"Komandada vəziyyət normaldır". Sport24.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov deyib.

 

O, Gürcüstan yığması ilə keçirəcəkləri iki yoldaşlıq oyunu öncəsi brifinq keçirib. Borisovun sözlərinə görə, məşqlərə 17 futzalçı qatılıb: "Onlardan 14-ü bizimlə oyuna yollanacaq. Heyətdəki oyunçuların fiziki durumu yaxşı deyil. Bunun da bəzi səbəbləri var. Bu barədə çox danışmaq istəmirəm. Çünki hərəsi öz klubunda çıxış edir. Komandaya cavanları cəlb etmişik. Buna görədə 4-5 gün məşq etmək çox azdır".

 

Borisov bildirib ki, komandanın fiziki vəziyyətinin sabitləşməsi üçün zamana ehtiyacları var: "Hər klubun öz taktikası və məşq prosesi var. Buna mən qarışa bilmərəm. Bu il heyətdə daha çox gənc "Baku Fire"dir. Əvvəl "Araz-Naxçıvan"dan 10 nəfər oyunçu olurdu. Belədə məşqlər daha asan olurdu. Amma indi heyətimiz 3-4 komandadan olan oyunçulardan ibarətdir. Hansı futbolçu öz klubunda uğurlu çıxış edirsə, həmin oyunçular milliyə dəvət alacaq. Dekabrda Avropa çempionatının seçmə oyunlarına start veriləcək".

 

Qeyd edək ki, milli aprelin 14-də və 16-da Tiblisidə Gürcüstanla yoldaşlıq oyunu keçirəcək.