"Yurqorden"in baş məşqçisi Tomas Laqerlöf növbəti dəfə Musa Qurbanlıya az şans verməsi barədə açıqlama verib. Sport24.az xəbər verir ki, bu haqda 52 yaşlı mütəxəssis fotbolldirekt.se saytına danışıb. Bugünlərdə eyni portala müsahibəsində Musa U-21 komandasına göndərilməsi haqda ona heç bir izahat verilmədiyini bildirib: "Əlbəttə, bu, onların qərarıdır. Bu barədə danışsalar, yaxşı olardı. Amma heç nə demirlərsə, bu, normaldır".

 

   

 

Baş məşqçi isə Azərbaycan millisinin hücumçusunun fikirləri ilə razılaşmır. O isveçli həmkarımıza açıqlamasında "O, oynamamağı ilə əlaqədar izah alıb" söyləyib.  

 

Jurnalistin "Bu izahatı kütləvi informasiya vasitələrindən gizli saxlamaq istəyirsiniz?" sualına Laqerlöf belə cavab verib: "Mətbuat konfransında da söylədiyim kimi, bu, rəqabətlə bağlı məsələdir. Oyun üçün heyətə yalnız 20 futbolçu cəlb edə bilərik".

 

Növbəti sual isə belə olub: "Musa U-21 komandasında keçirdiyi rəsmi matçlarda 2 qol vurub. Bu fakt onun əsas komandaya qayıtmasına kömək edə bilər?" Baş məşqçinin suala reaksiyası belə olub:

 

"Əlbəttə, hər məşq, hər oyun - bu əsas komandada ola bilər, U-21-də də - özünü göstərmək üçün bir şansdır. Siz yaxşı çıxış edirsizsə, bu, sizi uğura yaxınlaşdırır. Biz Musaya da demişdik: istəyirik ki, heyətdə bütün oyunçular oynasın. Amma bu halda kimsə heyətdən kənarda qalmalıdı və belədə rəqabət yaranır"

 

Saytın əməkdaşı onu da qeyd edib ki, Musa bu yay "Yurqorden"i tərk edə bilər. Bunun üçün klub 9-10 milyon İsveç kronu (təqribən 850 min avro) tələb edir. Bu, isə "Yurqorden"in onun üçün "Qarabağ"a ödədiyi məbləğdən (6 milyon) 3-4 milyon kron çoxdur.