Futbol üzrə İtaliya A Seriyasının 9-cu turunun “Bolonya” ilə səfər oyunu “Milan”ın hücumçusu Zlatan İbrahimoviç üçün əlamətdar olub. Sport24.az xəbər verir ki, 40 yaşlı hücumçu bu oyunda həm avtoqol, həm qol, həm də məhsuldar ötürmə müəllifi olub.

İsveçli forvard əvvəlcə 9-cu dəqiqədə hesabı açan Leaoya məhsuldar ötürmə etməklə diqqət mərkəzinə düşüb. Bununla da o, A Seriyasında “Roma”nın sabiq kapitanı Françesko Tottidən sonra qol ötürməsi edən ən yaşlı ikinci futbolçu (40 yaş, 20 gün) ünvanına sahib çıxıb. Totti isə 2004/05 mövsümündə “Torino”ya qarşı keçirdikləri oyunda məhsuldar ötürmə edəndə 40 yaş 145 günlüyündə olub.

“Bolonya” ilə qarşılaşmanın 49-cu dəqiqəsində Zlatan avtoqol müəllifi də olub. Maraqlıdır ki, İbrahimoviç zəngin karyerası ərzində ilk dəfə öz qapısına qol vurub. Təcrübəli hücumçu karyerası ərzində 957 matç keçirib, 565 qol vurub. “Bolonya” ilə oyundan sonra isə onun hesabında avtoqol da var.

“Milan”ın 4:2 hesablı qələbəsiylə bitən bu qarşılaşmanın sonlarında İbrahimoviç rəqib qapısına da yol tapıb. O, 90-cı dəqiqədə fərqlənib. Bununla isveçli futbolçu A Seriyasında qol vurmağı bacaran ən yaşlı dörd futbolçudan birinə çevrilib. Daha əvvəl bunu Pyetro Verhovod (40 yaş, 47 gün), Silvio Piola (40 yaş, 131 gün) və Alessandro Kostakurta (41 yaş, 25 gün) bacarıb.