Bir vaxtlar Formula 1-də alman pilotlar hegemonluğu ilə diqqət çəksə də, hazırda tam fərqli vəziyyət hökm sürür. Sport24.az xəbər verir ki, hətta “Mersedes” kimi komandası olan ölkə Qran-pri də təşkil etmir.

Formula 1-in sabiq rəhbəri Berni Ekklstoun bunu ABŞ-la əlaqələndirir: “Amerikalılar nəyə heyrətlənirsə, avropalılar ona maraq göstərmir. Bunun əksini də deyə bilərik. Formula 1-də alman pilotlarının sayı heç də bu ölkədə yarışa olan maraqla əlaqəli deyil. Hər halda, Almaniyada axmaqlar yaşamır. Sadəcə, Formula 1 get-gedə amerikalaşır. Bu yarışda əsasən şouya üstünlük verirlər. İdman isə ikinci plana keçir. Məncə, bu il Las Veqasda keçiriləcək Qran-pri kuliminasiya nöqtəsi olacaq. Almanlara isə idman lazımdır, şou yox”.

Xatırladaq ki, Formula 1-in səhmləri ABŞ-ın “Liberty Media” şirkətinin əlinə keçdikdən sonra uzun illər “Kral avtoyarışları”na rəhbərlik edən Ekklstoun vəzifəsindən uzaqlaşdırıldı. Məhz onun gedişindən sonra təqvimdə ABŞ Qran-prilərinin sayı artdı.