Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında qızıl medal qazanması barədə Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına açıqlama verib. Sport24.az xəbər verir ki, 82 kq çəki dərəcəsində finalda türkiyəli Burhan Akbudakı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı bunları söyləyib:

“Nəhayət, dünya çempionu oldum. İki ay öncə demişdim ki, bu titulu qazanaraq tarix yazmaq istəyirəm. Və mən bunu etdim. Artıq yalnız zövq almaq üçün güləşə bilərəm. Ən çətin görüşüm yarımfinala təsadüf etdi. Çünki rəqibim rusiyalı Adlan Akiyev Avropa çempionudur. Düşünürəm ki, final görüşüm yarımfinal kimi ağır olmadı. Hətta deyərdim ki, asan alındı. Qalib gəldiyim üçün xoşbəxtəm".

Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı bildirib ki, final qarşılaşmasından öncə atası ilə danışaraq dünya çempionatından sonra karyerasını bitirmək istədiyini deyib: "Amma atam söylədi ki, dostum, 5-6 ay dincəldikdən sonra yenidən güləşmək istəyə bilərsən. Bilirəm ki, karyeramı bitirməyimi istəmədiyi üçün belə dedi. Hansı qərarı verəcəyimi bilmərəm. Açığı, millinin məşqçisi olmaq istəyirəm. Lakin federasiya 2024-cü il Paris olimpiadasınadək güləşməyimi istəsə, davam edəcəyəm. Güləşi sevirəm. Bu, mənim işim deyil, həyat tərzimdir".

Qeyd edək ki, bu, Rafiq Hüseynovun karyerasında ilk dünya çempionluğudur.