"Bildiyiniz kimi, evdə oynamaq böyük üstünlükdür və məqsədimiz qrupda 1-ci yeri tutmaqdır. İnanıram ki, layiqli yerimizi qazanacağıq". Bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futzalçısı Namiq Məmmədkərimov deyib.

Veteran futzalçı dünya çempionatının püşkatmasını dəyərləndirib:

"Çexiya klubları ilə dəfələrlə qarşılaşmışıq, onların yaxşı bazaları və güclü komandaları var. Bundan əvvəl Zlində keçirilən yoldaşlıq oyununda məğlub olmuşduq, amma rəsmi oyunlar tamamilə fərqlidir. "Sparta2 kimi köklü klublarla da oyunlarımız olub. İnanıram ki, düzgün hazırlıqla qrupda layiqli yerimizi tutacağıq. Ev oyunlarında azarkeş dəstəyi də bizə əlavə güc verəcək. Komandanın qarşısına hədəf kimi qrup birincisi olmaq qoyulmalıdır. Qrupda birinci olmaq üçün əsas açar rəqiblərin oyun stilinə uyğun kollektivlərlə yoldaşlıq oyunları keçirməkdir. Hər şey hazırlıq prosesindən asılıdır. Baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirmək, yerli futbolçuların əzmkarlıq göstərməsi çox vacibdir. Qrupda 1-ci olmaq üçün layiqli mübarizə aparmaq lazımdır. Püşkatma isə sadəcə şans amilidir, əsas olan hazırlıq və meydandakı performansdır". 

Qeyd edək ki, dünya çempionatının ilkin seçmə mərhələsində oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ən yaxşı göstəriciyə malik 4 "ikinci" elit raunda birbaşa vəsiqə əldə edəcək. Qalan 8 qrup ikincisi pley-off oyununda iştirak edəcək və qalib gələn 4 milli elit raunda vəsiqə qazanacaq.