AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov Azərbaycan millisinin DÇ-2024-ün əsas seçmə mərhələsi çərçivəsində Yunanıstana qarşı keçirdiyi oyunu şərh edib.

Sport24.az xəbər verir ki, o, 7:0 hesabıyla qalib gəldikləri matçdan sonra federasiyanın rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Komanda üzvlərini, eləcə də azarkeşlərimizi təbrik edirəm. Məhsuldar qələbə oldu. Polşa ilə oyundan əvvəl komandayla görüşəndə də qarşıya 2 oyundan maksimum xal toplamağı məqsəd qoymuşdum. İlk maçımız kifayət qədər çətin keçsə də, vacib olan 3 xalı qazandıq. Bu gün isə Afinada Yunanıstan yığması ilə üz-üzə gəldik. Əlbəttə, Polşa üzərində qələbədən sonra müəyyən arxayınlaşma ola bilərdi. Buna görə də komanda üzvləri ilə söhbət aparıldı. Uşaqlar yaxşı oynadı, sona qədər mübarizə apardı, böyükhesablı qələbə qazandıq. Hazırda 6 xalla yer aldğımız qrupun lideriyik, amma heç nə həll olunmayıb. Qarşıda daha 2 oyunumuz var. Həmin görüşlərə də yaxşı hazırlaşmalı, maksimum nəticə qazanmalı və elit-raunda yüksəlməliyik”.