Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan “Yığma” istiqamətində “Futbol üzrə Azərbaycanın milli komandası: keçmişə baxış və perspektiv üfüqləri” adlı layihəsində silsilə yazılarına start verir. Növbəti yazı "Bakıdan Bakıya aparan yol: AÇ-2020-nin açarı Millətlər Liqasındadı" mövzusundadı.
Futbol üzrə milli komandamızın “sükanı” yeni mütəxəssisə etibar edildi. AFFA əvvəlcədən əcnəbi məşqçiylə anlaşmağı planlaşdırsa da, “Qarabağ”ın gözqamaşdırıcı uğurları Assosiasiya rəhbərliyini fikrindən daşındırdı. Azərbaycan adına ən yüksək zirvələri fəth edən Qurban Qurbanov millimizin baş məşqçisi təyin edildi. Ölkə futbol ictimaiyyətinin də böyük sevinclə qarşıladığı bu qərarın arxasında bir başlıca məqam dayanır: Qurbanov illərcə davam edən azərbaycanlı mütəxəssisin zay olması barədə mifi darmadağın edib. İndi hamı ona xilaskar gözü ilə baxır. Axı, əlçatmaz zirvə kimi görünən Çempionlar Liqasını Bakıya gətirən məhz 45 yaşlı Qurbanov oldu. İndi hamı onun millimizlə də analoji uğurlara imza atacağını gözləyir.
Realdımı?
Gəlin, məsələyə həqiqət prizmasından yanaşaq. Əvvəla, onu qeyd edək ki, Azərbaycan millisi klub deyil və zəif bildiyin mövqelərə əcnəbi futbolçu gətirə bilməzsən. Deməli, Qurbanov Kintana, Pedro, Ndlovu kimi səviyyəli futbolçuların xidmətindən istifadə edə bilməyəcək. Ancaq məsələ burasındadı ki, təcrübəli mütəxəssis bu təyinata razılaşarkən, özü də gözəl başa düşürdü ki, yalnız azərbaycanlıların xidmətindən istifadə edə biləcək.
İndi hamı Qurbanovdan hansısa möcüzəni gözləyir. Amma... Seçmə mərhələdə (istər dünya çempionatı olsun, istərsə də Avropa) Azərbaycan həmişə ən zəiflərin yer aldığı səbətdə qərarlaşıb. Elə bu dəfə də istisna olmayacaq. Qurbanovun “sehrli çubuğu” yoxdu ki, əlindəki futbolçulardan vunderkind yapsın. Ancaq UEFA-nın yeni qaydaları millimizə hətta AÇ-2020-nin final mərhələsinə yüksəlmək şansı yaradır. Bu yarışda da “Köhnə qitə”nin üzv ölkləri reytinqə görə bölünüb. Lakin məsələ burasındadı ki, əsas seçmə mərhələdən fərqli olaraq, 4 Liqaya bölünən yığmalar özünə bab rəqiblərlə üz-üzə gələcək.
Millimiz ən aşağı – D Liqasında mübarizə aparacaq. Bu Liqada 16 komanda iştirak edəcək və yekunda qalib gələn yığma bribaşa Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edəcək. Liqa özlüyündə 4 səbətə bölünüb və burada ən güclü 4 komanda “A” səbətində qərarlaşıb ki, bunlar arasında millimiz də var. Azərbaycanla yanaşı Makedoniya, Belarus və Gürcüstan yığmaları da qrup başçısı olmaq hüququ əldə ediblər. Başqa sözlə, bu yığmalarla ən yaxşı halda yalnız yarımfinalda üz-üzə gələ bilərik.
İkinci səbətdə Ermənistan məlum səbəblərə görə yığmamıza rəqib ola bilməz. Qalan 3 komandadan ikisi arzuolunandısa, birinə bir qədər ağız büzmək olar. Söhbət Latviya millisndən gedir. Əlbəttə, Baltikyanı ölkənin təmsilçisi də millimizin “dişinə görə”di. Ancaq Farer adaları və Lüksemburqa baxanda, etiraf etmək lazımdı ki, Latviya daha səviyyəlidi.
Üçüncü səbətdə yer alan yığmalar arasında da ən arzuolunmaz rəqiblər postsovet məkanı təmsilçiləridi. Söhbət Qazaxıstan və Moldova yığmalarından gedir. Digər potensial rəqiblərə gəlincə, bu, Malta və Lixtenşteyn yığmalarıdı ki, bu komandalara qalib gəlmirsənsə, futbolu tulla. Ancaq necə deyərlər “könlü balıq istəyən”... Başqa sözlə, hər 4 potensial rəqib keçilməlidi.
Dördüncü səbətdə Andorra, Kosovo, San Marino və Cəbəllütariq yığmaları qərarlaşıb. Bu yığmalar üçün Millətlər Liqasında bir qol vurmaq belə, tarixi nəticə hesab olunacaq. Başqa sözlə, 4-cü səbəti incələməyə heç bir əsas görmürük.
Məlum məsələdi ki, Avropa çempionatının seçmə mərhələsi də qitə birinciliyinə yol aça bilər. Ancaq biz real təhlilin tərəfdarıyıq. Bu gün Azərbaycan yığmasının qapılarını açan futbolçular Almaniya, İtaliya, İspaniya, Portuqaliya, Rusiya, Fransa, Hollandiya kimi nəhnglərlə başabaş mübarizə aparmaq iqtidarında deyil. Yəni, hansı prizmadan yanaşırsansa yanaş, seçmə tsikldə 2-ci yeri tutmaq mümkün olmayacaq.
Daha bir məqam mərkəz müdafiəçisi mövqeyi ilə bağlıdı. Uzun illər bu ağır missiyanı çıyınlərində daşımış Rəşad Sadıqov artıq milli karyerasını bitirib. Bədavi Hüseynov da zədə səbəbindən 6 aylıq sıradan çıxıb. Doğrudu, qitə birinciliyinə qatılmaq uğrunda oyunlar başlanana qədər Bədavi sıraya dönəcək. Ancaq 3 sual “Damokl qılıncı” obrazını dəyişməz saxlayır: 1) Hüseynov əski formasını hansı müddətə yığa biləcək? 2) Sadıqov kimi lider obrazını üzərinə kim götürəcək? 3) Rəşadın gedişindən sonra Bədavinin yanında kim oynayacaq?
Millimizin yeni baş məşqçisi bu suallara qısa zamanda cavab tapmalıdı. Bununla yanaşı, aydın məsələdi ki, Azərbaycan Millətlər Liqasında lokal məqsədlər uğrunda mübarizə aparmamalıdı və aparmayacaq da. Məsələn, komandanın qarşısına qrup mərələsinin qalibi olmaq kimi məqsəd qoyula bilməz. Hazırki reytinqə görə millimiz 16 yığma arasında 1-cidi. Əlbəttə, reytinq nisbi anlayışdı və bu cür göstəricilər yüzlərlə dəfə alt-üst olub. Amma unutmayaq ki, Millətlər Liqası Azərbaycan yığması üçün ilk rəsmi turnir olacaq ki, həmin yarışın reytinq-favoritidi. Deməli, bu yarışda qalib gəlmək üçün kifayət qədər şanslarımız var.
Ancaq Qurban Qurbanov üçün heyətin oturuşması amili də olduqca önəmli faktordu. Təcrübəli mütəxəssis buna xüsusi diqqət yetirməlidi və yetirəcək də. Ancaq indi bunun üçün münbit şərait demək olar ki, yoxdu. Axı, UEFA Millətlər Liqasına həyata şəhadətnamə verdikdən sonra yoxlama görüşlərini ümumiyyətlə, ləğv edib. Hətta təlim-məşq toplanışları zamanı sparrinq-rəqib tapmaq demək olar ki, mümkünsüz olacaq. Bəs, planlaşdırılan sxemləri harda tətbiq etmək, milli komandaya potensial namizədləri harda yoxlamaq mümkün olacaq?
Nə qədər təzadlı səslənsə də “sınaq poliqonu” obrazında Avropa çempionatının seçmə qrup mərhələsi çıxış etməlidi. Bəli, illərcə öyrəşdiyimiz və ölkəmizdə ən böyük marağa səbəb olan seçmə mərhələyə indi ancaq Millətlər Liqasına hazırlıq prizmasından yanaşılmalıdı. Özü də yaxşı olar ki, Assosiasiya rəhbərliyi də, baş məşqçi də əvvəlcədən bu cür plan hazırladıqlarını açıqlasınlar.
Bununla onlar “ bir gülləylə iki dovşan vurmuş” olarlar. Əvvəla, seçmə tsikldə mümkün uğursuzluğa bəri başdan haqlı bəraət qazanmış olurlar ki, bu da millidəki psixoloji durumun qaydasında olması üçün olduqca önəmli faktordu. İkincisi (bəlkə də elə birincisi!), yığma komandamız seçmə tsikldə ağır təzyiq altında olmayacaq və oyunlara rahat şəkildə hazırlaşa biləcəklər.
Sport24.az olaraq seçmə tsikl və Millətlər Liqasına eyni – Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparmaq prizmasından yanaşılmasının kökündən yanlış fikir olduğunu düşünürük. Atalar demiş “Əli aşından da olarıq, Vəli aşından da”.
Əlbəttə, heç kim təminat verə bilməz ki, Millətlər Liqasına əsas yarış gözüylə yanaşdıqda, birmənalı şəkildə qalib olacağıq. Millimizlə yanaşı, digər 15 rəqib də bacardığının maksimumunu əldə etməyə çalışacaq. Əlbəttə, yuxarıda qeyd etdiyimiz kimi, onlardan hər biri qələbəyə real namizəd olmayacaq. Ancaq ən azından 6-7 yığma yeganə vəsiqəyə sahib olmaq üçün dəridən-qabıqdan çıxacaq. Üstəlik, turnirin həlledici mərhələsi – yarımfinal və final qarşılaşmaları bir ölkədə keçiriləcək. Özü də böyük ehtimalla bu, Azərbaycan olmayacaq. Çünki növbəti qitə birinciliyinə ev sahibliyi edəcək ölkələr arasında Azərbaycanın da adı var. Üstəlik, yarımfinala Ermənistan yığması da vəsiqə əldə etsə, belədə, bu yığmalar arasında görüşün ölkəmizdə keçirilməsi ümumiyyətlə, mümkünsüz olacaq. Deməli, Qurbanov və yetirmələri həlledici mərhələdə mümkün azarkeş dəstəyindən də məhrum olacaqlar.
Buna baxmayaraq, biz yenə də öz fikrimizdə qalırıq ki, millimizin Avropa çempiontının final mərhələsinə aparacaq yeganə yol Millətlər Liqasıdı və bütün futbol ictimaiyyəti məhz bu ideya ətrafında toplaşıb yığmamıza dəstək olmalıdı.
CEYHUN ƏLİYEV
Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib