ABŞ-ın Afrika ölkəsində Ebola epidemiyası yayılması səbəbindən ölkəyə girişdən əvvəl 21 günlük karantin barədə xəbərdarlıq etməsinə baxmayaraq, Konqo DR millisi dünya çempionatına hazırlıqlarını dəyişdirmək niyyətində deyil. Sport24.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Mənbənin sözlərinə görə, milli komandanın nümayəndəsi təlim proqramının dəyişməz qaldığını bildirib. Konqo yığması 2 yoldaşlıq oyunu da keçirməyi planlaşdırır. Afrika təmsilçisi iyunun 3-də Belçikanın Lyej şəhərində Danimarka ilə, 9-da isə İspaniyanın Kadis şəhərində Çili ilə üz-üzə gələcək.
Proqrama edilən yeganə dəyişiklik, komandanın 52 ildən sonra ilk dünya çempionatından əvvəl yolasalınma mərasimi üçün Konqo Demokratik Respublikasına (Kinşasa) üç günlük səfərinin ləğv edilməsidir. Qeyd etmək lazımdır ki, bu səfər ABŞ xəbərdarlığından əvvəl də ləğv edilmişdi.
Millinin düşərgəsindən vurğulayıblar ki, Ebola epidemiyası zamanı heyətdəki oyunçulardan heç biri Konqo Demokratik Respublikasında olmayıb. Bütün heyət, o cümlədən baş məşqçi Sebastyan Desabres ölkə xaricində, əsasən Avropada olub.