Azərbaycan futzal yığmasının qapıçısı Rövşən Hüseynli milliləşdirilən legionerlərlə bağlı "Facebook"dakı şəxsi səhifəsində paylaşım edib. Sport24.az xəbər verir ki, 30 yaşlı qolkiper braziliyalılarla millimizin uğur qazanması ilə bağlı fikir söyləyənlərin haqsız olduğunu açıqlayıb: "Deyirlər ki, braziliyalılar... Məncə, bu söhbət artıq bağlanmalıdır. Hər ölkədə və hər idman sahəsində milliləşdirilmiş legioner var. Futzal millisi məğlub olur: "Neynəyirik bu braziliyalıları? yenə uduzdular". Yığma ardıcıl 6-cı dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanır: "Braziliya millisidir, uduzardı, amma özümüzünkülər oynayardı", deyirlər. Oynayır, qardaş. Özümüzünkü də oynayır. Bu, tək mübarizə deyil ki, onlar nəticə qazansın, biz qıraqdan alqışlayaq. Bu komanda oyunudur və nəticəni hamı birlikdə əldə edir".

Hüseynlinin sözlərinə görə, hücum xəttində braziliyalılar çıxış edirsə, müdafiədə yerli oyunçular öz işini görür: "Bunun səbəbini bilmək üçün yaxından maraqlanmağınız və futzaldan məlumatınızın olması lazımdır. Xəbərdar olmadığınız halda kiminsə haqqına girib çəkilən əziyyəti yerə vurmaq olmaz. Qazanılan nəticəyə, oyunçuların meydanda son nəfəsinə kimi canını qoymasına kölgə salmaq olmaz. 2-3 gün komanda daxilində olsanız, məşqdə alınan zədələrdən, sağlamlığa ziyan olacağını bilə-bilə vurulan iynə ilə oyuna çıxmaqdan, səfərlər zamanı keçirilən stresslərdən, oyunlara hazırlaşan zaman beyindəki fikirlər, əsəb, stress və gərginlikdən xəbəriniz olar. 5-ci mərtəbədən aşağı baxmağ çəkinən, maşını bir az bərk sürən kimi qorxan adam "kefdəsiniz, ölkələri gəzirsiniz" deyir. Bu qədər əziyyəti yerə vurmaq, Azərbaycan adı, bayrağı altında qazanılan nəticəyə kölgə salmaq nə dərəcədə düzgündür"?

Xatırladaq ki, millimiz tarixində ardıcıl 6-cı dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.