Futzal üzrə DÇ-2024-ün əsas seçmə mərhələsi çərçivəsində Polşanı 4:3, Yunanıstanı isə 7:0 hesabı ilə məğlub edən Azərbaycan millisi hazırda yer aldığı 6-cı qrupun lideridir.

Sport24.az xəbər verir ki, komandamız bu rəqiblərlə növbəti dəfə gələn il martın 3-də və 7-də üz-üzə gələk.

Son 2 görüşlə bağlı millinin hücumçusu Tyaqo Bolinya federasiyanın rəsmi saytına açıqlama verib:

“İki oyunda qazanılan nəticəyə görə komanda yoldaşlarımı təbrik edirəm. Çətin qarşılaşmalar oldu. Çünki cəmi 2-3 məşqdən sonra oyuna çıxdıq. Polşa millisi yaxşı hazırlıq keçmişdi. Onlar Portuqaliya, Braziliya kimi millilərlə qarşılaşmışdılar. Həmin görüşləri izləmişdim.

Yunanıstanla oyunun hesabı heç kimdə “asan görüş oldu” düşüncəsi yaratmasın. Biz matça yaxşı konsentrasiya olduq, sona qədər intizamlı oynadıq, mübarizə apardıq və vacib qollar vurduq.

Qrup mərhələsini birinci pillədə bitirmək üçün yaxşı şansımız var. Bunun üçün da tez-tez toplanışa yığışmalı, oyunlar keçirməliyik. Yoldaşlıq oyunu olması şərt deyil, amma bir yerə yığışmaq, atmosferi bölüşmək, baş məşqçinin tapşırıqları əsasında məşq etmək vacibdir. Çünki klublarda fərqli taktika ilə çıxış edirik.

Baş məşqçimiz də yaxşı işlər görür, komandanı toparlamağı bacarır. Martda bu komandalara qarşı vacib, hətta deyərdim həlledici oyunlarımız var. Xüsusilə də Polşadakı matç çətin keçəcək. Həmin oyunda heç-heçə də bizə kifayət edəcək, amma meydana bunun üçün çıxmayacağıq. Yüz faizlik nəticə ilə elit-raunda vəsiqə qazanmağımız vacibdir. Dünya çempionatının final mərhələsinə gedən yol uzundur”.