Bədii gimnastika üzrə Olimpiya, dünya və Avropa çempionu Alina Kabayeva Moskva-Baku portalına müsahibə verib. Sport24.az xəbər verir ki, müxtəlif məsələlər barədə sualları cavablandıran 33 yaşlı keçmiş gimnast Azərbaycan gimnastikasından, onun son illərdəki inkişafından da danışıb.

Kabayeva Azərbaycanda gimnastika üzrə mötəbər tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu deyib: "Bakıda möhtəşəm gimnastika arenası inşa edilib. Təsadüfi deyil ki, dörd ildə bir dəfə keçirilən qitələrarası hakimlik kurslarının təşkili Bakıya həvalə edilib. Deyə bilərəm ki, Mehriban Əliyevanın xidmətləri sayəsində Azərbaycanda bədii gimnastika hazırda yüksək səviyyəyə çatıb.".

Əfsanəvi gimnast Azərbaycan gimnastlarının fərqliliyindən söhbət açıb: "Azərbaycanda bacarıqlı məşqçilər çalşır. Artıq bədii gimnastikanın öz üslubu var. Azərbaycan gimnastlarını özünəməxsus zərifliyi, ifadəliliyi ilə xarakterizə edirəm. Həqiqətən də onların çıxışlarını bəyənirəm. Yeni Olimpiya dövründə də yüksək nəticələr qazanacaqlarına inanıram".

Son Olimpiadadakı təmsilçimiz Marina Durunda haqqında danışan Kabayeva, onun bəxtinin gətirməməsi fikri ilə razılaşmadığını bildirərək, fikirlərini belə ifadə edib: "Mənə görə, Marinanın çox böyük potensialı var. Hələ də onu aça bilməyib. Rioda onun bəxtinin gətirməməsi fikri ilə razılaşmıram. O, ən yaxşı 10 gimnast sırasına düşüb".

Qeyd edək kİ, Alina Kabayeva Sidney Olimpiadasının bürünc, Afina Olimpiadasının isə qızıl medalçısıdı. O, həmçinin 9 dəfə dünya çempionu, 15 dəfə isə Avropa çempionu olub.