Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli Avropa çempionatının final mərhələsində bu gün Bosniya və Herseqovinaya qarşı keçirdikləri oyunu şərh edib.

Sport24.az xəbər verir ki, o, 4:2 hesabıyla qalib gəldikləri matçdan sonra federasiyanın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Çox istəkli idik. Şansımız az olsa da, bundan sona qədər istifadə etməyə çalışdıq. Əlbəttə, oyunöncəsi hisslərim fərqli idi. Çünki ilk iki oyunda özümdən asılı olmayan səbəblərdən komandama kömək edə bilməmişdim. Bu da məndə müəyyən qədər aqressiya yaratmışdı. Əvvəldə çalışdım ki, bu hisslərimi boğum.  

Oyuna gəldikdə, yaxşı başladıq. Rəqibin matçın əvvəlində 2-3 real qol şansı olsa da, hesabı açan biz olduq. Yeri gəlmişkən, keçirdiyimiz hər 3 oyunda hesab açan və fasiləyə qalib yollanan tərəf biz olmuşuq. Baş məşqçimizin də qeyd etdiyi kimi, sona qədər döyüşdük. Yekunda 4 xal toplasaq da, mərhələ adlaya bilmədik. Buna görə təəssüflənirəm. Qalib gəldiyimizə görə isə həm komanda yoldaşlarımı, həm azarkeşlərimizi, həm də mavi ekranlardan bizi izləyən xalqımızı təbrik edirəm”.