Futzal üzrə Azərbaycan millisi dekabrda İranın paytaxtı Tehran keçiriləcək “Xəzər Kuboku”nda iştirak edə bilər. Sport24.az xəbər verir ki, bu barədə Rusiya Mini Futbol Assosiasiyasının əslən azərbaycanlı prezidenti Emil Əliyev “Match TV”yə müsahibəsində bildirib.

44 yaşlı funksioner turnirə Azərbaycan və Rusiya ilə yanaşı, İran və Qazaxıstan seçmələrinin də qatılacaqlarını söyləyib.

Əliyev Rusiya komandasının yarışda iştirakında hər hansı problemin olmayacağını vurğulayıb: “İran bizim köhnə tərəfdaşımızdır. Bu turnir artıq Həştərxanda keçirilib. İndi növbə İrandadır. Qazaxıstan və Azərbaycan da bu yarışlara ev sahibliyi etmək istəyir”.

Azərbaycan Futzal Federasiyasının Mətbuat katibi Mahal Məmmədov isə hələlik rəsmi dəvət almadıqlarını söyləyib: “2019-cu ildə Həştərxanda keçiriləndə qərara aldılar ki, turnir hər il baş tutsun və 4 komanda daimi iştirakçı olsun. Növbəti il “Xəzər Kuboku” İranda gerçəkləşməli idi. Lakin pandemiya səbəbindən 2020 və 2021-ci illərdə keçirilmədi. Böyük ehtimalla orada əldə olunan razılaşmanı 2022-ci ildə həyata keçirmək niyyətindədirlər. Amma bizə hələlik rəsmi dəvət gəlməyib. Bəlkə iyulun 6-da dünya çempionatının əsas mərhələsinin püşkatma mərasimini gözləyirlər. Ondan sonra dəvət göndərə bilərlər. Dəvət gəlsə, buna rəhbərlik qərar verəcək".