Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan “Yığma” istiqamətində “Futbol üzrə Azərbaycanın milli komandası: keçmişə baxış və perspektiv üfüqləri” adlı layihəsində silsilə yazılarına start verir. Növbəti yazı "2018-2020 – Dağı kimlərlə aşmalıyıq? və “Öz şirəsi”nə möhtac milli: mümkünsüz inqilab, “tseytnot”a düşən islahat" mövzularını əhatə edir.
Qurban Qurbanov millinin “sükanı arxası”na keçdi. Təcrübəli mütəxəssis gecəsini-gündüzünü “Qarabağ”a xərcləməklə dişiylə, dırnağıyla Ağdam təmsilçisini Azərbaycandan xeyli uzaqlarda da tanıtmağı bacardı. Addım-addım zirvəyə yüksələn Qurbanov növbəti çağırışı qəbul etdi. İndi onu əvvəlkindən qat-qat ağır sınaq gözləyir. Çünki klubda hansısa boşluğu legioner hesabına aradan qaldırmaq mümkündüsə, millidə seçim məhduddu. Bu sınaqdan mütəxəssisin necə çıxacağını zaman göstərəcək. Aydın məsələdi ki, bir günə möcüzə yaratmaq mümkün deyil. Ancaq yığmamızın yaxın perspektivdə Millətlər Liqası gözləyir ki, hər bir futbol fanatı bu turniri dörd gözlə gözləyir.
Bəs, Qurbanov 2018-2020-ci illəri əhatə edən növbəti seçmələri hansı futbolçularla adlamalıdı? Hazırki əksər əsas heyət üzvlərindən birdəfəlik imtina etməsi nəyə gətirib çıxara bilər? Bu suallara cavab axtarmaqla yanaşı, perspektiv vəd edən gəncləri də diqqətdən keçirəcəyik. Eyni zamanda “öz şirəsinə möhtac qalmaq” mövzusundan da yan ötməyəcəyik.
Bu gün ölkə hüdudları kənarında neçə azərbaycanlı futbolçu çıxış edir? Bir tək Araz Abdullayevimiz var. O da heç də Avropa nəhəngi sayılan ölkədə deyil, Kiprdə Azərbaycan adını tanıdır. Arazdan savayı Rauf Əliyev var idi ki, o da qış gəlməmiş “əli ətəyindən uzun” Albaniyanı tərk etdi. Təki yanılaq, ancaq Araz da Azərbaycan klublarından maraqlı təklif alan kimi Vətənə üz tutmaq üçün variantlar axtaracaq.
Axı, niyə? Niyə azərbaycanlı futbolçular ölkə xaricində ustalıq səviyyələrini artırmırlar? Niyə bizim futbolçulara maraq göstərən klublar qısa zaman kəsiyində onlardan üz döndərirlər? Niyə azərbaycanlı futbolçular Vətəndən kənara çıxmaq istəmirlər?
Problem limitdədi. Nə qədər ki, ölkədaxili yarışlar üçün limit tərtib olunacaq yerli fubolçuları top-tüfənglə də Azərbaycandan kənara çıxarmaq olmayacaq. Ölkəmizdə isə ustalıq səviyyələrinin artma ehtimalı olduqca aşağı qalacaq. Çünki əksər futbolçular məhz limitə görə əvəzolunmaz olduqlarını bilir və belədə, məşqlərə də tam ciddiyətlə yanaşmırlar, rejimə riayət etmirlər. Nəəticə də göz qabağındadı. Bəli, istisnalar var. Ancaq tək “Qarabağ”, “Qəbələ”, “Zirə”ylə iş bitmir. Ölkə futbolunda sabitliyi əldə etmək üçün limit ləğv edilməlidi. Bax, onda istənilən azərbaycanlı futbolçuya real dəyər veriləcək. Onlar da analayacaq ki, hansısa astronomik məbləğ istəkləri mümkün olmayacaq. Çünki istənilən məşqçi ölkə xaricindən işinə daha peşəkar yanaşan əcnəbiylə həmin mövqeyi gücləndirə biləcək. Belədə, azərbaycanlı futbolçu vəziyyəti real qiymətləndirəcək. Eyni zamanda seçim imkanı da məhdudlaşacaq: ya ölkə xaricindən gələn istənilən təklifi ciddiyə alıb, orda da bacarığının maskimumunu ortaya qoyub ustalıq səviyyəsini artıracaq, ya da yerli klublarda qazandığı şansdan maksimum yararlanacaq. Bəli, elə futbolçular olacaq ki, karyeralarını erkən başa vurmalı olacaqlar. Ancaq söhbət ciddi istedadı olmayanlardan gedir ki, bu da ölkə futbolu üçün itki sayılmayacaq.
Azərbaycan futbolunun real durumu belədi ki, bir futbolçunun sıradan çıxması milli üçün təsiredici olur. Elə təkcə Rəşad Sadıqovun milli karyerasını başa vurması ortaya olduqca ciddi bir sual çıxarıb: mərkəz müdafiəçisi mövqeyində kim oynamalıdı? Nəzərə alsaq ki, Bədavi Hüseynov hazırda zədəlidi, Qurban Qurbanovun necə dilemma qarşısında qaldığını başa düşmək çətin deyil. Bəli, hazırda ölkəmizdə nominal mərkəz müdafiəçiləri yetərincədi. Ancaq yalnız diletantlar bu futbolçuların milli üçün hazır olduqlarını söyləyə bilərlər. Kiminsə adını çəkib bəlli potensialı ətrafında fikir mübadiləsi aparmaq olar. Lakin hər kəsin səviyyəsi göz qabağındadı və bu stopperlər arasında hansınınsa fitri istedad sahibi olduğunu söyləmək absurddu.
Bir mövqeyə futbolçu tapıb çıxara bilmiriksə, millidə köklü dəyişikliyin hansı fəsadlara gətirib çıxara biləcəyini iddia etmək gülünc olar. Əlbəttə, söhbət millinin yalnız seçmə mərhələdəki çıxışından getsəydi, hətta bu cür qurban da vermək olar. Ancaq qarşıda Millətlər Liqası var ki, bura da “stavka” olduqca böyükdü. Təbii ki, heç kim təminat verə bilməz ki, millimiz bu yarışın qalibi olacaq. Ancaq bütün hallarda buna cəhd etmək lazımdı.
Bəs, yaxın gələcəkdə yeni nəsildən kimlər yığma komandanın qapısını döyə bilər? Bu siyahıya millinin təzə-təzə qapısını döyməyə başlayanları da əlavə edəcəyik.
Başlayaq ölkə çempionu “Qarabağ”dan. Qurban Qurbanov daim əli altında olan futbolçuardan Şəhruddin Məhəmmədəliyev və mövsümün əvvəlində “Keşlə”dən transfer etdiyi Abbas Hüseynovun üzünə milli qapılarını aça bilər. Qışda “Zirə”yə icarəyə verilən Elşən Abdullayev də milliyə namizədlər sırasındadı. “Neftçi”dən “Qarabağ”a keçən istedadlı yarımmüdafiəçi çempionun sıralarında özünə yer edə bilmədi. 23 yaşlı yarımmüdafiəçi “Zirə”də də özünü sübut edə bilməsə, “ulduzu erkən sönmüşlər” siyahısında özünə əminliklə yer hazırlaya bilər.
Elşəndən bir qədər daha şanslı görünən Ağabala Ramazanov son seçmə mərhələnin əvvəlində millinin daimi üzvünə çevrilsə də, sonradan “Qarabağ”da da əsas heyət üzvü mövqeyini itirdi. Doğrudu, bunun obyektiv səıbəbi oldu – zədə. Lakin indi Ağabalanı olduqca mühüm sınaq gözləyir: əvvəlki oyun ritmini bərpa etmək və bununla da Qurban Qurbanova milliyə layiq olduğunu isbatlamaq. Hər iki cinahda faydalı olmağı bacaran 24 yaşlı Ramazanov, ehtiyac duyulduğu təqdirdə hücumçu kimi də oynaya bilir. Formasını bərpa edə biləcəyi təqdirdə, millimizin gücünə güc qatacağı şübhəsizdi.
Adları çəkilənlərlə yanaşı Coşqun Diniyevi də qeyd edə bilərik. İstedadlı yarımmüdafiəçi hücum quruculuğunda faydalıdı. Uzun ötürmələri, sərt zərbələri ilə seçilən Coşqun daimi oyun praktikası qazanacağı təqdirdə yığma üçün yaxın gələcəyin liderlərindən birinə çevrilə bilər.
“Qəbələ”nin sıralarına baxdıqda, ən böyük perspektiv vəd edən Tellur Mütəllimovdu. Cinah oyunçusu kimi adından söz etdirən 22 yaşlı futbolçu cari mövsümün ilk yarısını aktivinə yazdıra bilməz. Elə “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk da Sport24.az-a verdiyi müsahibədə Mütəllimovun istedadlı olmasına rəğmən, son zamanlar işinə barmaqarası yanaşdığını qabardıb. Ümid edək ki, Tellur tezliklə “nərgizgülü vurğunluğu”ndan azad olacaq və Azərbaycan futboluna fayda verəcək.
“Qəbələ”nin yeni nəslindən daha bir diqqət çəkən futbolçu Elvin Camalovdu. 22 yaşı dayaq yarımmüdafiəçisi işgüzarlığı ilə seçilsə də, indiki durumda eyni mövqedə oynayan milli namizədlərə uduzur. Ancaq Camalov elə bir yaşdadı ki, istənilən an parlaya bilər.
Xeyli müddətdi maliyyə burulğanında çabalayan “Keşlə”nin son zamanlar “başı daşdan daşa dəyir”. Bu cür durumda hansısa fövqalistedadın parlayacağını gözləmək real deyil. Buna baxmayaraq, yaxın illərdə “Keşlə”nin də öyünəcəyi futbolçu ortaya çıxa bilər. Söhbət 20 yaşlı Sertan Taşkından gedir. Universallığı ilə seçilən Taşkın müdafiənin hər iki cinahında oynamağı bacarır. Dərhal olmasa da, Maksim Medvedevin “butslarını mismardan asması”ndan sonra Sertan millimizin aparıcı üzvünə çevrilə bilər.
“Zirə”nin lideri Təmkin Xəlilzadə son seçmə tsiklin axırlarında millimizin sıralarında yerini möhkəmləndirdi. Böyük ehtimalla Qurbanov da ona şans tanıyacaq. 24 yaşlı futbolçu həm yarımmüdafiə, həm də müdafiənin cinahında oynaya bilir. Ayxan Abbasovun rəhbərliyi altında çıxış edən digər futbolçulara nəzər saldıqda Vüsal İsgəndərlinin və Orxan Əliyevin adlarını çəkmək olar. Doğrudu, ikinci mövsümün böyük hissəsini zədə səbəbindən yaşışl meydanlardan kənar qalıb. Lakin formasını bərpa etdikdən sonra millimizin oyununa rəng qata bilər. İsgəndərliyə gəlincə, bu, sırf Ayxan Abbasovun tapıntısıdı. Vüsal David Manqa kimi futbolçuyla qiyabi mübarizədən qalib ayrılmağı bacardısa, deməli, hələ xeyli irəliyə gedə bilər. Cəmi 22 yaşı olan İsgəndərli həm vinger, həm də forvard mövqeyində çıxış edə bilər.
“Kəpəz”. Gəncə təmsilçisinin sıralarında “dişə vurulası” bir fiqur yoxdu. Az-çox yalnız İlyas Səfərzadəni qeyd edə bilərik ki, o, milli qapılarını açmaq üçün hələ uzun yol qət etməli olacaq.
Cari mövsüm bir çox komandanın “qorxulu röya”sına çevrilməyi bacaran “Sumqayıt”dan iki futbolçu daha çox diqqət mərkəzinə düşə bilər. Söhbət Cavid İmamverdiyevlə Amil Yunanovdan gedir. Doğrudu, İmamverdiyevin artıq 27 yaşı var. Lakin məhz Samir Abasovun rəhbərliyi altında Cavid “ikinci gəncliyi”ni yaşayır. Amil isə hələ də “perspektivli” “möhür”ündən qurtula bilməyib. Yaxın 1-2 ildə də özünü tam sübuta yetirə bilməsə, Yunanov futbolçu karyerasını ortabab klublarda keçirmıklə də başa vuracaq.
“Neftçi” perspektiv vəd edən oyunçular sarıdan “Qarabağ”dan sonra ikincidi. Təkcə qapı xəttində 2 əlcək sahibi var ki, Qurban Qurbanovun diqqətini çəkə bilər. Söhbət Səlahət Ağayevlə Rəşad Əzizlidən gedir. Ruslan Abışovun müdafiənin mərkəzinə əsas namizədlər sırasında olacağını da proqnozlaşdıra bilərik. Robert Prosineçkinin demək olar şans tanımadığı Rəhman Hacıyevlə Mirabdulla Abbasov da millimizin gələcəyi kimi baxıla bilən oyunçulardandı. Emin Mahmudovla Namiq Ələsgərov isə əvvəlki formalarını bərpa etməlidilər. Belədə, onlar hətta millimizin liderlərinə çevrilə bilərlər.
“Səbail”in sıralarına göz gəzdirdikdə, yalnız Emil Balayevin yığmamızın “çərçivə”sinə namizəd olacağını proqnozlaşdırmaq olar.
“Kukesi” ilə yollarını ayırmaqla, yaxın 6 aylıq karyerasını ciddi problemlərlə üz-üzə qoyan Rauf Əliyev yaxın iki ildə də yığmaya fayda verə bilməsə, yəqin ki, bir daha analoji şans qazanmayacaq. Kiprdə yaxşı forma yığan Araz Abdullayevin xarakterik xüsusiyyətləri baş qaldırmasa, böyük ehtimalla Qurban Qurbanovun güvənəcəyi əsas isimlərdən olacaq.
Nəhayət, maraqla gözlənilən daha bir isim barədə. “Qarabağ”ın U-19 komandasında adından söz etdirən Yaroslav Deda Azərbaycan vətəndaşlığını qəbul edə bilər. Belə olacağı təqdirdə yaxın gələcəkdə hücumçu əsas millimizin də qapısını döyə bilər.
Göründüyü kimi, ehtiyat qüvvə formalaşa bilər. Həm də nəzərə alaq ki, Qurbanov üçün “arxa cəbhə”ni möhkəmlədən əvəzolunmaz silahdaşı Rəşad Sadıqov dayanıb. Elə əsas yük də məhz Qurban Qurbanov və Rəşad Sadıqovun üzərinə düşəcək. Bir şeyi əminliklə söyləyə bilərik ki, yığmamız üçün ən düzgün seçim edilib. İlk illərdə nəticələr ürəkaçan olmasa da, bu millinin arxasında dayanmağa borcluyuq.
CEYHUN ƏLİYEV
Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib