Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan “Futzal” istiqamətində "Azərbaycan futzalı: millimizin Avropa macəraları, “daxili orqanlar”ın yoxlanışı” adlı layihəsində silsilə yazılarını davam etdirir. Növbəti yazı "Diqqət onlara: cari mövsüm kimləri bəxş edib?" mövzusuyla bağlıdı.
Futzal üzrə cari mövsüm plan üzrə davam edir. İstər Yüksək Liqada, istər Birinci, istərsə də İkinci Liqada oyunlar təyin edilən vaxtda keçirilir ki, bu da bu sahədə vahid sistemin yaradılmasının nəticəsidi. Təbii ki, Yüksək Liqada davam edən mövsümdə rəqabətin artması bəzi “yatmış” oyunçuların yenidən diqqət mərkəzinə düşməsinə səbəb oldu.
“Veteran”ların “ikinci cavanlığı”
Başlayaq karyerasının qürub çağlarını yaşayan oyunçulardan. Təsadüfi deyil ki, millinin baş məşqçisi Joze Alesio da Silva seçim edərkən ilk növbədə ölkə çempionatında çıxış edən, daim izlədiyi oyunçulara üstünlük verir. Çünki baş məşqçi başqa ölkələrdə karyerasını davam etdirən oyunçuların hansı durumda olduğunu hər dəqiqə izləyə bilmir. Üstəlik, onların güclü futzal çempionatlarına yollanmadığı da ona seçim qarşısında qalarkən, mütəmadi izlədiyi futzalçılara “yaşıl işıq” yandırmağa əsas verir. Bəs Yüksək Liqadakı rəqabət oyunçuların durumuna necə təsir edib?
Cari mövsümdə əsasən təcrübəli oyunçular sanki “ikinci gəncliyi”ni yaşayır. Cəmi 2 tur əvvələ qədər bombardirlər yarışına başçılıq edən Renat Sultanov, onun “Marafon Futsal”dakı komanda yoldaşı Seymur Məmmədov, EKOL-dan Namiq Məmmədkərimov hələ ki, güc göstərirlər. Hətta millinin baş məşqçisi Joze Alesio da Silva Renatla Seymuru ötən ilin dekabrında İranda təşkil edilən turnirə aparmağı məqbul sayıb. Məmmədkərimov isə fevralda Sloveniyada təşkil edilən Avropa çempionatında millinin düşərgəsində oldu, hətta Avropa çempionu Portuqaliyaya qarşı matçda meydana da çıxdı.
Təbii ki, bunlar rəqabətin atmasının, nəticədə komanda üzvlərinin tonusda qalması üçün mütəmadi məşqlər etməsinin nəticəsidir. Rəcəb Fərəczadəni də bu siyahıya daxil etmək olar. Düzdü, o, millidəki karyerasını rəsmi olaraq bitirib. Ancaq futzalçının meydana çıxmaması komandasının oyununa dərhal təsir edir. Ramil Həsənzadə isə qapıdakı "seyv"lərindən başqa, bəzən vurduğu qollarla da diqqət mərkəzinə düşür.
Bir qrup oyunçu var ki, onlar mütəmadi məşqçiləri diqqətini cəlb edirlər, amma son anda hansısa çatışmazlıq onların “qatardan” erkən düşmələrinə səbəb olur. Misal üçün Nihad İsmayılov. “FK.İD.Futsal”ın formasını geyinən bu oyunçu hər dəfə millinin düşərgəsinə dəvət edilir. Hazırlıq prosesində mütəmadi iştirak edən İsmayılov yekun seçim zamanı düşərgəni tərk etməli olur. Problem futzalçının fiziki planda, eləcə də oyun təcrübəsi baxımından komandadakı rəqiblərindən geri qalmasıdı. Yüksək Liqada mütəmadi oyun keçirən İsmayılovun səhvləri təkrarlaması istər Alesionu, istərsə də onun sələflərini seçim qarşısında qoyur. Avropa çempionatına son toplanış zamanı Alesio Nihadı ilk gündən millinin düşərgəsinə dəvət etsə də, bu xüsusiyyətlərini nəzərə alıb, onu Lyublyanaya aparmadı.
Faiq Əliyev də oyunu ilə Yüksək Liqada seçilən futzalçılardandı. Hətta o, ötən ilin aprelində Bakıda keçirilən Avropa çempionatının əsas mərhələsinin qrup oyunları zamanı millinin formasını geyinib. Ancaq bu, sabit olmayıb. Maraqlıdır ki, millinin hazırkı baş məşqçisi Alesio onun xidmətinə ehtiyac duymayıb. Niyəsini baş məşqçi belə izah edib: “Tək Faiqlə bağlı yox, ümumilikdə yerli oyunçuların durumu haqda danışmaq istərdim. Hazırda oynayan, milliyə dəvət edilən və edilməyən futzalçıların hamısını tanıyıram. Neçə illərdi həmin futzalçılar müxtəlif klublarda çıxış edirlər. Yeni oyun nəsli yetişmir, eləcə də bu oyunçularda artım, inkişaf hiss etmirəm”.
Braziliyalı mütəxəssis bunun niyəsini tam izah edə bilməsə də, müəyyən fikirlər səsləndirdi: “Əvvəla, bunun üçün güclü çempionat, klubların daim inkişaf etməsi, məşqlərin intensivləşməsi, baş məşqçilərin oyunçularının inkişafına kömək edəcək məşqlər keçməsi lazımdı. Üstəlik, komandalarda daxili rəqabəti artırmaq lazımdı. Oyunçu meydana çıxacağına əvvəlcədən əmin olmamalıdı, o, bunu məşqlərdəki hazırlığı ilə qazanmalıdı. Təəssüf ki, bunu görmürük. Neçə illərdi eyni oyunçular meydana çıxır. Cari mövsümdə diqqətimi cəlb edən cəmi 2 yerli oyunçunun adını qeyd edə bilərəm. Onlar da yeni cəlb edildiklərinə, gənc olduqlarına görə diqqətimi çəkiblər. Söhbət “Marafon Futsal”da çıxış edən Tofiq Əliyev və İbrahim Zeynalovdan gedir. Əvvəldən tanıdığım oyunçularda hansısa inkişaf görmürəm. Çünki onlar onları heyətdən sıxışdıracaq rəqabəti hiss etmirlər. Belədə inkişafdan danışmaq mümkün deyil”.
Alesio cari mövsümdə klublara legioner axınının bu işə nisbətən təkan verəcəyini istisna etməsə də, yetərli olmadığını da qeyd edib: “Legionerlərin sayı artıb. Bu, əslində yaxşı haldı. Çünki əcnəbi oyunçunun gəlişi rəqabət yaradır. Müəyyən məqamlarda bunu hiss edirik. Ancaq davamlı və inkişaf üçün bu, yetərli deyil. Gənc oyunçular olmalıdır komandalarda. Təbii ki, onlar da həm fiziki, həm də taktiki planda baş məşqçinin verdiyi tapşırıqları anlayacaq səviyyədə olmalıdırlar. İnanın, yerli oyunçuların yaxşı formada olmasını millinin baş məşqçisi kimi mən hamıdan çox istəyirəm. Çünki yığmada rəqabətin çox olması, baş məşqçinin seçim imkanının geniş olması nəticəyə də mütləq təsir edəcək. Ayrıca, həmin oyunçular milliyə daha yaxşı formada qoşulacaqlar, çünki kürəklərində onları heyətdən sıxışdıracaq birinin nəfəsini hiss edəcəklər. Buna nail olmaq üçün çox işləməliyik. Klubların üzərinə böyük yük düşür”.
Gənclər üçün meydan
Əvvəlki yazılarımızda qeyd etmişdik ki, Yüksək Liqada çıxış edən bəzi klubların Birinci Liqada da komandası var. Təbii ki, bu cür komandaların yaradılması ehtiyat qüvvənin hazırlanmasına kömək edir. Artıq bunların bəhrəsi görülməkdədi. Xüsusilə də mövsümün əvvəlində “Yasamal-2”nin üzvü olan Vladislav Vorobyovun bu gün “Yasamal”ın heyətində Yüksək Liqada aparıcı isimlərdən olması alqışalayiq haldı. İkinci komandada 18 qol imza atan Vorobyov Yüksək Liqada rəqib qapılarını 4 dəfə silkələyib. Üstəlik, o, bütün oyunlarda iştirak edir ki, belədə millinin də baş məşqçisinin diqqətini cəlb edib. Növbəti toplanışlar zamanı futzalçının millinin düşərgəsinə dəvət ediləcəyi istisna edilmir.
“FK.İD.Futsal” da müxtəlif oyunlarda üzləşdiyi oyuunçu problemini “ikincilər”in yardımı ilə aradan qaldırır. Baş məşqçi Rafail Abdulov demək olar, hər oyunda Birinci Liqada çıxış edən “İtaldizain”dan Eşqin Tağıyevi, Raqif Eyvazovu tez-tez əsas komandaya dəvət edir. Aydın məsələdir ki, aşağı liqa ilə Yüksək Liqa arasında böyük fərq var və bu oyunlara adaptasiya olmaq asan deyil. Eyni zamanda, Yüksək Liqada oynamaqla artırmamaq da mümkün deyil.
Legionerlər üçün bazar
Yüksək Liqanın cari mövsümü həm də legionerlərin çoxluğu ilə yadda qalır. Xüsusilə də iranlı futzalçıların poliqonu da adlandırmaq olar çempionatı. İstər “Yasamal”ın, istər “Neftçi”nin, istərsə də “Marafon Futsal” cənub qonşumuzun vətəndaşlarına qucaq açan komandalardandı. Təbii ki, bunun da bir neçə səbəbi var. Əvvəla, az maaşa oynamağa razıdırlar, ikincisi, bilet və ev xərcləri böyük məbləğ tələb etmir, üstəlik, əksər oyunçularla dil problemi yaşanmır. İranlı oyunçular üçün çempionatımız həm də Avropaya yollanmaq baxımından tramplin rolunu oynayacaqdı. Bunun üçün əvvəlcə çempion olmaq və ya çempion komandanın düşərgəsində yer almalısan ki, artıq bu istiqamətdə məqsədinə çatan bir oyunçu var. Söhbət Reza Toloueidən gedir. Çempionata “Yasamal”da başlayan və oyunu ilə diqqətləri üzərinə toplayan Reza bir müddət sonra 2-3 klubdan təklif aldı ki, onlardan biri də “Araz” idi. Qış fasiləsi zamanı istəyinə çatan əslən azərbaycanlı oyunçu indi liderin uğurları üçün tər tökür. Onun autsayderdən liderin oyunçusuna çevrilməsi digərləri üçün də əlavə stimul, motivasiyadı. “Araz”a qarşı oyunlarda xüsusilə də əcnəbilərin nə qədər istəkli olduqları xüsusilə seçilir.
Əcnəbilər arasında seçilənlərdən biri də “Yasamal”ın bombardiri Mortoza Cahandostdur ki, vurduğu qollarla iddiasının böyük olduğunu göstərməyə çalışır. Bu oyunçunun böyük futbolda da çıxış etdiyini nəzərə alsaq, onun futzalda tam gücü ilə çıxış etmədiyi aydındı. Ancaq vurduğu qollarla, eləcə də oyunu ilə istedadlı olduğu danılmazdı. Qış fasiləsindən sonra çempionatımıza qoşulan Elyas Barati da seçilənlərdəndi. “Marafon Futsal”ın üzvü fərdi komponentlərdə rəqibləri üçün başağrısıdır. Adlarını sadaladıqlarımız gələcəkdə milli komandamız üçün də faydalı ola bilərlər. Belə ki, yığmamızda zaman-zaman milliləşdirilmiş oyunçulara şans verilir ki, gələcəkdə bu futzalçıların xidmətindən istifadəyə ehtiyac duyula bilər.
MEHMAN SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib