspaniya… - Bildiyiniz kimi, fransızlar Avropanın ən güclü komandalarından olan Xorvatiyanı pley-offda kənarlaşdıraraq final mərhələsinə çıxmışdılar. Heyətində 9 legioner - ərəb oyunçu vardı. Özlərinin də gözləmədiyi bir futbol oynadılar və Avropa çempionatının startındaca öz sözlərini dedilər. İspaniya yığması kimi güclü rəqiblə qələbəyə çox yaxın idilər, 3 xalı son dəqiqədə əldən verdilər. Matçın 4:4 bitirəcəyini heç kim proqnozlaşdıra bilməzdi, ancaq fransızlar böyük sensasiyaya imza atdılar. İstər Avropa, istərsə də dünya çempionatı olsun, bir-iki sürpriz komanda həmişə olur. Deyərdim ki, budəfəki qitə birinciliyimizin sürpriz iştirakçısı Fransa yığması oldu. Ancaq onlar da bizim kimi öz güclərini düzgün hesablaya bilmədilər. Bizdən 2 gün əvvəl ispanlarla oynadılar və bütün güclərini favoritlə oyunda qoydular. Bu, haradasa bizə üstünlük verirdi. Millimizin oyunçuları, məşqçilər korpusumuz rəqibinin oyununa baxaraq onu təhlil edə bilərdi.
- Digər tərəfdən, fransızlar meydançaya, Avropa çempionatının ab-havasına artıq öyrəşmişdilər, ilk addımlarını uğurla atmışdılar... - Bəli. Mənim özüm də fransızların çıxışına çox təəccüb qaldım. Amma bizim milli komanda da Avropa çempionatına çox yüksək səviyyədə hazırlaşmışdı. AFFA tərəfindən hazırlıq prosesi, təlim-məşq toplanışları çox yüksək səviyyədə təşkil olunmuşdu. Bildiyiniz kimi, final mərhələsi çox sıx qrafikdə keçirilir. Qrup mərhələsiylə final matçı arasında cəmi 10 gün vaxt olur. Böyük bir yarış qısa bir müddətdə başa çatır. Fransızlar bütün güclərini İspaniya ilə matçda qoyduqlarından, fevralın 2-də bizimlə qarşılaşmada artıq ilk hissədən sonra potensiallarının heç 30-40 faizini nümayiş etdirə bilmədilər. Bunu sizlər də gördünüz ki, İspaniyaya qarşı oynayan həmin komanda deyildi, artıq gücləri tükənmişdi. Bundan da futbolçularımız istifadə etdi. Düzdü, ilk hissə ağır oldu. Ancaq ikinci hissədə peşəkarlıq öz sözünü dedi və komandamız qalib gəldi. Bununla da minimum vəzifə artıq yerinə yetirildi və buna görə də komandamıza böyük minnətdarlığımı bildirirəm. Oyunçularla məşqçi heyətinin əməyi təqdirəlayiqdi. Əzmkar oynadılar, baxmayın, Fransanın çempionata elə başlaması da təsir etmişdi.
- Belə səviyyədə turnirdə potensial autsayderin aşkar favoritdən xal alması yığmamızda da psixoloji gərginlik yaratmışdı? - Tamamilə doğrudu. Buna baxmayaraq təcrübə, peşəkarlıq öz sözünü dedi.
- Sizə elə gəlmir ki, fransızlar ispanlarla matçda necə yandısa, biz də həmin rəqiblı matçda eyni “bataqlığa girdik”? Yəni fiziki gücü çox sərf etdiyimizdən, növbəti oyunda eyni aqibəti yaşadıq... - Sizinlə tam razıyam. Oyunlarımız 2 gündən bir oldu. Fransayla qarşılaşmada da biz həddindən artır çox güc sərf etdik. Qələbə də bir az çətin başa gəldi. Komanda tam yoruldu. Bir gün istirahət edib yenidən meydana çıxmaq, özü də İspaniya kimi güclü rəqibə qarşı oynamaq elə də asan deyildi. Baş məşqçiylə, komandayla söhbətim oldu. Oyunçularımız mənə dedilər ki, oynayacağıq. Baş məşqçi isə qeyd etdi ki, heç olmasa bərabərlik edərək qrup lideri kimi 1/4 finala çıxmaq istəyir. Bu isə həmin mərhələdə nisbətən zəif rəqiblə oynamaq demək idi. Ancaq onların diqqətinə çatdırdım ki, İspaniyayla, ardınca isə Portuqaliyayla qarşılaşacağıq. Baxın, bu amili nəzərə alın. Bizim yığma da öyrəşməyib ki, 5 günə 3 oyun keçirsin.
- Üstəlik, belə bir nəhənglərə qarşı... - Elədi. Ancaq yenə də son söz məşqçi korpusunun oldu. Gördüyünüz kimi, oyunçularımız ispanlara qarşı başabaş oynadılar. Düzdü, oyunumuzun 60-70 faizi müdafiədə keçdi. Ancaq bunun özü də çox güc sərf olunması deməkdi. 0:1 hesabıyla uduzduq. Sonda idman xoşbəxtliyi də bizim tərəfdə olmadı. Kapitanımız Rizvan Fərzəliyevin boş qapıya ayağı bərk qoymamağı nəticəsində zərbə alınmadı. İspanların özü də bizimlə heç-heçəyə razı idi. Ancaq yenə də bəxt amilinin təsiri oldu. Sizə deyim ki, bəlkə də taktiki cəhətdən çox böyük səhv idi. Komandanın oyunlarına baxıb analiz edəndə, ab-havaya baxanda, fikirləşirəm ki, ispanlarla çox güc sərf etməyərək əsas gücümüzü Portuqaliyaya saxlamaq daha yaxşı olardı. Ancaq əfsuslar olsun ki, bütün gücümüz qrupun son matçında getdi. İki gün sonra həmin yüzfazli potensialla oynaya bilmədik. Fevralın 6-da Portuqaliya ilə 1/4 final qarşılaşmasında artıq 2-ci dəqiqədən sonra bütün güc qurtardı.
- Bir şeyi də nəzərə alaq ki, Avropa və ya dünya çempionatının pley-off mərhələsində məğlub olanda hesabın heç bir önəmi yoxdu. 0:1 uduzsan da mübarizəni dayandırırsan da, 0:5 uduzsan da. Ancaq Portuqaliyaya yenildiyimiz 1/4 final matçında çox emosional idiniz. Yəqin ki, bu hesabın böyüklüyündən irəli gəlir. Hər halda, 1:8 ağır məğlubiyyətdi… - Həmin oyunda da uğurlu nəticəyə ümidimiz artıq 1-ci dəqiqədə yarandı. Hər halda, hesabı açan tərəf biz olduq, 54-cü saniyədə qol vurduq. Ancaq tezliklə üstünlüyü əldən verdik və sonda qeyd etdiyimiz amil öz sözünü dedi. İki gün ərzində iki nəhənglə başabaş oynamaq çox çətindi və gücün tükənməsi öz sözünü dedi. Düzdü, oyunçularımız sonadək mübarizə apardılar, yerli futzalçılarımız da meydanda oldular. Ancaq təbii ki, onlar, xüsusilə gənclər elə səviyyəli yarışlar görməyiblər, təcrübələri azdı. Azərbaycan çempionatının Yüksək Liqası ilə qitə birinciliyi tam fərqli səviyyəli yarışlardı. Bu iki yarış arasında gərginlik müqayisəolunmazdı.
- Milli komandamız Avropa çempionatının final mərhələsində debütündə, hələ 2010-cu ildə 4-cü olmağı bacardı. Həmin nəticəni ən azı təkrarlamaq mümkün olmur, bu dəfə də yarımfinala çıxa bilmədik. Sizcə, millimiz geriləyib? - Deməzdim ki, milli komandamız həmin dövrlə müqayisədə zəifləyib. Sadəcə, Avropa çempionatı həminki deyil, ildən-ilə səviyyə artır, mübarizə gərginləşir, yeni komandalar iddialarını ortaya qoyurlar. Məsələn, həmin Fransa. Kim düşünə bilərdi ki, bu yığma güclü rəqibi mübarizədən kənarlaşdıraraq final mərhələsinə düşəcək, startda İspaniyadan xal alacaq, qələbənin bir addımlığında olacaq? Və ya götürək Qazaxıstan yığmasını. Bu dəfə yarımfinalçı oldu, 2010-cu ildə isə Avropa çempionatı onun üçün az qala əlçatmaz bir yarış görünürdü. Həmin Fransa yığmasına qalib gələrək ilk oyundaca 1/4 finala vəsiqəni təmin etdik. Onu da unutmayaq ki, məğlub olduğumuz İspaniya və Portuqaliya yığmaları finalın iştirakçısı oldular. Portuqaliya və onun lideri, kapitanı Rikardinyo həlledici matçda da səviyyələrini göstərərək Avropanın ən güclüləri olduqlarını sübut etdilər.
- Məlumdu ki, neçə illərdi yığma komandamızın əsas gücü milliləşdirilən braziliyalı legionerlərdi. Bəlkə indiki braziliyalılar o vaxtkılardan səviyyəcə geri qaldıqlarından nəticə qazana bilmirik? - Əlbəttə, həmin vaxtkı braziliyalılar güclü idi. Biro Jade əsl liderimiz, necə deyərlər, komandanın ağsaqqalı idi. O, yaşının çox olmasına baxmayaraq, komandanı arxasınca daşıyırdı. Digər yaxşı oyunçularımız vardı. Qapıda Andrey Tveryankin kimi təcrübəli qapıçımız dururdu. Düzdü, hazırkı qapıçımız da yaxşıdı, Avropa çempionatında normal çıxış etdi. Bir sözlə, indiki yığmamızı zəif saymazdım. Açığı, həmin vaxtkı braziliyalılarda da problemlər olurdu. Üstündən nə qədər vaxt keçib, indi açıb danışmaq olar. O dövrdə braziliyalı oyunçularımız arasında münaqişələr olurdu. Elə olurdu ki, bir-birləriylə yola getmirdilər, bir-birindən küsürdülər. Hətta həmyerliləri olan baş məşqçidən – Joze Alesioyla aralarında problemlər yaşanırdı. Bunlar məsul oyunlar öncəsi baş verirdi. Təbii ki, məsələyə qarışaraq onları yola gətirirdik. Nəticədə meydanda bir komanda olurdu, yumruq kimi birləşərək uğurla çıxış edirdi, qələbələri sıralayırdı.
- Millimizin növbəti hədəfi necədi? - Dünya çempionatının final mərhələsinə düşmək. Bildiyiniz kimi, növbəti mundial 2020-ci ildə Yaponiyada olacaq. Həmin məsul yarışının iştirakçısı olmağı hədəfləmişik. 2019-cu ildə dünya çempionatının seçmə mərhələ oyunları başlayacaq və Avropadan ora vəsiqəyə sahib olmağı qarşımıza məqsəd qoymuşuq. UEFA-nın hazırkı prezidenti Aleksander Çeferin futzala böyük diqqət göstərir. Artıq bu ildən UEFA Çempionlar Liqası yarışı keçiriləcək. Bundan əlavə, ölkə kubokunun qalibinin da avrokuboklara vəsiqə verməsi də gözlənilir. Yəni böyük futbolda olduğu kimi Avropa Liqası formatında bir yarışın təşkili gözlənilir. Bu da Azərbaycan Kubokuna marağı artıracaq. Təbii ki, Çempionlar Liqasında təmsilçisi olacaq komandamızdan da uğurlu debüt gözləyirik.
- Növbəti çempionluğu qazanan “Araz” bu məsul turnirə vəsiqə qazandı. Həm bu klubun, həm də millimizin baş məşqçisi olan Joze Alesioyla müqavilə mayda bitəcək. Onunla müqavilə müddəti uzadılacaq, yoxsa başqa mütəxəssislə yola davam ediləcək? - Yox. Joze Alesionun fəaliyyətini davam etdirməsini düşünürük. Onunla yeni müqavilə imzalayacağıq.
- Yüksək Liqada komandaların sayının artırılması, çempionatda bölgə təmsilçilərinin da olması planlaşdırılırmı? - Belə bir planımız və sayı 12-ə artırmaq fikrindəyik. Bildiyiniz kimi, bizdə Birinci Liqa və İkinci Liqa da mövcuddu. Çempionatlarımızda ümumilikdə 40-dan çox komanda iştirak edir. Maraqlı mübarizə gedir. Bu yaxında “Sumqayıt”ın prezidenti Riad Rəfiyevlə görüşüm oldu. Məlumdu ki, Sumqayıt idman şəhəridi. İstəyirik ki, “gənclik şəhəri”nin də futzal çempionatımızda təmsilçisi olsun. Bununla bağlı Rəfiyevlə söhbətim oldu, fikir mübadiləsi apardıq. Bölgələrdən Naxçıvanın çempionatımızda təmsilçisi var ki, bu da “Araz”dı.
- Yeri gəlmişkən, “Araz” ən imkanlı klub olsa da, ikinci komandası yoxdu. Halbuki, ikinci komandanı yaradıb gəncləri cəlb edib birinci liqada oynamaqla təcrübə toplamalarına nail olmaq mümkündü… - Bu məsələ gündəmdədi və Joze Alesioya bununla bağlı tapşırıqlarımızı vermişik. Bizdə Mini Futbol Liqası da var, oradan potensiallı gənclərimizi ortaya çıxarmaq tapşırığı vermişik. Braziliyalı mütəxəssis yayda iş başında olacaq, istirahətə az vaxtı olacaq. Yalnız evdə qısamüddətli istirahətə gedəcək. Qarşıda görüləsi iş çoxdu. Gəncləri cəlb edərək yeni komanda yaratmaq, onların oynamaqla təcrübə toplamalarına imkan yaratmaq olar.
- Rəhbəri olduğunuz “Keşlə”nin futzal komandasının yaradılması gündəmdə yoxdu? - İstərdim ki, “Keşlə” futzal klubu olsun. Ancaq bunun rəhbərliyim altında olması hüquqi cəhətdən düzgün olmazdı. Çünki “Keşlə”nin Müşahidə Şurasının sədriyəm. Ancaq Premyer Liqada çıxış edən klublarımızın futzal komandalarının olmasını da istəyərdik.
- Ölkədə futzalın əsas inkişaf istiqamətlərindən biri də uşaq futzal akademiyasının yaradılmasıdı. Bu məsələnin həyata keçirilməsi nə dərəcədə realdı? - Bu məsələ də çox vacibdi və onu həyata keçirməyi planlaşdırırıq. Sadəcə, maddi durumla bağlı pis vaxta düşdü. Akademiya məsələsiylə bağlı AFFA rəhbərliyi ilə müzakirələr aparacam. Demirəm ki, böyük – 1000 nəfərlik uşağın olduğu akademiya olsun. Ancaq bundan sayı az olan akademiya yaratmaq olar.
MEHMAN SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib