Azərbaycan Güləş Federasiyası son günlər cəbhə xəttində baş verən hadisələrlə bağlı növbəti dəfə Ordumuza dəstək nümayiş etdirib. Sport24.az xəbər verir ki, federasiyanın rəsmi saytında yer alan məlumatda güləşçilərin Ali Baş Komandanın əmri ilə sıravi əsgər və zabit kimi ön cəbhəyə yollanmağa və bu yolda canlarından keçməyə hazır olduqları bildirilib.  

Onların adından yayılan açıqlamada deyilir: "Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən ordumuzun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutdu. Ancaq ordumuz düşmənin hücumlarını uğurla dəf edərək əks-hücuma keçdi. Nəticədə Cəbrayıl şəhəri də daxil olmaqla, 20-dən artıq yaşayış məntəqəsi işğaldan azad olundu. Müzəffər ordumuz qarşısında duruş gətirməyən ermənilər geri çəkilməyə məcbur olmaqla yanaşı, bir neçə strateji yüksəkliyi, xeyli sayda döyüş texnikasını və canlı qüvvəni itirib.

Cəbhədə məğlubiyyətdən qaçmağın mümkün olmadığını anlayan Ermənistan növbəti dəfə təxribata əl ataraq, cəbhə zonasından uzaq şəhər və rayonlarımızı hədəfə alıb. Mülki əhaliyə qarşı artilleriya silahlarından istifadə edən düşmənin müharibə qaydalarına zidd və qeyri-insani addımları nəticəsində 20-dən artıq dinc sakinimiz həyatını itirib, xeyli sayda insan yaralanıb. Həyatını itirənlər arasında azyaşlı yeniyetmələr də var.

Ancaq ermənilərin bütün bu təxribatları cavabsız qalmır və qalmayacaq. Biz Azərbaycan güləş ailəsi olaraq bildiririk ki, Ali Baş Komandan İlham Əliyevin bir əmri ilə sıravi əsgər və zabit kimi ordumuza qoşulmağa və bu yolda canımızdan da keçməyə hazırıq. Əminik ki, haqq bizim tərəfimizdədir və tezliklə ərazi bütövlüyümüz bərpa ediləcək. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır"!