Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.

Sport24.az xəbər verir ki, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.

Əbülfəz Nəsirov ilk mərhələdə Qazaxıstandan olan rəqibini məğlub edib. 1/88 finalda Özbəkistan güləşçisiylə gərgin keçən mübarizədə sonuncu xal prinsipinə əsasən qalib gələn Nəsirov 1/4 finala yüksəlib. Anaq yarımfinalın bir addımlığında İran pəhləvanıyla bacarmayıb. Rəqib finaladək irəlilədiyi üçün Əbülfəz avqustun 18-də təsəlliverici görüşə çıxıb. Polşa təmsilçisinə "tuşe" ilə qalib gələn həmyerlimiz 3-cü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Əbülfəz həlledici görüşdə yerli uduzaraq 5-ci yerlə kifayətlənib.

Turan Bayramov 1/8 finalda almaniyalı güləşçini vaxtından əvvəl xalçadan məyus yola salıb. ABŞ təmsilçisiylə qarşılaşmada 5:1 öndə olsa da, yekunda rəqibinə uduzub. Amerikalı güləşçinin finala çıxması Bayramova təsəlliverici görüşdə iştirak hüququ verib. Ancaq Macarıstan idmançısı xalçaya çıxmadığı üçün Turan birbaşa 3-cü yer uğrunda qarşılaşmada iştirak hüququ əldə edib. Rusiya təmsilçisiylə həlledici görüş gərgin mübarizə şəraitində keçib. Yekunda minimal hesabla qələbə qazanan Bayramov dünya üçüncüsü olub.

Abdulcəlil Şabanov startda moldovalı rəqibi üzərində inamlı qələbə qazanıb. Ancaq 1/8 finalda rusiyalı güləşçi keçilməz olub.

Saqadulla Ağayev debütdə Qırğızıstan idmançısına qalib gəlib. Lakin növbəti mərhələdə Fransadan olan rəqibinə yenilib. Fransalı idmançının finala yüksəlməsi milli üzvünə bürünc medal qazanmaq şansı verib. Saqadulla avqustun 18-də təsəlliverici görüşdə moldovalı rəqibindən güclü olub. Türkiyə pəhləvanını sonuncu xal prinsipinə əsasən üstələyən Ağayev bürünc medalı boynundan asıb.

Aydın Əhmədov təsnifat mərhələsində bolqar həmkarını sonuncu xal prinsipinə görə üstələyib. Həmyerlimiz Gürcüstan pəhləvanına da gücünü göstərərək yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında son Avropa çempionuna uduzan Əhmədov bürünc medal uğrunda mübarizədən məğlub ayrılıb.


61 kq
Təsnifat: Əbülfəz Nəsirov - Salamat Malikov (Qazaxıstan) 7:3
1/8 final: Əbülfəz Nəsirov - Ümidcan Cəlalov (Özbəkistan) *6:6
1/4 final: Əbülfəz Nəsirov - Rəhman Amuzadxəlili (İran) 2:12
Təsəlliverici görüş: Əbülfəz Nəsirov - Bartoş Soltis (Polşa) 6:0 (tuşe)
Bürünc medal görüşü: Əbülfəz Nəsirov - Fyodor Baltuyev (Rusiya) 3:14

74 kq
1/8 final: Turan Bayramov - Stas Volf (Almaniya) 10:0
1/4 final: Turan Bayramov - Kiqan Otoole (ABŞ) 5:5*
Təsəlliverici görüş: Turan Bayramov - Balint Balaş (Macarıstan) +:-
Bürünc medal görüşü: Turan Bayramov - İdar Xatanov (Rusiya) 2:1

86 kq
1/8 final: Saqadulla Ağayev - Samatbek Uulu (Qırğızıstan) 11:7
1/4 final: Saqadulla Ağayev - Rahim Məhəmmədov (Fransa) 5:12
Təsəlliverici görüş: Saqadulla Ağayev - Yon Demyan (Moldova) 7:2
Bürünc medal görüşü: Saqadulla Ağayev - Emre Çiftçi (Türkiyə) *3:3

92 kq
Təsnifat: Abdulcəlil Şabanov - Dmitri Duskov (Moldova) 11:3
1/8 final: Abdulcəlil Şabanov - İvan Kirillov (Rusiya) 2:9

125 kq
1/8 final: Aydın Əhmədov - Georgi İvanov (Bolqarıstan) *4:4
1/4 final: Aydın Əhmədov - Giorgi Çixradze (Gürcüstan) 3:0
1/2 final: Aydın Əhmədov - Lyova Gevorqyan (Ermənistan) 0:10
Bürünc medal görüşü: Aydın Əhmədov - Kumar Anirud (Hindistan) 2:7