Futzal üzrə Azərbaycan millisinin üzvü Qallo federasiyanın rəsmi saytına müsahibə verib.

Sport24.az xəbər verir ki, o, DÇ-2024-ün əsas seçmə mərhələsi çərçivəsində Polşa və Yunanıstana qarşı keçirilmiş oyunlarla bağlı fikirlərini bölüşüb:

- İki oyundan 6 xal toplamışıq. İşlər qaydasında gedir, deyə bilərikmi?
- Əslində, hazırlaşmaq üçün vaxtımız az oldu. Xüsusilə də fiziki planda 100 faiz hazır olduğumuzu deyə bilmərəm. Amma buna baxmayaraq, 2 oyun üçün qarşıya qoyulan məqsədə çatdıq. Hazırda 6 xal toplamışıq və qrupun liderik. Daha iki oyunumuz var və həmin görüşlərdə də üstün olmalıyıq.

- Polşa ilə oyun daha çətin keçdi. Buna bizim tam hazır olmamağımız səbəb oldu, yoxsa rəqibimiz güclənib?
- Məncə, tam hazır olmamağımız oyunu bizim üçün çətinləşdirdi. Polşa ilə matçdan 3-4 gün əvvəl toplanışa yığışdıq. Amma bu cür görüşlərə hazırlaşmaq üçün bir qədər erkən toplaşmaq lazımdır. Rəqibimiz isə sabit çıxışı ilə seçilir.

- Yunanıstanın qapısından 7 cavabsız top keçirdik. Artığını vurmaq mümkün idimi?
- Rəqibimiz düşünüldüyü qədər zəif komanda deyil. Onların da məqsədi var. Hesab oyuna görə oldu. Yaratdığımız qol epizodlarını demək olar, realizə etdik. Rəqibimizə hörmətlə yanaşmalıyıq. Belə etməsək, mütləq cəzalandırılacağıq.

- Məqsəd əsas mərhələni birinci pillədə başa vurmaqdır. Bacaracağıqmı?
- Potensialımız var, heyətimiz güclüdür. Amma hazırlığımızı da diqqətdə saxlamalıyıq. FİFA-nın oyun günlərindən maksimum istifadə etməli, toplanış keçirməliyik. Millidə fasilə uzunmüddətli olmamalıdır.

- Hazırda İndoneziya klubunda çıxış edirsən. İspaniyanı uzaq Asiya ölkəsinə dəyişməyin nə ilə bağlıdır?
- Əslində, həm “Levante”, həm də İspaniyanın digər klubu xidmətimdə maraqlı idi. Amma mən fərqli ölkədə, liqada çıxış etməyi, yeni mədəniyyətlə, adət-ənənə ilə tanış olmağı üstün tutdum. Əlbəttə, seçimimdə müqavilənin maliyyə şərtləri də vacib rol oynadı. Hazırkı klubumdan məmnunam. Ümid edirəm ki, mövsüm ərzində komandama faydalı olacam.

- Amma İspaniya liqası daha güclüdür, daha çox izlənir. Bunu nəzərə almaq olmazdımı?
- Razıyam, İspaniya çempionatı güclüdür. Ora maraq da böyükdür. Amma İndoneziya klubları da hər il legionerlələ güclənir, güclü futzalçılar dəvət edir. Bir neçə ilə bu ölkənin liqası güclülərdən olacaq.