Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan “Yığma” istiqamətində “Futbol üzrə Azərbaycanın milli komandası: keçmişə baxış və perspektiv üfüqləri” adlı layihəsində silsilə yazılarını davam etdirir. Üçüncü yazı "Millinin tablosu: səfər sindromundan azad olmuşuqmu: 10 oyun, 10 xal, 10 qol – Kamran və “10”-lar üçün bu, maksimum idimi?" mövzusundadı.
Səfər sindromu Belfastda başladı
Azərbaycan milli komandasının 25 illik tarixində səfər oyunlarında daha uğursuz çıxış etdiyi faktdı. Təsadüfi deyil ki, ən böyük məğlubiyyətimizi məhz rəqib meydanında almışıq. Millimizin 1995-ci ilin sentyabrın 6-da Fransa yığmasına 0:10 hesablı məğlubiyyəti tarixə “Oser faciəsi” kimi düşüb. Bu hesabla olmasa da, başqa darmadağınlarımız da çox olub.
Xorvatiyalı baş məşqçimiz Robert Prosineçki üçün tam seçmə mərhələ olan DÇ-2010 da darmadağınsız ötüşmədi. Bunlar Şimali İrlandiyaya Belfastda 0:4 və Almaniyaya Kayzerslauterndə 1:5 hesabla məğlubiyyətlər oldu. Bura Bundestimə Bakıda 1:4 hesablı məğlubiyyəti də əlavə etsək, 5 məğlubiyyətdən 3-nü böyük hesabla almışıq. Şimali İrlandiya və Almaniyaya səfər məğlubiyyətlərinin hər ikisi 4 top fərqiylə olsa da, Böyük Britaniyada daha zəif təsir bağışladığımızı qeyd etməliyik. Hərçənd, almanlar şimali irlandlardan aşkar güclü olsalar da, birincilərin meydanında aciz görünmədik. Düzdür, Almaniyada erkən qol buraxdıq. Lakin fasiləyə az qalmış hesabı bərabərləşdirə bildik. Özü də necə qolla! Ramil Şeydayev Avropasayağı baxımlı qol vuraraq “Çelsi”nin mərkəz müdafiəçisi Antonio Rudigerə futbol dərsi keçdi.
Ancaq təəssüf ki, ardıcıl qollar buraxmaq “xəstəliyimiz” yenidən özünü göstərdi. Yoahim Lövün komandası ikinci hissədə 11 dəqiqəyə (55-66-ci dəqiqələrdə) ardıcıl 3 qol vurmaqla mübarizənin taleyini final fitinə xeyli qalmış xeyrinə həll etdi. Oyunda son nöqtəni qoyan Emre Canın vurduğu qol isə çox baxımlı alındı.
Belfastdasa Robert Prosineçkinin komandası mübariz keyfiyyətlərini sadəcə, göstərə bilmədi. Millimiz üçün Britaniya sindromu yenə özünü göstərdi və standart vəziyyətlərdən sonra “ikinci mərtəbədə”də uduzaraq başla qapımıza vurulan qolları seyr etməli olduq. Özü də millimiz Belfasta psixoloji planda yaxşı vəziyyətdə, ruh yüksəkliyi ilə yollanmışdı. Axı, necə də olmasın, yığmamız 1994-cü ildən çıxış etdiyi seçmə mərhələlərdə ilk dəfə belə uğurlu start götürmüşdü. Şimali İrlandiyayla səfər matçınadək ilk 3 oyunda 7 xal toplayan, Almaniya kimi aşkar favoritdən sonra 2-ci yerdə qərarlaşan Robert Prosineçkinin yetirmələri ilk məğlubiyyətini məhz Belfastda aldı, ilk qolunu də məhz Belfastda buraxdı.
Millimiz son seçmə mərhələdə mübarizəyə də məhz səfərdə başladı. Ancaq San-Marinoya 1:0 hesabı ilə qalib gəldiyimiz matçda yüksək səviyyədə oyun keçirdiyimizi demək olmaz. Fasiləyə saniyələr qalarkən Ruslan Qurbanovun baş zərbəsiylə hesabı açan yığmamız ikinci hissənin əvəvlində daha bir üstünlıük qazandı. Belə ki, rəqib 51-ci dəqiqədə qırmızı vərəqə alan futbolçusuna görə meydanda 10 nəfərlə qaldı. Ancaq bu zaman millimiz daha çox hücum edərək üstünlüyü artırmaq, zəif rəqib üzərində böyük hesablı qələbə qazanmaq əvəzinə, daha çox qapısının toxunulmazlığı haqda düşünməyə başladı. Bu, riskli, sonda buraxılan qolla qələbənin əldən getməsiylə nəticələnə bilərdi. Nə yaxşı ki, sonda hər şey bizim üçün yaxşı qurtardı və necə deyərlər, qalibi mühakimə olunmadı.
Millimizin səfər matçları arasında ən yaxşısı Çexiya yığması ilə Ostravadakı qarşılaşmanı saymaq olar. Qolsuz bərabərliklə nəticələnən həmin oyunda rəqibdən oyun planında geri qalmadıq. Düzdür, güclü rəqiblə matçda müdafiəyə böyük diqqət yetirsək də, təhlükəli əks-hücumlarımız da az deyildi. Bir sözlə, həmin heç-heçəni qələbəyə bərabər nəticə də saya bilərik.
Robert Prosineçkinin komandası üçün final mərhələsi mübarizəsində son şans sayılan Norveçlə səfər matçı ən uğursuzu oldu. 0:2 hesabı ilə yenildiyimiz həmin qarşılaşmada oyunumuz heç cür alınmadı. Bakıda 1:0 hesabı ilə qalib gəldiyimiz vikinqlərdən səfərdən də xal almaq real görünsə də, arxa xətdəki kobud səhvlərimiz nəticəsində meydanı başıaşağı tərk etdik. İlk hissədə penaltiylə qapımıza yol tapan rəqib ikinci hissədə kapitanımız Rəşad Sadıqovun avtoqoluna sevindi.
Almaniyaya hər 2 oyunda qol vurasan, Şimali İrlandiyaya isə birində belə yox
Millimiz yenə də öz meydanında daha inamlı təsir bağışlayaraq xalların və vurduğu qolların çoxunu evdə qazandı. Belə ki, 10 xaldan 6-sı evdə götürüldü, 10 qoldan 8-i evdə vuruldu. Vurduğumuz qollar hissələr üzrə bərabər bölündü – ilk 45 dəqiqədə 5, fasilədən sonra 5. Qrupumuzdan yüzfaizli nəticəylə çıxan son dünya çempionu Almaniyaya hər 2 oyunda qol vursaq da, yalnız Şimali İrlandiyanın qapısına bir dəfə də olsun yol tapa bilmədik. Əvəzində buraxdığımız 19 qoldan 5-i bu yığmanın payına düşdü. Təbii ki, bizə ən çox qolu Bundestim vurdu – 9. Təəssüf doğuran hal odur ki, millimiz bütün rəqiblərindən, hətta xal qazana bilməyən San-Marino yığmasından da qol buraxdı. Norveç və Çexiya milliləri də hərəyə 2 dəfə qapımıza yol tapa bildilər. Vikinqlər bunu evdə, çexlər isə səfərdə edə bildilər.
Millimizin buraxdığı 19 qolun 8-i ilk hissədə olub. Göründüyü kimi, daha çox – 11 dəfə ikinci hissədə oyuna mərkəzdən başlamağa məcburq olmuşuq. Qapımıza erkən qol yalnız Almaniyada vurulub – 9-cu dəqiqə. Qapımıza ən gec – Şimali İrlandiyayla Bakıdakı oyunun 90+1-ci dəqiqəsində vurulan qol isə final mərhələsinə düşmək arzumuzun üstündən xətt çəkdi. Maraqlıdı ki, almanlar hər 2 oyunda son nöqtəni eyni – 81-ci dəqiqədə qoyublar. Bakıda Andre Şürrle, Kayzerslauterndə isə Emre Can həmin dəqiqədə qapıçımız Kamran Ağayevi topu tordan çıxarmağa məcbur edib. Ağayevi 66-ci dəqiqədə də iki rəqib məyus edib – evdə çexiyalı Antonin Barak, səfərdə Leon Qoretzka.
Aktivə yazılası göstəricilər
İstənilən halda, son seçmə mərhələ millimizin aktivinə yazılmalıdı. Hər halda, statistika bunu deyir. Əvvəla, ən çox xalı bu mərhələdə yığdıq – 10. Bunadək Prosineçkinin almaniyalı sələfi Berti Foqtsun dövründə, DÇ-2014-də ən çox xal toplamışdıq – 9. Təəssüf ki, rekord xalımız qrupda ən yüksək yeri tutmağımıza imkan vermədi. Hər halda, 5-ci yer bizim üçün ən yaxşı göstərici deyil. Həmin Foqtsla 9 xal topladığımız tsikldə qrupda bundan yüksək yeri tutmuşduq – 4-cü pillə.
Millimiz ilk dəfə bir seçmə mərhələdə ən çox – 3 qələbə qazandı. Düzdür, bunun 2-si autsayder San-Marino üzərində oldu. Digəri isə Norveç üzərində qazanıldı ki, bu da Bakı Olimpiya Stadionunda (BOS) ilk rəsmi qələbəmiz kimi tarixə düşdü. İndiyədək ilk dəfə bu seçmə mərhələdə bir rəqiblə oyunlarda maksimum xal toplaya bildik. Millimiz bunadək Lixtenşteyn kimi zəif rəqiblə 2 dəfə qrupda birgə yer alsa da, onun 1-də mütləq büdrəmişdi. Vaqif Sadıqovla səfərdə 1:2 hesabıyla uduzmuşduqsa, Berti Foqtsla evdə qolsuz bərabərliklə kifayətlənmişdik.
Millimizin vurduğu 10 qol isə tarixində rekord yox, onun təkrarı olub. Çünki həmin Foqtsla AVRO-2012-də də 10 dəfə rəqib qapısına yol tapmışdıq. Qol müəlliflərimizdən söz düşmüşkən, ən çox fərqlənən Əfran İsmayılovdu. "Qarabağ”ın 29 yaşlı sağ cinah yarımmüdafiəçisi 3 qola imza atdı. O, hesabındakı 2 məhsuldar ötürməylə millimizin son seçmə mərhələ ən sərrast oyunçusu oldu. Millimizin digər qol vuranlarından Əfranın “Qarabağ”dakı komanda yoldaşı, müdafiəçi Maksim Medvedevlə hücumçu Ramil Şeydayev, "Qəbələ”nin forvardı Ruslan Qurbanov millimizdə qol hesablarını açdılar. Yeri gəlmişkən, Norveçlə BOS-dakı matçda 11-ci dəqiqədə qələbə topuna imza atan Maksim son seçmə mərhələdə ən erkən qolumuzun müəllifi oldu. Ən gec qolumuzu isə Medvedevin "Qarabağ"da da kapitanı olan Rəşad Sadıqov vurdu: San-Marino üzərində 5:1-lik qələbə zamanı - 81-ci dəqiqədə. Rəşad çıxışını başa vurduğu millimizdə 5-ci, “Aue”nin yarımmüdafiəçisi Dmitri Nazarov isə çıxışını davam etdirdi yığmamızda 6-cı qoluna imza atdı. Kiprin “Anortosis” klubunun yarımmüdafiəçisi Araz Abdullayev millimizdə qol hesabını bunadək açsa da, ilk rəsmi qolunu bu tsikldə vurdu. Daha bir qol isə avtoqol müəllif olan san-marinolu müdafiəçi Mikel Cevolinin payına düşür.
Layiq olmadığımız məğlubiyyətlə bitən motivasiya
Ən nəhayət, 10 oyun, 10 qol, 10 xal - Kamran Ağayev və “10-lar” üçün bu, maksimum idimi? Əlbəttə ki, yox. Millimiz həmin 10 oyunda 10-dan da çox xal toplaya, qol da vura bilərdi. Yuxarıda qeyd etdiyimiz kimi, San-Marinoyla səfər matçında 39 dəqiqə azlıqda qalan rəqibə böyükhesabla qalib gəlməyə borclu idik. Şimali İrlandiyayla ev oyununda ən azı 1 xala layiq idik. Bakıya məhz heç-heçə dalınca, aramızdakı 3 xallıq fərqin qalması məqsədilylə gələn şimali irlandların qələbəyə can atmadıqları meydanda da göründü. Uzatma dəqiqələrində vurduqları qol final mərhələsinin qapısını onların üzünə açdısa, 90 dəqiqə hücum edən bizim üzümüzə bağladı.
Çexiya ilə Bakıdakı oyunda da xal qazanmalı idik. Ən azı ona görə ki, bu, Rəşad Sadıqovun millimizdə vida oyunu idi və onu yaxşı nəticəylə yola salmaq lazım idi. Ancaq Robert Prosineçkinin komandası hesabda geri düşdükləri matçda 1 dəfə tarazlığı bərpa etsə də, 2-ci dəfə buna gücü çatmadı.
Şimali irlandlara Bakıdakı məğlubiyyət qrupdakı müqəddəratımızı həll etdi. Bu rəqiblə aradakı xal fərqi 6-ya çatandan sonra bunu aradan qaldırmaq artıq real görünmürdü. Nəticədə, millimiz qalan 4 oyuna motivasiyasız çıxdı. Bu, ilk növbədə Oslodakı qarşılaşmada göründü. Bunun ardından "Bakcell Arena"da San-Marino üzərində darmadağın sadəcə, gözlənilən idi. Bu rəqib üzərində səfər qələbəsi isə millimizin tarixində rəqib meydanında 2-ci rəsmi qalibiyyət kimi düşdü. İlk belə nəticə 2009-cu ilin oktyabrında Lixtenşteyn üzərində 2:0 hesabıyla qeydə alınmışdı.
Millimizin 25 illik tarixində ən böyükhesablı qələbəsi də məhz ötən tsikldə, məhz san-marinolular üzərində qeydə alındı. Düzdür, 1999-cu ilin iyununda digər "cırtdan ölkə"nin millisini - Lixtenşteyni də Bakıda 4 top fərqiylə yenmişdik - 4:0. Ancaq San-Marino üzərində 5:1 hesablı qələbə həm rekordun təkrarı, həm də qolların sayına görə daha böyükhesablı qələbə demək idi.
MEHMAN SÜLEYMANOV
Yazı AFFA yanına Media Komitəsi tərəfindən maliyyələşdirilib