Hər bir turnirdə ilk matç adətən çətin olur. Üstəlik, bu, uzun çempionat yox, qrup mərhələsi ilə başlayan qısa turnirdisə, həm çətinlik, həm də önəm əsas plana keçir. Futzal üzrə millimiz Niderlandın Qroningen şəhərində Avropa çempionatının final mərhələsinə adıçəkilən məkanda hələ hazırlıq prosesi zamanı heyətlə bağlı problemlərlə zərbə aldı. Əvvəlcə futzalçımız Emanoel Joao Rodrigues ciddi zədələndi və yarışda iştirak edə bilməyəcəyi ilə bağlı müvafiq sənədləri UEFA-nın Tibb Komissiyasına təqdim edəndən onu başqa futzalçı ilə əvəzlənməsinə icazə verildi. Ancaq sən demə,  daha ciddi problem irəlidə imiş. Belə ki, startda Gürcüstanla oyunöncəsi məşqdən əvvəl futzal üzrə Azərbaycan millisinin üzvlərindən COVID-19 anticism analizləri götürülüb və komandanın iki üzvünün - Rövşən Hüseynli və Qallonun testlərinin nəticəsi pozitiv olub. 

Buna görə də hər iki futzalçıdan PCR testi götürülüb. Testin nəticəsi açıqlanıb və hər iki futzalçının nəticəsi pozitiv olması bəlli olub. Bununla millimizin əsas heyət üzvləri - qapıçı ilə müdafiəçi hazırda qaldıqları oteldə yanvarın 27-dək karantinə alındılar.

Rövşənin yoxluğu daha çox narahatlıq doğururdu. Hər halda, o, uzun illərdi millimizin "1 nömrəsi"di və əvəzləyicisi Emin Kürdov nə qədər təcrübəli olsa da, millidə oyun praktikası çox azdı. Amma irəli gedib deyək ki, "çərçivə"ylə bağlı problem yaşamadıq. Hər halda, buraxdığımız heç bir qolda günahı olmayan Kürdov dəfələrlə zərbələrə gözəl reaksiya nümayiş etdirərək, komandamızı real qoldan xilas etdi. 

Çətinliklərə rəğmən, Gürcüstanla matç bizim üçün yaxşı başladı. Özü də çox yaxşı. Artıq görüşün əvvəlində nəinki hesabı açdıq, bundan cəmi 1 dəqiqə sonra üstünlüyümüzü artırdıq. Buna hücumçumuz Rafael Viela nail oldu. Əvvəlcə o, əks-hücum zamanı sol ayaqla topu uzaq küncə dəqiq yönəltdi. Ardından Rafael cərimə zərbəsindən dəqiq zərbəylə toru silkələdi. 

Bu qarşılaşmanı Braziliya derbisı də saymaq olardı. Hər halda, gürcülərdə də əsas qüvvə "sambaçılar" idi. Onlardan biri olan Elisandro ilk 10 dəqiqənin bitməsinə saniyələr qalarkən fərqi azalda bildi. Bunda top itkimiz həlledici oldu ki, rəqib təkbətək çıxaraq topu Kürdovun başı üzərindən tora göndərdi.

Gürcülərin qısa müddətdə "soyuq duş" almasından sonra hücumda daha çox olması, bizim isə avtomatik olaraq müdafiəyə çəkilməyimiz gözlənilən idi. Bu müddətdə millimizin fasiləyədək üstünlüyünü əldən verməməsi vacib idi ki, buna çətinliklə də olsa nail ola bildik.

İkinci hissəyə Joze Alesionun yetirmələri daha yaxşı başladı. Gürcüləri öz qapılarına sıxdığımız anlarda ardıcıl kəsərli hücumlarımız oldu ki, onda hesabı 3:1 etdirməyimiz vacib idi. Amma rəqibin kapitanı da olan təcrübəli Zviad Kupatadze "çərçivə"də çox inamlı oldu. Bu anlar matçın qırılma anı oldu. Çünki gürcülər bu təzyiqə tab gətirərərək görüşün axarını xeyirlərinə dəyişə bildilər. Yenə millimizdə top itkisi və Arçil Sebiskveradze uzanaraq zərbəylə topu qapımızdan keçirdi - 2:2. 

Bu yerdə vacib bir məqama toxunaq. Rəqib hesabı bərabərləşdirdiyi zaman baş məşqçisi Avtandil Asatiani yerli oyunçulardan ibarət kvarteti meydana buraxdı və braziliyalılarına istirahət verdi. Zaman bu qərarın doğruluğunu göstərdi. Joze Alesio isə bu zaman taktiki müdaxilələrə az əl atdı, əvəzləmələri yubatdı. Braziliyalı baş məşqçimiz matçda azərbaycanlı oyunçulardan çox az istifadə elədi. Daha çox oynayan braziliyalılarımız isə çox da inamlı deyildilər.

Rəqibin braziliyalıları isə 3-cü qolu və sonda məlum olduğu kimi, qələbə topunu təşkil etdilər. Tales Feyto təyin olunan 6 metrlik cərimə zərbəsində qapıçımızla dueldən qalib ayrıldı - 2:3.

Bax, gəldik matçın taleyini böyük ölçüdə həll edən əsas məqama. Bəli, hakimliyə. Əvvəla, o penalti deyildi və əsas hakim olan fransalı Sedrik Pelissye nəticəyə təsir göstərən səhvə yol verdi. UEFA-nın Azərbaycana qarşı Fransa oyunbazlığı yenə başımızda çatladı. Hakimlər öz işlərini "yüksək səviyyədə" gördülər, hansı prinsiplərə qulluq etdiklərini ortaya qoydular. Konkret olaraq bizə qarşı haqsız qərarlarla zərbə vururdular. Neçə dəfə oldu ki, top rəqibin əlinə dəyir, amma heç bir reaksiya olmurdu və gürcülər topu ələ keçirərək.qapımıza hücum qururdular. Hələ hesab açılmayanda, ilk dəqiqələr gedərkən aşkar şəkildə təkbəkək çıxdığımız zamanı qırmızı vərəqəlik epizod var idi. Amma oyunçumuzu yıxdıqlarına görə fit verilmədi və etiraza görə bizim futzalçıya sarı vərəqə göstərildi. Bir sözlə, Fransadan olan hakim çox sevdiyi, Azərbaycana düşmən Ermənistanı sanki təmsil edirdi və meydana köməkçiləri ilə birgə millimizi uduzdurmaq üçün çıxmışdı.

Ümumiyyətlə, Azərbaycanın matçına Fransadan olan hakimin təyin olunması qəribəliyini vurğulamalıyıq. Burda qitə ali futbol qurumu ciddi "nöqsan"a yol vermişdi. CAS UEFA-nın ömürlük futboldan kənarlaşdırdığı Nurlan İbrahimovla bağlı hələ də qərar verə bilmir və bu rəzalət artıq göz qabağındadı ki, Avropa Futbol İttifaqı Azərbaycana qarşı qalxıb. 

Məğlubiyyət nə qədər arzuolunmaz olsa da, final mərhələsi bizim üçün hələ bitməyib. Aydın məsələdi ki, II turda nəinki qrupumuzun, turnirin aşkar favoriti olan İspaniyayla matçda qələbəyə ümid etmək real deyil. Ancaq həmin gün - yanvarın 24-də Gürcüstan - Bosniya və Hesrseqovina duelinin nəticəsi Azərbaycan üçün çox önəmli olacaq. Bu matçda bosniyalıların qələbəsinə azarkeşlik etməliyik ki, hər şey son tura qalsın və onda balkanlıları münasib fərqlə üstələyib qrup 2-cisi kimi mübarizəni davam etdirək, 1/4 final mərhələsinin iştirakçısı olaq. Gürcülərin qələbəsi isə bu matçı formallığa çevriəcək, pley-offa yolumuzu sona 1 tur qalmış kəsəcək.