Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kuboku zamanı Milli Gimnastika Arenasında bir sıra yeniliklər tətbiq olunacaq. Sport24.az xəbər verir ki, bu barədə Trend-ə arenanın direktoru Maqsud Fərzullayev məlumat verib.

O, arenanın yarışa tam hazır vəziyyətə gətirildiyini bildirib: “Biz bütün yarışlara sanki birinci yarış kimi hazırlaşırıq, ona görə də məsuliyyət həmişə yüksək olur. Yaxın bir ay turnirlərlə zəngin olacaq. İndi Dünya Kuboku, sonra "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunları, iyunun 1-də isə uşaqlar üçün yerli turnir keçiriləcək”.

Arena rəhbəri həmçinin Dünya Kubokunda tətbiq olunacaq yeniliklərdən danışıb: “Dünya Kuboku üçün biz zala iki yeni ekran-tiker yerləşdirməyi qərara almışıq. İkinci mərtəbədə tikerlər (müxtəlif idman növlərində istifadə olunan qaçan sətirlər) quraşdırılacaq. Burada yarış vaxtı və fasilələrdə müxtəlif reklam və sponsor məlumatları, eləcə də çıxış edən gimnastlar haqqında məlumatlar işıqlandırılacaq. Bu tikerlər zalın hər bir nöqtəsindən görünəcək və "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarında da istifadə olunacaq. Böyük ekranda maraqlı anların təkrarı və Federasiya tərəfindən hazırlanmış çarxlar göstəriləcək”.

M.Fərzullayev IV İslam Həmrəyliyi Oyunlarına hazırlığın Dünya Kubokundan dərhal sonra başlayacağını qeyd edib: “Aprelin 30-u Dünya Kuboku başa çatır, mayın 1-dən isə "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunları üçün arenanın ümumi hazırlanması başlayacaq. Format eyni qalacaq, bədii və idman gimnastikaları üçün avadanlıqlar quraşdırılacaq. Xarici görünüş dəyişəcək. Təşkilat komitəsi öz loqotiplərini, sponsorların adının olduğu bannerləri yerləşdirəcək”.

Qeyd edək ki, 28-30 aprel tarixlərində Bakı növbəti bədii gimnastika üzrə Dünya Kuboku mərhələsinə ev sahibliyi edəcək.